İnsanlara hürriyət, millətlərə istiqlal!

QALMAQAL: Avropada oğurlanan nadir kitablar Rusiyada üzə çıxdı

900 08.01.2026 22:39 Dünya A A

Avropada oğurlanan XIX əsrə aid nadir kitabların bir hissəsinin Rusiyada satışa çıxarıldığı üzə çıxıb.

Musavat.com xəbər verir ki, Polşa prokurorluğu Moskvada fəaliyyət göstərən auksion evinin sahibi, Rusiya Mədəniyyət Nazirliyinin keçmiş eksperti Sergey Burmistrova qarşı ittiham irəli sürməyə hazırlaşır.

İstintaqın versiyasına görə, Burmistrov Varşava Universitetinin kitabxanasından oğurlanan qiymətli nəşrlərin satışında vasitəçi rolunu oynayıb.

Məlumata görə, oğurluqları Gürcüstan vətəndaşı Mixail Z. təşkil edib. O, aylarla kitabxanaya tədqiqatçı kimi daxil olub, orijinal nəşrləri kobud surətlərlə əvəz edərək gizlicə çıxarıb. Uzun müddət bu saxtakarlıq diqqətdən yayınmayıb.

Nəticədə ümumi dəyəri təxminən 1 milyon dollar olan 78 nadir kitab yoxa çıxıb. Oğurlananlar arasında Puşkin, Qoqol, Lermontov və Krılovun ilk nəşrləri də yer alır.

İstintaq materiallarına əsasən, kitablar əvvəlcə Minsk üzərindən çıxarılıb, icraçılarla hesablaşmalar isə kriptovalyuta ilə aparılıb. Sonradan məlum olub ki, eyni sxem üzrə Almaniya, Fransa, Avstriya və Baltik ölkələrində də fəaliyyət göstərən gürcü vətəndaşlarından ibarət mütəşəkkil qrup olub.

Ümumilikdə Avropa kitabxanalarından 170-ə yaxın nadir nəşr oğurlanıb.

Varşavadan oğurlanan kitabların bir hissəsi Moskva və Sankt-Peterburqda keçirilən auksionlarda üzə çıxıb. Polşa tərəfinin hesablamasına görə, auksion evi bu satışlardan təxminən 1 milyon zlotı gəlir əldə edib.

İstintaq hesab edir ki, Rusiya hakimiyyətinin qeyri-rəsmi razılığı olmadan bu cür ticarət mümkün olmazdı. Lakin hələlik bunu təsdiqləyən birbaşa sübut yoxdur. Potensial sifarişçilər arasında varlı rus kolleksiyaçılarının adı çəkilir.

Oğurlanan kitablar artıq beynəlxalq itirilmiş mədəni sərvətlər reyestrlərinə daxil edilib. Bununla belə, ekspertlər yaxın vaxtlarda bu nadir nəşrlərin Avropaya qaytarılmasının real olmadığını bildirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR