İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ qazısi haqsızlıqdan gileylənir: “İntihar həddinə çatmışam...”

617 04.04.2024 10:38 Ölkə A A

Tanınmış hüquqşünas qazinin tələbini qanuni sayır, nazirlik isə...

Qarabağ qazisi Firidov Fikrət Talış oğlu “Yeni Müsavat”a müraciət edib. Öncə qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda 1-ci Qarabağ müharibəsində iştirak edən qazi 1993-cü il yanvarın 1-dən bölük komandiri vəzifəsinə təyin olunub. Həmin il yanvarın 14-də döyüşlər zamanı ağır yaralanıb, 2-ci qrup əlildir. 

Müraciəti isə şikayəti ilə bağlıdır: “Mənim 2004-cü ildən 2015-ci il tarixə qədər, yəni 1 il bölük komandiri pensiyam verilməmişdi. Buna görə məhkəməyə müraciət etməli oldum. Məhkəmə çəkişmələrinin sonunda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2023-cü il tarixli qərarına əsasən əmək pensiyam həmin dövr üzrə yenidən hesablanaraq keçmiş müddət üçün ümumilikdə 16 692.18 manat müəyyən edildi”. 

Lakin qazinin sözlərinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin məbləği onun hesabına hissə-hissə, 9 il ərzində, yəni ayda 150 manat olmaqla ödəyəcəyini bildirib: “Halbuki məhkəmə qərarında məbləğin hissə-hissə, aylara bölünərək ödənilməsi haqda heç bir ifadə yoxdur. 1993-cü ildə 1-ci Qarabağ müharibəsində iştirak edərkən döyüşlərdə ağır güllə yaraları almışam. Buna görə sağlamlığımda ciddi problemlər yaranıb. Həkimlər təcili surətdə müalicə almalı olduğumu bildirir. Nazirliyə dəfələrlə müraciət edib bildirmişəm ki, bu vəsait mənim müalicəm üçün çox vacib lazımdır. Onlar isə ödənişi 9 il ərzində, ayda 150 manat olmaqla ödəmək istəyir. Mənə verilən cavabda bildirilir ki, "əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 16692,18 manat fərq məbləği cari ilin mart ayından etibarən qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür". Son müraciətlərimə isə nazirlik, ümumiyyətlə, əhəmiyyət vermir, ünvanladığım teleqramlara cavab verilmir. Az qala intihar həddinə çatmışam. Sağlamlığım, həyatım təhlükə altındadır. Bir daha qeyd edirəm ki, haqqım olan pensiyam mənə təcili müalicə üçün lazımdır. Aidiyyəti qurumlardan xahiş edirəm, mənə qarşı edilən haqsızlığın aradan qaldırılmasına köməklik göstərsinlər".

Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini öyrəndik. Qurumdan sorğumuza bu cür cavab bildirildi: “Firidov Fikrət Talış oğlunun hesablanmış ötən dövr pensiya məbləği qanunvericiliyə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünəcək, 2024-cü il martın 1-dən aylıq 150,38 manat olmaqla 2033-cü il mayın 31-dək pensiya məbləğinin üzərinə əlavə olunaraq, kart hesabına köçürüləcək. Bununla bağlı vətəndaşın 2024-cü il martın 4-də daxil olmuş müraciəti 2024-cü il aprelin 1-də cavablandırılıb. Həmçinin Fikrət Firidovla əlaqə yaradılaraq, ona bu barədə məlumat verilib”.

Hüquqşünas Əkrəm Həsənov isə qəzetimizə açıqlamasında dedi ki, məhkəmənin qərarında vətəndaşa ödəniləcək məbləğin hissə-hissə ödənilməsi ilə bağlı müddəa yoxdursa, qurum həmin məbləği vətəndaşa birdəfəlik ödəməlidir: “Əgər məhkəmənin qərarında məbləğin hissə-hissə ödənilməsi ilə bağlı ifadə yoxdursa və buna baxmayaraq nazirlik məbləği illərə bölərək, hissə-hissə ödəməyə çalışarsa, bu zaman məhkəmə quruma bununla bağlı tapşırıq verməlidir. Həmçinin məhkəmə qərarını doğru icra etmədiyinə görə qurum cərimələnə bilər. Sözün doğrusu mən bu məsələyə təəccüblənirəm. Çünki adətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmələrin qərarını icra edir. Bu baxımdan məhkəmə qərarına diqqətlə baxmaq lazımdır, bəlkə orada hansısa ifadə imkan verir ki, nazirlik vətəndaşa məbləği hissə-hissə ödəsin”.

Məsələni diqqətdə saxlayacağıq.  

Xalidə GƏRAY,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR