İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qafqaz canişini” qovluğunda Bakıya nə gətirir?

1508 15.03.2024 11:48 Siyasət A A

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono yenidən regiona səfər edib; Vaşinqton Bakı-İrəvan, İrəvan-Ankara arasında normallaşma proseslərinə təkan verməyə çalışır - Azərbaycan və Böyük Britaniya liderləri də önəmli sülh anonsu verdilər - Rusiyasız saziş olacaqmı?

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono yenidən İrəvana gəlib. Ermənistan Xarici İşlər Nazirliyi xəbər yayıb ki, Bono ölkənin baş Ararat Mirzoyanla görüşüb. Görüşdə Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə olunub. Bononun həftə ərzində Bakıya da gələcəyi dəqiqləşib. ABŞ rəsmiləri son aylar ardıcıl olaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olduğunu bildirib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda mümkün görüşü haqda məsələ hələ ötən ilin sonundan gündəmdədir. 

Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn bildirib ki, dövlət katibi Entoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini Vaşinqtona dəvət etmişdi. 

Onu da qeyd edək ki, Lui Bono Qafqaz danışıqları üzrə baş müşavirdir və səlahiyyətlərinə təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aparılması deyil, bütövlükdə Qafqazda baş verən proseslərlə bağlı məsləhətləşmələr aparmaq daxildir. Qafqaz və ətraf bölgələrdə isə kifayət qədər ciddi proseslər baş verir. Bu arada məlum olub ki, Türkiyə və ABŞ “Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinə nail olmaq” üçün Bakı və İrəvan arasında sülh sazişi üzərində birgə işləməyə söz veriblər. Bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci görüşü ilə bağlı bəyanatda deyilir. Rəsmi məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə 7-8 mart tarixlərində ABŞ-da keçirilən Strateji Mexanizm Görüşü ilə bağlı birgə bəyanat verilib. Bu ABŞ-ın, Qafqazda proseslərdə daha fəal şəkildə iştirak edəcəyi barədə müəyyənləşdirdiyi strategiyanın tərkib hissəsi kimi də dəyərləndirilə bilər. 

Yeri gəlmişkən, Bono İrəvanda Ermənistan parlament sədrinin müavini, Türkiyə ilə danışıqlar aparan nümayəndə heyətinin başçısı Ruben Rubinyanla da görüşüb. Görüşdə Türkiyə-Ermənistan normallaşma prosesinin gedişi müzakirə olunub. Tərəflər Cənubi Qafqazda təhlükəsizliyə dair məsələlərə də toxunublar. Bir sözlə, Vaşinqton aktivlik nümayiş etdirir, Bakı-İrəvan, İrəvan-Ankara arasında normallaşma proseslərinə təkan verməyə çalışır. Bu, həm də Rusiyanın moderatorluq imkanlarını əlindən tamamilə almağa hesablanıb. Faktiki olaraq, Rusiyanın vasitəçiliyi yoxdur, ya Berlində həm liderlər, həm XİN başçıları səviyyəsində görüşlər keçirilir, ya da ikitərəfli qaydada müzakirələr aparılır. Paşinyan administrasiyası isə birmənalı şəkildə Rusiyanın iştirak etdiyi platformadan yayınır.

Böyük Britaniyanın baş naziri Rişi Sunak da XI Bakı Qlobal Forumunun rəsmi açılış mərasiminə ünvanladığı müraciətdə qeyd edib ki, hazırda Azərbaycanın Ermənistanla on illiklərlə davam edən münaqişəyə son qoyması üçün tarixi fürsət var. Hindəsilli baş nazir vurğulayıb ki, noyabrda COP29-a qədər sülhün nail olunduğu Cənubi Qafqaz görmək daha önəmli hadisə olardı. Prezident İlham Əliyev isə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib ki, indi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Göründüyü kimi, Rusiyasız bir sülh danışıqları prosesi getməkdədir. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu da təsdiq edir ki, noyabra qədər Azərbaycanla Ermənistan arasında sülhə nail olunması yalnız Rişi Sunakın istəyi deyil. Onun sözlərinə görə, bu haqda Azərbaycanda da danışılır və qeyd edilir ki, noyabrda Bakıda keçiriləcək beynəlxalq iqlim dəyişikliyi toplantısına qədər Ermənistanla sülh sazişinin imzalanması hamı üçün faydalı olar: “Belə olarsa, Bakıdakı toplantıya Ermənistan rəhbərliyi də qatıla bilər. Ancaq bunun reallaşması üçün ilk növbədə kəndlər məsələsi həll olunmalı və Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdiyi kimi, konstitusiyanı yeniləməli və orada ərazi iddialarını əks etdirən bəndləri çıxarmalıdır”. Analitikin fikrincə, noyabra qədər Azərbaycanla sülh və ya çərçivə sazişi imzalaması Ermənistan üçün yaxşı fürsətə çevrilə bilər: “Birincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Ermənistan Azərbaycanla saziş imzalayarsa, İrəvanın uzaq ölkələrdən Rusiyaya alternativ təhlükəsizlik təminatı axtarmasına ehtiyacı qalmayacaq. İkincisi, Ermənistan Azərbaycanın müəllifi olduğu regional layihələrə qoşulmaq imkanı qazanacaq”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova isə Bonun səfərini təhlil edərək Qərbin regionda getdikcə daha da fəallaşdığı qənaətindədir. Ekspertin sözlərinə görə, Rusiyanın Ukrayna müharibəsində strateji olaraq küncə sıxışdırılması fonunda ABŞ-a elə gəlir ki, Cənubi Qafqazda sülh müqaviləsini imzalatmaq fürsətidir: “Lakin ABŞ, Britaniya Moskvanın kontur addımlarını hesablamalıdır. Rusiyasız sülh sazişinin bağlanması real görünmür, ikitərəfli qaydada gedən danışıqlar isə sülh mətninin tam razılaşdırılmasına gətirib çıxarmayıb. Ermənistan hələ də cığallıq edir, Paşinyan 4 kənd mövzusunda həyasızlığından qalmır... Üstəlik, Rusiya-Ermənistan münasibətləri rəvan deyil, belə situasiyada Kreml İrəvanı sıxma-boğma etməyə başlayacaq ki, bu da sülh danışıqlarına əngəl ola bilər. Yəni Qərb sanki tələsir və hələ Rusiyanın siyasi ölümü baş verməyib”. Bununla belə, təhlilçi güman edir ki, L.Bono İrəvana və Bakıya qovluqla gəlib, tərəflərə sülh sazişi ilə bağlı təkliflər irəli sürür: “Bu danışıqlarda Vaşinqtonun yanaşması ifadə olunur. ABŞ sülh müqaviləsinin imzalanması üçün heç bir problem görmür. Hətta Putin "Valday" klubunda bəyan etmişdi ki, sülh sənədinin Vaşinqton versiyası var və həmin mətn bütün Qarabağın Azərbaycana verilməsini nəzərdə tutur. Hazırda bütün Qarabağda suverenlik təmin olunub deyə sülh sazişi ilə bağlı bəzi məsələlər həllini tapmalıdır. Daha sonra sərhədlərin dəqiqləşməsi prosesi sürətlənə bilər. Bono bundan əvvəl də regiona səfər edib və ABŞ təşəbbüsü ələ almaq istəyir".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR