İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ qazilərinə mənzil tikintisi üçün ayrılan pulu mənimsəyənə hökm oxundu

507 03.03.2023 14:01 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı ildə keçirdiyi tenderin qalibi olan, Qarabağ döyüşlərində əlil olmuş şəxslərə mənzillərin tikintisi üçün ayrılan vəsaitləri mənimsəməkdə ittiham edilən “TUA TT” MMC-nin faktiki rəhbəri 37 yaşlı Tural Alışanlının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Musavat.com-un xəbərinə görə, Tural Alışanlı məhkəmənin hökmünə əsasən, 5 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Tural Alışanlının 12 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Ötən məhkəmə iclasında Tural Alışanlının vəkili Fuad Ağayev müdafiə çıxışı edərək müvəkkilin təqsirsiz olduğunu, 3 ildən artıqdır ki, qanunsuz həbsdə saxlanıldığını bildirmişdi. Vəkilin sözlərinə görə, Tural Alışanlının həbsinin əsl səbəbi müqavilə üzrə adıçəkilən nazirlikdən şirkətin hesabına köçürülməli olan pulu tələb etməsi olub. Vəkil qeyd edib ki, müvəkkilinin rəhbərlik etdiyi “TUA TT” MMC və “Ağrıdağ təmir tikinti” MMC tender müsabiqələrinin qalibi olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə işlər üzrə satınalma müqavilələri bağlayaraq fərdi yaşayış evləri tikib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında 31 fərdi yaşayış evlərinin tikintisi öhdəliyi olub. Bu evlərin 25 ədədi 2016-2018-ci illərdə istismara verilib, 4 ədədinin son tamamlanma işləri qalıb, 2 ədədinin də bünövrəsi tökülüb. İttihama istinad edilən müqaviləyə əsasən, 7 ev tamamlanıb.

Nazirliyin keçmiş rəhbəri, 2021-ci ildə həbs olunan Səlim Müslümovun (hazırda ev dustaqlığındadır - red.) dövründən nazirliyin rəsmən iki şirkətə icrası başa çatmış müqavilələrə görə 157 min manat məbləğində borcu qaldığından vəsaitin bir hissəsi cənub zonasında inşası yarımçıq qalmış binaların başa çatdırılması üçün “TUA TT” MMC-yə lazım olub: “Tural Alışanlı həmin vəsaiti tələb edib. Bu haqlı tələbin nəticəsi isə göz qabağındadır”.

Fuad Ağayevin çıxışından belə məlum olub ki, sözügedən nazirliyin müqavilə üzrə T.Alışanlıya borcu olub. Bununla bağlı T.ural ışanlı nazirlikdə olub, vəsaitin köçürülməsi üçün müvafiq göstəriş verməsini xahiş edib. Ondan işlərin bitirilməsini tələb ediblər. F.Ağayev müvəkkilinin əməlində cinayət tərkibi olmadığını, onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

İstintaqla müəyyən edilib ki, Tural Alışanlı qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci ildə “TUA TT” MMC yaradıb. Öz qulluq mövqeyindən istifadə edərək dövlət vəsaitini talama məqsədi ilə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında şəhid ailələri və müharibə əlilləri üçün ümumilikdə 13 ədəd 3 otaqlı fərdi evlərin tikintisi ilə bağlı tenderdə iştirak edib.

Tenderdə həmin evləri 893 min manata tikməklə bağlı təklifi ilə qalib elan edilib, Nazirliklə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli müqavilə üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi öhdəliyi götürüb. Lakin ona ödənilən 893 min manat dövlət büdcəsi vəsaitinin az bir hissəsini fərdi evlərin tikilməsinə xərcləyib.
İstintaq zamanı müəyyən edilib ki, Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin təmir tikinti işlərinin başa çatdırılması üçün 515 min manat məbləğində vəsait tələb olunur.

İstintaqla müəyyən edilib ki, Tural Alışanlı qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-cidə “TUA TT” MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini talama məqsədi ilə ƏƏSMN tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.

Aparılmış istintaqla həmçinin, T.Alışanlı ƏƏSMN ilə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsi ilə həmin cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürüb şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək nazirliyə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. T.Alışanlı barəsində 27 noyabr 2019-cu ildə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində ƏƏSMN tanınıb. Bu qurumun təmsilçisi məhkəmədə 515 min manatlıq mülki iddia qaldırıb. Təqsirləndirilən Tural Alışanlı isə ittihamlarla razılaşmır, günahsız olduğunu deyir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR