İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı terrorçuların sonu BU TARİXDƏ ÇATACAQ - SENSASİON DETALLAR

4137 11.07.2023 12:07 Siyasət A A

Beynəlxalq Ədalət Məhkəməsinin Laçın postu ilə bağlı qərarı ən çox “Şeytan yuvası”na siqnaldır; Azərbaycan ərazisində başqa dövlətin qanunları və pulu işləyə, hərbçiləri meydan sulaya bilməz və bilməyəcək...

Son günlərin ən çox müzakirə edən mövzulardan biri Qarabağda antiterror əməliyyatının qaçılmazlığı ilə bağlıdır. Təbiidir. Çünki Rusiya “sülhməramlıları”na arxayın olan separatçı-kriminal ünsürlər axır vaxtlar tez-tez dövlətimizə meydan oxuyur, ərazimizdə hansısa “cəbhə xətti” çəkməyə, hərbi-mühəndis işləri görməyə permanent cəhdlər edirlər.

Amma Azərbaycan Ordusu iyunun 27-də 5 terrorçunu cəhənnəmə vasil eləməklə separatçı tör-töküntülərə və onların ərazidəki müvəqqəti havadarına əyani şəkildə göstərdi ki, yeri gələndə o, heç nəyə baxmadan, zərgər dəqiqliyi ilə cəza əməliyyatını həyata keçirə bilər və keçirəcək. Başqa sözlə, Azərbaycan dövləti ilə “kəllə-kəlləyə” qoymaq istəyənləri heç kim əlimizdən ala bilməyəcək. Onların zərrəcə şansı yoxdur.

*****

Əslində separatçıların bir azca ağlı olsaydı, anlayardılar ki, Bakı bir güllə atmadan da oyuncaq rejimin axırına çıxa bilər. Sadəcə, bir azca səbir və təmkin göstərməyimiz gərəkir. Söhbət təkcə ondan getmir ki, qanunsuz silahlı dəstələr, “Şeytan yuvası” onsuz da üzük qaşı kimi mühasirədədir və heç bir müqavimət, qurtuluş şansları yoxdur.

Məsələ həm də ondadır ki, Qarabağda separatçılar qarışıq, bir ovuc erməninin adi həyati təminatı da (logistika, su, qaz, işıq, internet və s.) 44 günlük müharibədən sonra bütünlüklə Azərbaycandan asılı duruma düşüb. Eynən konflikt başlamazdan öncə - 80-ci illərin əvvəlindəki kimi.

Bu reallığı bir neçə gün qabaq onlara bir daha, əyani xatırlatdıq: Ermənistandan Qarabağa gələn qaz xəttinin ventilini müvəqqəti açmaqla. Yəni “nəfəslik” bizim əlimizdə. Diqqətçəkicidir ki, Qarabağa Ermənistandan gələn qazın nəqli 8 iyulda bərpa edilsə də, 9 iyul günorta saatlarında dayandırıldığı haqda məlumatlar separatçıları çaşbaş salıb. Onlar nə baş verdiyini - qazın verilişinin niyə bərpa edildiyi və niyə dayandırıldığını anlamadıqlarını deyirlər.

Bu barədə danışan politoloq Asif Nərimanlının fikrincə, mümkündür ki, rəsmi Bakı bu addımla erməni əhalisinə reinteqrasiyanın üstünlüklərini, onların təchizatının önündəki maneənin əslində separatçılar olduğunu nümayiş etdirir. “Ola da bilsin, sülhməramlılara ”bir günlük qaz təchizatı" lazım olub. Səbəblər bəlli deyil, lakin məlumatlar “bir günlük qazın” Xankəndidə ciddi müzakirələrə və xaosa səbəb olduğu yönündədir", - deyə o vurğulayıb...

*****

Türkiyə Ermənistanla sərhəddə antiterror əməliyyatı KEÇİRİR

Rusiya hərbi kontingentinin isə bölgəni tərk eləməsinə, 2025-ə bir şey qalmayıb. Ona qədər xaricdən Qarabağa uzanan qanunsuz qaz, su, elektrik, internet xətləri, digər qeyri-legitim kommunikasiyaların hamısı ləğv ediləcək. Azərbaycanın digər regionları kimi, Qarabağın yerdə qalan hissəsi də Azərbaycan qanunları ilə yaşamalı, təchiz-təminatı Azərbaycan vasitəsi ilə həyata keçməlidir.

Bunu beynəlxalq hüququn təməl prinsipləri, normaları diktə edir. Necə ki, iyulun 7-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın Laçın nəzarət-buraxılış məntəqəsinin ləğvi tələbini rədd elədi. Yəni postun legitim olduğunu təsdiqlədi. Eləcə də günün birində suveren ərazimizdən keçən qaz-su-işıq-internetin Azərbaycandan verilməsi ilə bağlı İrəvanın analoji şikayəti rədd olunacaq.

Bu mənada  BƏM-in qərarı Ermənistanla yanaşı, oyuncaq rejimə də özünü ağıllı aparıb Bakının şərtlərini qəbul eləməkdən ötrü mühüm siqnaldır.

“Ermənistandan Qarabağa qaz nəqli qanunsuzdur. Azərbaycan torpaqlarının işğalının ilk illərində ərazimizə qanunsuz boru xətti çəkilib və həmin boru xətti ilə İrəvan Rusiyadan aldığı qazı Qarabağa nəql edir”.

Bunu isə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra həmin boru xəttinin bir hissəsi nəzarətimizə keçib: “Humanizm prinsipləri nəzərə alınaraq, qazın nəqlinə mane olunmayıb. Ancaq bu, müvəqqəti xarakter daşımalıdır, çünki Azərbaycanla Ermənistan arasında bununla bağlı heç bir saziş olmadığı halda qonşu ölkədən Qarabağa qanunsuz qaz nəqli məsələsinin həllinə ehtiyac var”.

Politoloq xatırladıb ki, Azərbaycan qaz ölkəsidir və uzaq ölkələri mavi yanacaqla təchiz edir. “Biz Qarabağın tamamını qazla təmin etmək iqtidarındayıq. Ancaq bunun üçün Qarabağ erməniləri 1. Azərbaycan qanunları ilə yaşamalı; 2. digər vətəndaşlarımız kimi istifadə etdikləri qaza görə pul ödəməlidirlər. Qarabağ erməniləri bu iki şərtimizi qəbul etməyərək, Azərbaycan qazından imtina edərlərsə, Ermənistandan Azərbaycana qaz nəqli dayandırılmalıdır”, - deyə o qeyd edib.

*****

Yeni antiterror əməliyyatı belə olacaq: Cəmi 3 saat... - DETALLAR

Enində-sonunda belə də olacaq. Çünki Azərbaycan ərazisində başqa dövlətin qanunları, pulu işləyə, yad ölkənin hərbçiləri meydan sulaya bilməz və bilməyəcək! Azərbaycan banan ölkəsi deyil. Buna sonsuzadək dözməyəcək.

Bunların hamısının sonu gələcək - arada güc tətbiq eləməklə, arada humanizm və səbir göstərməklə. Həm də o səbəbə ki, Bakı “Böyük Qayıdış” proqramı çərçivəsində öz dədə-baba yurdlarına geri qaytardığı və qaytaracağı keçmiş köçkünlərin, əhalimizin təkrar erməni terrorçular üçün nişangaha çevrilməsinə bir daha imkan verməyəcək. Bu istisnadır. Demək, strateji hədəflərimizdən biri və birincisi sonuncuların ondan öncə axırına çıxmaqdır. Və çıxılacaq!        

Ən əsası, bu labüd və qanuni prosesin qarşısını heç kim, heç bir xarici qüvvə, özəlliklə Rusiya və Fransa ala bilməyəcək. Çünki Azərbaycan yalnız öz ərazisində qayda-qanun yaradır, başqa ölkənin torpağında işi yox...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR