İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaldı Gürcüstan... – Güney Qafqazda “rus izi” silinir?

464 10.06.2026 12:07 Region A A

Rusiyanın Cənubi Qafqazda təsirləri azalır. Ermənistanda keçirilən parlament seçkilərində Moskvanın dəstəklədiyi siyasi qüvvələrin məğlub olması ilə bu, bir daha özünü açıq şəkildə göstərdi.

Azərbaycanda da Rusiyanın hərbi-siyasi təsirlərinin aradan qalxdığı göz önündədir. Bundan sonra Cənubi Qafqazın üç ölkəsindən yalnız Gürcüstan qalır ki, oradakı İvanişvili hökuməti Moskvaya nisbətən yaxındır...

Təhlilçilərin fikrincə, Ermənistanda Qərbpərəst hakimiyyətin seçkilərdə qələbəsi Gürcüstanda da müxalifəti ruhlandıra bilər. İrəvandan fərqli olaraq, Tiflisdə müxalifət Rusiyanın yox, Qərbin dəstəyini almaqdadır. Xüsusən də vətəndaş cəmiyyəti Avropa ilə sıx əlaqəlidir. O halda, Ermənistanda Rusiyanın məğlubiyyəti Gürcüstanda da stimul yarada bilərmi? Avropa İttifaqının Gürcüstanda seçkilər yolu ilə iqtidarı dəyişmək potensialı varmı?

“Co Bayden Azərbaycanla iqtisadi əməkdaşlıq arzusundadır” - Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a dedi ki, Cənubi Qafqazda geosiyasi mənzərə sürətlə dəyişir: “Rusiyanın yüz illər boyu əsaslandığı və çirkli siyasi oyunlarla öz təsirində saxladığı bu region artıq demək olar ki, onun təsirindən tam olaraq çıxmaq ərəfəsindədir.

Yüz illər boyunca, günümüzə qədər regionda xalqlar arasında qarşıdurmalar yaradaraq burada özünün hegemonluğunu qoruyub saxlayan Rusiya imperiyası indi son dayağı olan Gürcüstanı da itirmək ərəfəsindədir. Azərbaycan 44+1 günlük vətən müharibəsi ilə Rusiyanın Qarabağ torpaqlarımızda yaratdığı separatizm yuvasını darmadağın edərək, öz suverenliyini və ərazi bütövlüyünü, həmçinin, Rusiyanın “sülhməramlı” adı altında torpaqlarımıza soxduğu cinayətkar hərbi birləşmənin rədd olub getməsini təmin etdi”.

Sabiq nazirin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkəni hərbi-siyasi müttəfiqə çevirib: “Bu müttəfiqlik iki qardaş ölkə arasında qarşılıqlı hərbi yardım öhdəliyi nəzərdə tutur. Türkiyə NATO-nun ikinci gücü, regionda böyük söz sahibidir. Deməli, Azərbaycanın Türkiyə ilə hərbi müstəvidə müttəfiqliyi onun dolayısı ilə NATO üzvlüyünü təsdiq edən bir reallıqdır.

Ermənistan isə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra zaman-zaman, addım-addım düşünülmüş şəkildə Rusiyanın caynağından xilas olmaqdadır. Rusiya Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən bütün gücü ilə onu devirib yerinə öz manqurtlarını gətirməyə çalışır və bu yolda ən çirkin oyunları oynamaqdan belə çəkinmir. Lakin hər dəfə Rusiyanın bu gedişləri fiaskoya uğrayır və bu oyunlardan sonra hər dəfə Paşinyanın erməni cəmiyyətində mövqeyi bir qədər də möhkəmlənir.

Ermənistanda keçirilən son parlament seçkilərində də belə oldu. Rusiyanın seçki öncəsi oynadığı bütün çirkin oyunlar Paşinyanın partiyasının mövqeyini bir qədər də möhkəmləndirdi. Rusiya bu oyunu da uduzdu. İndi onun Ermənistandan tam olaraq rədd olub getməsi prosesinə start veriləcək”.

Ekspertin fikrincə, Moskvanın Cənubi Qafqazda yeganə dayağı Gürcüstan hesab edilsə də, artıq gürcülərin də Rusiyadan üz çevirməyə hazır olduğunu görməmək mümkün deyil: “Gürcüstanda keçirilmiş son parlament seçkilərində və parlamentdə rusiyayönlü bir sənədin qəbulu ərəfəsində biz gürcü xalqının nə istədiyini aydın görə bildik. Bir sözlə, Gürcüstandakı bu durum Rusiyaya yaxşı heç nə vəd etmir. 2028-ci ilin parlament seçkilərinə qədər indiki hakimiyyət öz seçimini etməlidir. O ya üzünü Qərbə tutmalı, ya da çıxıb getməlidir. Ermənistanda demokratik qüvvələrin parlaq qələbəsindən sonra Gürcüstanda Rusiya yönlü hakimiyyətin qalması mümkün deyil. Gürcü xalqı bu dəfə demokratik və Qərbə bağlı qüvvələrin hakimiyyətə gəlməsi üçün ayaqda olacaq”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR