İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ erməniləri ilə danışıqlar: Bakıya çağırmalı, yoxsa Xankəndə getməli?

2379 09.10.2022 17:36 Gündəm A A

Paşinyan bu danışıqların alınmasında səmimidirsə, öncə Azərbaycandakı ermənilərlə Ermənistanın bütün rəsmi və qeyri-rəsmi iqtisadi bağlılıqlarını kəsdiklərini elan etməlidir

Praqa danışıqlarından saatlar sonra Xankəndi ermənilərinin Rusiya prezidentinin 70 illik yubileyi münasibəti ilə hazırladıqları hoqqa erməni teleqram kanallarında yayılıb. Baxanlar bilir: acından ölən ermənilər üçün dronla aparılan çəkiliş və Putinin əksi olan geniş poster  kifayət qədər bahalı xərc tələb edir. Şübhə yoxdur ki, bu, Xankəndə yerləşmiş,  “dövlət naziri” vəzifəsinə təyinatını gözləyən milyarder Ruben Vardanyanın ağlının və cibinin məhsuludur. Rusiyadan "qaçıb" Qarabağa yerləşmiş Vardanyan indi ermənilərin əsas sponsordur. Pul kimdədirsə, musiqini də o sifarış edir...

Paşinyanın Ermənistan üçün Moskvadan kənar yeni dayaqlar axtarışına çıxdığı vaxtda Qarabağdakı köçəri ermənilərin Putinə yarınmaq üçün bu cür səhnə təşkil etməsi maraqlıdır. "Biz Rusiya ilə bir yerdəyik" yazılmış böyük kətanda Putinin ətrafında əks olunanlar hamısı ermənilərin Qarabağdakı qondarma simvollarıdır. Hətta Şuşadakı erməniləşdirilmiş alban kilsəsini də orada əks etdiriblər. Bu göstəri də, “Biz Rusiya ilə bir yerdəyik” şüarı da əlbəttə ki, açıq separatizmdir, Azərbaycanın ərazi bütövlüyünə qəsdir. Bu həm də o ərəfədə baş verir ki, Bakı ilə Xankəndinin birbaşa danışıqlar aparacağı ilə bağlı xəbərlər gündəmə gəlib. 

 

Qarabağ müharibələrində birbaşa iştirakçı olmayan, ilk dəfə Xankəndə 2012-ci ildə gələn Vardanyanın qəfil Qarabağa yerləşməsi qərarı, burada özünü dərhal ermənilərin hamisi kimi aparması səbəbsiz deyildi. Bakının isə hələ də onun Xandkəndə yerləşməsinə heç bir reaksiya bildirməməsi də maraqlıdır. Vardanyan hazırda Xankəndidə Bakı ilə masaya otura biləcək ən mümkün erməni təmsilçisidir. Araik kimi başkəsənlərlə danışıqlar mümkünsüzdür. Onu ya Azərbaycana təslim etməlidirlər, ya da Qarabağdan rədd olmalıdır. Məsələn, gedib otursun İrəvanda, Paşinyana çay daşıyısın...  

Bəs, ermənilərlə hansı danışıqlardan söhbət gedə bilər? Şəxsən mənim belə bir təsəvvürüm hələ ki, yoxdur. Çünki ermənilər hələ də köhnə havadadırlar, qarşılıqlı addım atmaq niyyətləri görünmür. Prezident Əliyev Praqda dedi ki, Qarabağdakı ermənilər bizim vətəndaşlardır və onlarla təmasların nə vaxt olacağını Bakı özü müəyyənləşdirə bilər. "Biz qərar veririk onlarla necə, nə zaman əlaqə quracağıq, bu, bizim daxili işimizdir” deyə, prezident vurğulayıb. Dövlət başçısının dedikləri də bu danışıqlarla bağlı hələ ki, xeyli suallar olduğunu təsdiqləyir. 

Əvvəla, ermənilər bizim torpaqlarda məskunlaşsalar da, de-yure Azərbaycanın  ümumvətəndaşlıq pasportlarını daşımırlar, bundan 30 ildir boyun qaçırırlar- ya öz xəyali “dövlət”in heç bir kömrük sərhəddinin tanımadığı qondarma “pasportu”, ya da Ermənistan vətəndaşlığını daşıyırlar. Bu danışıqlar masasının qurulması üçün ən vacib məsələdir. Biz nə Ermənistan, nə qondarma “artsax”ın deyil, Azərbaycan pasportunu daşıyan erməni vətəndaşı ilə danışıqlara oturmalıyıq. Bu Bakının dəyişməz şərtidir, dövlət başçısı da “bizim vətəndaşlardır” ifadəsini ona görə tez-tez işlədir ki, erməni dəstəkçisi olan dövlətlərdə bu yöndə heç bir illüziya olmasın... 

Qarabağ erməniləri başından etmək istəyən Paşinyan bu danışıqların alınmasında səmimidirsə, ilk növbədə bütün qanunsuz silahlı dəstələri çıxarmalıdır. Azərbaycandakı ermənilərlə Ermənistanın bütün rəsmi və qeyri-rəsmi iqtisadi bağlılıqlarını kəsdiklərini elan etməlidir. Bu, Qarabağ ermənilərinə Ermənistanın dövlət büdscəsindən pul ayırmaqdan imtina etməklə başlamalıdır, bütün qeyri-qanuni iqtisadi-siyasi strukturlar Xankəndi ilə qarşılıqlı olaraq ləğv edilməlidir. Ermənistanla iqtisadi əlaqələr sonra qurula bilər, amma bu əlaqələrin dairəsi istinasız Azərbaycanın nəzarəti və razılığı altında mümkündür.    

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev də yerli mediaya müsahibəsində bildirib ki, Azərbaycan Qarabağın müstəqilliyi və sair bu kimi radikal ideyaları davam etdirən ermənilərlə masaya oturmayacağı birmənalıdır: "Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının əleyhinə çıxan bu tip radikal şəxslər sonda ya Azərbaycan ərazisini tərk etməli olacaqlar, ya da müəyyən hüquqi proseslər çərçivəsində onların taleyi həbslə yekunlaşacaq".

Şəfiyev deyib ki, Azərbaycan Konstitusiyasında etnik azlıqların hüquqlarının tam siyahısı verilib. “Məsələn, dillərini inkişaf etdirmək hüququ. Təbii ki, milli kimliyin, mədəniyyətin inkişafı üçün bir çox digər imkanlar da nəzərdə tutulur. Teatrların, məktəblərin yaradılması və s. Təbii ki, bu məsələ gündəmdədir, lakin biz buna Azərbaycan Respublikasının daxili işi kimi baxacağıq. Bu dialoq isə əlbəttə ki, lazımdır" deyə, bildirib. O, Avropa təcrübəsini də yada salıb:"Məsələn, macar azlığının kompakt yaşadığı Slovakiya. Onların ərazi muxtariyyəti yoxdur və bu heç bir etiraza səbəb olmur. Orada və bir sıra Avropa ölkələrində milli azlıqların heç bir ərazi statusu yoxdur ".

Belə anlaşılır ki, Bakının danışıqlarda müəyyən təklifləri artıq hazırdır və Xankəndə ən yaxşı halda “milli-mədəni muxtariyyət” verilə bilər. 

Bizi illərlə dədə-baba torpağımızdan didərgin salan, qanımızı tökən, evlərimizi yandıran, tarixi abidələrimizi dağıdan ermənilərə əlbəttə ki, bu da çoxdur. Amma ermənilərin daha şərtləri diktə etdiyi dövrdə geridə qaldı. İndi masanı quran da, orada kimin olmasını müəyyən edən də Azərbaycandır. Əslində, Qarabağ ermənilərini danışıqlar baş tutarsa, onları Bakıya çağırmaq daha məntiqlidir, Xankəndə sonra da getmək olar...

Nazim SABİROĞLU
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR