İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qafqaz canişini”nin Qarabağ separatçısı ilə MÜBHƏM GÖRÜŞÜ

3469 07.09.2023 11:10 Siyasət A A

“Kommersant” yazır ki, Rusiyanın xüsusi nümayəndəsi İrəvan və Bakı səfərləri arasında Xankəndidəki rejimin qondarma naziri Qazaryanla da danışıqlar aparıb; iki siyasətçidən fərqli baxış

Sentyabrın 5-də Prezident İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüşdə regionda vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə müzakirələr aparılıb.

Dövlət başçısı Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət olunmasına baxmayaraq, onların bundan imtina etdiklərini diqqətə çatdırıb. İ.Xovayev Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Prezident Xovayevlə görüşdü: Ağdam-Xankəndi yolunun açılması...

“Kommersant” qəzeti isə Xovayevin səfəri ilə bağlı məqalə dərc edib. Qeyd olunur ki, İrəvan səfərindən sonra diplomatın Bakıya işgüzar səfəri başlayıb: “İqor Xovayev Qarabağ ətrafındakı vəziyyəti və ermənilərin məskunlaşdığı bölgəni Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın yolunun bağlanması səbəbindən başlayan humanitar böhranın həllinin mümkün variantlarını müzakirə etmək niyyətindədir. "Kommersant" iddia edir ki, Xovayev Ermənistanda olanda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla, eləcə də o vaxt xarici işlər naziri vəzifəsini icra edən Paruyr Hovhannisyanla danışıqlar aparıb. Bundan əlavə, “Kommersant”ın məlumatına görə, rusiyalı diplomat qondarma “dqr”in “xarici işlər naziri” Sergey Qazaryanla da görüşüb. Qəzet yazır ki, Ağdamda bir həftədir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardım karvanı dayanıb.

“Bakı təkid edir ki, humanitar böhran süni yaradılıb və erməni əhaliyə lazım olan hər şeyi Ağdam vasitəsilə sərbəst şəkildə idxal etmək olar”, - deyə məqalədə bildirilir. Qəzetə rəy bildirən ekspertlər o fikirdədir ki, İqor Xovayevin missiyası, “humanitar böhranı” həll etmək cəhdidir. “İndi əsas məsələ humanitar böhranı aradan qaldırmaqdır. Rusiya erməni tərəfini Lavrovun sxemini (Rusiyanın xarici işlər naziri Sergey Lavrov - "Kommersant") qəbul etməyə inandırmağa çalışır ki, ona görə Ağdam marşrutu açılır və Laçın bir günə işə başlayır", - mənbə bildirir. Politoloq Sergey Markedonov qeyd edir ki, 2022-ci ilə qədər Qərb Qarabağda Rusiya ilə əməkdaşlıq etmək üçün hər cür təkliflərə açıq idi, indi isə məqsədi Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaqdır. Təbii ki, bu strateji mübarizə getdikcə qızışır. Paşinyanın Rusiya əleyhinə açıqlamaları, Ermənistan rəsmilərinin ritorikası deməyə əsas verir ki, Qərb Cənubi Qafqazda təsirlərini artırmaq, Moskvanı regiondan çıxarmaq hədəfini qoyub. Amma “Kommersant”ın yaydığı məlumatda vacib detal Xovayevin qondarma nazirlə görüşməsidir. İki ölkə üzrə xüsusi nümayəndə nə üçün tanınmamış qurumun üzvü ilə danışıqlar aparıb? Rusiya tərəfi Xovayevi regiona göndərməklə tərəfləri uzlaşdırmağa, yoxsa gərginliyi artırmağa hədəfləyir? Ola bilər ki, Xovayev Qazaryanla görüşdə Xankəndini Bakı ilə dialoqdan başqa çarələri qalmadığını izah etməyə çalışıb?

Akif Nağı: “Partiya quruculuğu üçün vacib addım oldu” | Eurasia Diary

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a qeyd etdi ki, yayılan bu məlumat yoxlanılmalıdır: “Adətən belə fakt olanda erməni mətbuatı onu dərhal geniş təbliğ edir. Yəni görüşün piarını aparırlar ki, Rusiya rəsmisi qondarma rejimlə müzakirələr aparıb. Amma belə məlumat erməni mediasında hələ ki yoxdur. Əgər "Kommersant"ın yazdığı həqiqətdirsə, heç bir halda doğru addım deyil. Ümumiyyətlə, Qarabağdakı proseslərdə Ermənistana və Rusiyaya yaxın qruplar mövcuddur. Əsasən planlar Moskvada cızılır və oradakı rejim idarə olunur. Ona görə Rusiyadan izah tələb etməliyik ki, Xovayev nə məqsədlə Qazaryanla görüşüb. Yəni hansı tapşırıqlar, təlimatlar verilib, aydınlaşdırılmalıdır".

Partiya sədri vurğuladı ki, Araik də vaxtaşırı Moskvaya gedib-gəlirdi, göstərişlər alırdı, indi isə separatçılar üçün yollar bağlanıb: “Onlar necə, harada görüşüblər, bu da maraqlıdır. Ola bilsin ki, Xovayev İrəvanda onunla danışıqlar aparıb. Hər halda, belə bir fakt olubsa da, gizli şəkildə həyata keçirilib. Xoş niyyətlə olsaydı, açıq formada bunu nümayiş etdirərdilər. Əgər Xovayevin onları başa salmaq niyyəti olsaydı, bunu gizlətməyib yayardılar. Digər tərəfdən isə "Kommersant" Rusiya hakimiyyətinə bağlı media resursudur və bu informasiyanı elə-belə yaymaz".

Arzuxan Əlizadə: Ermənilər anlamalıdırlar ki, istənilən təxribatın qarşısı  şanlı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə əlavə etdi ki, erməni mənbələri həm də Xovayevi olmayan Minsk Qrupunun həmsədri kimi təqdim ediblər: “Xovayev təbii ki, Rusiyanın Cənubi Qafqazda canişinidir və Moskvanın bölgədəki maraqları da göz qabağındadır. Əlbəttə, rəsmi şəxsin separatçı biri ilə görüşməsi Azərbaycanın suverenliyinə hörmətsizlikdir. Üstəlik, Moskva bəyannaməsində də nəzərdə tutulub ki, Rusiya və Azərbaycan separatizmə qarşı birgə mübarizə aparmalıdırlar. Ancaq reallıq fərqlidir. Ruslar separatçılarla onsuz da görüşürlər, sülhməramlı kontingentin komandanları da onlarla danışıqlar aparır, Araik də Rusiyaya səfərlər edirdi. Bu da növbəti görüş ola bilər. Onların hansı məsələni müzakirə etdiyini söyləmək çətindir”,_ deyə partiya sədri vurğuladı.

A.Əlizadənin fikrincə, son həftələrdə Rusiya-Ermənistan münasibətləri kritik həddə çatıb, xüsusən də Paşinyanın italyan mediasına verdiyi müsahibəsində ittihamlarına Zaxarova və Peskov səviyyəsində sərt cavab verilib, hətta erməni baş nazir aşağılanıb: “Zaxarova Paşinyanı "küçədən keçən" biri adlandırdı. Eyni zamanda dedi ki, Ermənistan məsuliyyətini anlamalı və başqasının üstünə atmamalıdır. O nöqteyi-nəzərdən Xovayev Qazaryanla görüşdə bu reallığı ona da izah etmiş ola bilər. Yəni deyə bilər ki, bu vəziyyətdən çıxmaq üçün Bakının təklifləri ilə hesablaşmaq lazımdır. Həmçinin Rusiya Vardanyan vasitəsilə də bölgədəki proseslərə nəzarətini davam etdirir. Belə desək, Kreml çoxvektorlu oynayır və gərginlik tempini saxlamaqla regionda mövcudluğunu uzatmağa çalışır".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR