İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “Valday” yalanı: ABŞ-ın sülh sazişi variantı yox imiş

791 11.03.2023 09:15 Siyasət A A

Amerikalı diplomatdan etiraf - Qafqaz üzrə “canişin” bildirib ki, Azərbaycanla Ermənistan sülh müqaviləsinin mətnini özləri hazırlamalıdır - Rəylər

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri (ermənilər onu həm də “Minsk Qrupunun həmsədri” kimi təqdim edirlər) Lui Bononun Bakı və İrəvana səfəri başa çatdı. “Yeni Müsavat” bildirir ki, 18 fevralda Münxendə dövlət katibi Entoni Blinkenlə birgə Əliyev-Paşinyan görüşündə iştirak etmiş Bono bu səfərində bəzi maraqlı açıqlamalarla yadda qaldı.

Məsələn, ABŞ rəsmisi bildirdi ki, Azərbaycanla Ermənistan sülh müqaviləsinin mətnini və şərtlərini özləri hazırlamalıdırlar. Onun sözlərinə görə, rəsmi İrəvan və Bakı arasında sülhün yeganə yolu dialoqdur: “Biz uzunmüddətli və balanslı olacaq sülhün bərqərar olması üçün tərəflərlə, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə yaxından işləməkdən başqa yol görmürük. Bizim etməyə çalışdığımız şey sülhə gedən yolu asanlaşdırmaqdır”.

Lui Bononun Bakıya ikinci səfərinin məqsədi məlum olub

L.Bono bildirib ki, hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür. Xeyli müddət idi ki, media ABŞ-ın hansısa sülh müqaviləsi variantı hazırladığı haqda yazırdı. Amma Bononun sözlərindən indi aydın olur ki, ABŞ-ın hər hansı sülh variantı yoxdur, olmayacaq. Vaşinqton bunda niyə maraqlı deyil? Yoxsa rəsmi Bakının təklif elədiyi 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasını yetərli sayır?

Sirr deyil ki, Birləşmiş Ştatlar sülh müqaviləsinə həm də Rusiyanın bölgədən çıxmasının mühüm vasitəsi kimi baxır. Elə isə ABŞ vaxtı uzatmağa çalışan Nikol Paşinyan hökumətinə təzyiq edəcəkmi?

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda latviyalı həmkarı Egils Levitslə görüşdən sonra mətbuata bəyanatında bildirib ki, Ermənistanın sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcəyinə ümid edir. Dövlət başçısı həmçinin deyib: “Biz az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda isə Prezident bildirib: “İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. 5 məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər. Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”.

Rəsmi Bakının gözləntisi nə dərəcədə doğrulacaq? İrəvanın sülh müqaviləsini ləngitmək üçün maksimum nə qədər vaxtı qalıb, 2023 sülh müqaviləsi ili olacaqmı?

Xatırladaq ki, Azərbaycan lideri bu ili Ermənistan üçün son şans adlandırıb. Onu da demək lazımdır ki, Rusiya lideri Vladimir Putin “Valday”da çıxışı zamanı sülh müqaviləsinin Vaşinqton variantı olduğunu söyləmişdi. Kreml başçısı iddia edirdi ki, həmin sənəd bütün Qarabağın Azərbaycana verilməsini nəzərdə tutur, əgər ermənilər buna razıdırsa, Moskva etiraz etmir.

Sözsüz ki, Putinin mesajı ikibaşlı və şantaj xarakterli idi. Elə bu fikirləri deyər-deməz dələduz Vardanyanın təşəbbüsü ilə Xankəndidə mitinq təşkil edildi, ermənilər Rusiyaya birləşmək istədiklərini bəyan etdilər. İndisə bəlli olur ki, Kreml rəhbəri yalan deyirmiş, Bononun sözlərinə inansaq, ortada Vaşinqton sənədi yoxdur. Var Moskva variantı, statusu gələcək nəsillərə saxlamaq, bir də Bakının 5 bəndlik baza prinsipləri...

Görünür ki, Kreml lideri Azərbaycanın sülh mətnini ABŞ variantı adlandırırmış. Çünki orada Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təmin edilməsi barədə bəndə ABŞ və Avropa İttifaqı narazılıq bildirmir.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya Vaşinqton variantı deyərkən nəinki ağ yalan danışır, hətta bölgədəki proseslərlə bağlı həmişə dezinformasiyalardan istifadəyə üstünlük verir. “Ən qəribəsi odur ki, Rusiyanın Azərbaycanda yerləşən ”5-ci kolonu"nun bəzi nümayəndələri Moskvanın uydurmalarını tutuquşu kimi təkrarlamağı sevirlər. Amerikalı diplomatın sözləri isə Moskvanın yaydığı təxribatlara cavabdır. Üstəlik, belə nəticə çıxarmağa imkan verir ki, Qərb dövlətləri, başda ABŞ olmaqla Ermənistanla Azərbaycan arasında möhkəm, dayanıqlı sülh sazişinin imzalanmasında daha səmimi, daha çox maraqlıdırlar", - deyə Q.Hüseynli şərh etdi.

Qabil Hüseynli: “Bu faciə kortəbii baş verməyib. Bütün deyilənlər  uydurmadır” | KONKRET

Qabil Hüseynli

Professorun sözlərinə görə, Rusiya hesab edir ki, Qarabağ bölgədə onun qalması üçün açar rolunu oynayan yerdir: “Bundan əl çəkmək Rusiyanın strateji maraqlarına ciddi xələl gətirə bilər. Beləliklə, aydın görünür ki, Rusiyanın destruktiv rolu nəinki regionda sülh yaratmağa, habelə Azərbaycanın Qarabağın ermənilər yaşayan hissəsində nəzərdə tutulan reinteqrasiya istiqamətində addımlarına da ciddi əngəldir”.

Siyasi ekspert Ramiyə Məmmədova Vaşinqtonun Brüssel masasını dəstəklədiyini düşünür: “ABŞ hesab edir ki, Avropa İttifaqı vasitəçi olaraq tərəflərə sülh müqaviləsi imzalada bilsə, Amerika bunu alqışlayacaq. Bono deyir ki, biz vasitəçi deyilik, Avropa Birliyini önə vermişik, tərəflər Brüssel platformasında sülh mətnini razılaşdırsınlar, ABŞ-ın etirazı olmayacaq. Bu da yeni üfüqlər açır ki, İrəvan və Bakı Qərb masasında danışıqları sürətləndirsinlər. İndi biz Ermənistandan cavab gözləyirik. Amma Moskva onun iştirakı olmadan sülh müqaviləsi bağlanmasının əleyhinədir. Rusiya hər vəchlə çalışacaq ki, prosesi pozsun və Brüsselin vasitəçiliyi ilə sənəd imzalanmasın. Bizə vasitəçinin kimliyi fərq etmir, əgər Rusiya səmimidirsə, bu prosesi inkişaf etdirsin. Axı Rusiya da üçtərəfli bəyanatın icrasını ləngidir, üç ilə yaxındır nə sərhədlər dəqiqləşir, nə sülh istiqamətində irəliləyişə nail olur. Sonuncu Soçi görüşü və oradakı bəyanatlar da dişsiz, ümumi sözlərdən ibarət idi. Ona görə Rusiya yarımçıq həll tərəfdarıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR