İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin 1 ili qalıb: ya hakimiyyəti, ya da ömrü qırılacaq - kəşfiyyatçıdan ŞOK!

1276 16.08.2023 13:41 Siyasət A A

 

Rusiya Prezidenti Vladimir Putin 12-13 avqust tarixlərində özünü pis hiss edib. Bu barədə rəsmi olmasa da, hökumətə yaxın “General SVR” Teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, Putin heç bir iclas keçirməyib, ancaq dərman və hesabatlar qəbul edib: “İstirahət günləri Putin özünü pis hiss edib. Prezidentin şəxsi görüşləri yalnız həkimlər və ən yaxın adamları ilə məhdudlaşıb”.

Britaniya Xarici Kəşfiyyat Xidmətinin (MI 6) “Rusiya şöbəsi”nin keçmiş rəhbəri Kristofer Stil isə Putinin, ümumiyyətlə, yaxın 1-2 il ərzində hakimiyyətdən gedəcəyini iddia edir. O, Qərbi belə bir ssenariyə hazır olmağa çağırıb və deyib ki, Putinin Kremldə hakimiyyətdən getməsi bir neçə ssenari nəticəsində həyata keçirilə bilər ki, bunlardan biri də onun fiziki olaraq aradan götürülməsidir.

ABŞ-ın “Sky News” telekanalına müsahibəsində o qeyd edib ki, Priqojinin üsyanı Putinin yaxın çevrəsində ciddi parçalanmanın olduğunu üzə çıxarıb. Onun sözlərinə görə, Putinin səhhətində ciddi problemlər olması barədə etibarlı mənbələrdən məlumat var. Xəstəliyin dəqiq səbəbi müəmmalı olaraq qalır, lakin Rusiya rəhbərinin qəfil ölümünün mümkünlüyü istisna olunmur.

Stil həmçinin Putinin ya onun yaxın çevrəsindən olan insanlar, ya da Rusiyadan kənar elementlər tərəfindən fiziki olaraq sıradan çıxarıla biləcəyini, bundan sonra FSB (FTX) direktoru Aleksandr Bortnikovun ölkədə hakimiyyətə iddialılardan birinə çevrilə biləcəyini mümkün sayır. O, Ukraynaya müdaxilənin Putinin dünyadakı nüfuzunu sarsıdan ciddi səhv olduğunu söyləyib. Onun fikrincə, Ukraynada müharibənin bitməsini sürətləndirə biləcək ən çox ehtimal olunan ssenari hərbi əməliyyatlardan məsafə saxlayan və hazırkı Kreml rejiminin bir üzvünün xeyrinə Putinə sui-qəsd ola bilər. Həmin şəxs Qərblə danışıqlara hazır olacaq. Keçmiş kəşfiyyatçı hadisələrin “dinc” inkişafı üçün alternativ variant qismində Putinə inamını itirmiş və Ukraynada müharibəni tam qələbəyə qədər davam etdirməyə çalışan təhlükəsizlik xidmətlərindəki millətçilərin hakimiyyəti ələ keçirməsini görür.

O, Putinin könüllü istefa verə biləcəyini də istisna etmir: “Bu addımın həlledici mərhələsi Rusiyada 2024-cü ilin martına təyin edilmiş prezident seçkiləridir”. Başqa mümkün ssenariləri sadalayan Kristofer Stil Putinin hərbi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılmasını da mümkün sayır. Onun qənaətincə, ən az ehtimal olunan ssenari isə Putinin ya “Waqner” sahibi Yevgeni Priqojin kimi millətçi bir fiqur, ya da Rusiya müxalifətinin lideri Aleksey Navalnının tərəfdarının rəhbərlik etdiyi kortəbii xalq üsyanı ilə devrilə bilməsidir.

Bu versiyalardan hansı biri ən çox ehtimal olunandır? Daha bir sual: Putinsiz Rusiya öz mövcudluğunu saxlaya biləcəkmi?

Politoloq: “İstanbul görüşü Suriya məsələsinə baxışı bir nöqtəyə yönəltmir”  - 30.10.2018, Sputnik Azərbaycan

Elxan Şahinoğlu: “Putin Yeltsinin taleyini yaşaya bilər”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, kim olursa-olsun, Putindən sonra hakimiyyətə gələcək şəxs Ukrayna ilə savaşı davam etdirməyəcək: “Putinin xəstələnməsi və vəziyyətinin ağır olması xəbəri doğrudursa, bu təsdiqini taparsa, dünyadakı və bölgədəki proseslərə təsir etmək gücünə malik olacaq. Çünki Putin xəstələnərsə, bu və ya digər şəkildə vəzifəsindən gedərsə, Ukrayna müharibəsi böyük ehtimalla dayanacaq. Ona görə ki, Putinin yerinə gələcək istənilən lider bu müharibəni davam etdirməkdə maraqlı olmayacaq. Çünki bu müharibə Rusiyada böyük itkilərə səbəb olub. 200 mindən çox insan itirib, iqtisadiyyatı zərər görüb, inflyasiya dəhşətli miqyas alıb. Təsəvvür edin ki, bir dollar artıq yüz rubla gəlib çatıb.

Bu, Putinin şəxsi müharibəsi idi. Amma yeri gələrsə, bu onun şəxsi müharibəsi olmayacaq. Yeni gələn şəxs hansısa formada müharibəni dayandırmaq üçün danışıqlara getmək marağını ortaya qoyacaq. Putinin xəstəliyi təsdiqlənərsə, Rusiya daxilində hakimiyyət uğrunda mübarizə başlayacaq. Çünki ölkə rəhbərliyinə namizədlərin sayı çox olacaq. Bu baxımdan, Putinin xəstəliyi olsa belə, onu bir müddət gizlətməyə çalışacaq. Amma vəziyyəti ağırlaşarsa, o, varis seçimi etmək qarşısında qalacaq. Vaxtilə Yeltsin də hakimiyyəti Putinə belə təhvil vermişdi. 1996-cı ildə Yeltsin ürək əməliyyatı keçirdi və sağlamlığı yenə də düzəlmədiyi üçün müvəqqəti hakimiyyəti baş nazir Putinə ötürdü. İndi də Putin Yeltsinin taleyini yaşaya bilər. Kimi seçəcək, onu indidən söyləmək çətindir. O, elə birini seçməyə çalışacaq ki, yolunu davam etdirsin. Amma onun yolu da Rusiyada təlatümlər və xaos gətirir. Seçdiyi adam da inanmıram ki, Ukrayna ilə müharibəni davam etdirməkdə maraqlı olsun". 

Pentaqon generalları İrəvanda: intensivləşən səfərlərin pərdəarxasında  Azərbaycan “izi” - 2 rəy

Şəhla Cəlilzadə: “Qərb Putinə qarşı sui-qəsd arzulayır”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Qərbin Putinə qarşı sui-qəsd arzuladığı qənaətindədir: “Putin hakimiyyətdən getsə də, getməsə də, Rusiya Federasiyasının imperialist siyasətinin dəyişəcəyini düşünmək sadəlövhlük olar. Təbii ki, söhbət qərbyönümlü çevrilişdən getmir ki, bu da mümkünsüzdür. SSRİ dağılandan sonra Rusiya prezidenti olan Yeltsin nə qədər Qərbyönümlü olsa da, Qərbin Rusiyaya heç zaman öz kampında yer verməyəcəyini anladığı üçün özündən sonra hakimiyyətə Putini gətirdi. Putin 2000-2008-ci illərdə (2 dəfə 4 illik müddətinə) prezident olduqdan sonra bu postuna təkrar geri qayıtmaq üçün 2008-2012-ci illərin keçid dövründə imperiyanın idarəsini öz adamına - Medvedyevə təhvil verib sonra geri aldı. 2012-ci ildə Rusiyada qanuna edilən dəyişikliyə əsasən prezident 2 dəfə 6 illik müddətə seçilə bilərdi, yəni 2024-cü ilədək. Bu ssenaridə 2024-cü ildə yenə "hakimiyyət paslaşması" yaşana bilərdi ki, Putin növbəti 12 illik müddətdə heç kəsə pas atmağı düşünmür. Odur ki, 2020-ci ildə Rusiya Konstitusiyasına dəyişikliklər edildi. Dəyişikliyə görə, düzəlişdən öncəki prezidentlik dövrü sıfırlanır və beləliklə, Putinin 2036-cı ilədək hakimiyyətdə qala biləcəyi açıq şəkildə elan olunur.

Böyük ehtimal Putin 2024-cü il seçkilərini təkrar qazanacaq. Prezidentin mətbuat katibi Dmitri Peskov “The New York Times” nəşrinə müsahibəsində Putinin 90%-dən çox səslə təkrar seçiləcəyini bildirib. “Bizim prezident seçkilərimiz tam olaraq demokratiya deyil, bahalı bürokratiyadır” deyən Kreml sözçüsü Rusiyanın siyasi idarəetmə modelini aydın şəkildə, yalansız izah edib. O ki qaldı Qərbin xarici kəşfiyyatının təxminlərinə, bunlar təxmin yox, əməkdaşlığa dəvətdir və Putindən narazı kəsimləri Putinə qarşı sui-qəsdə açıq şəkildə çağırışdır. Çünki Putinin hakimiyyətdə olduğu müddətcə Rusiya-Ukrayna savaşında Qərbin tam və yekdil qələbəsi çətin və uzaq perspektivdə görünür. Nə Qərb, nə də Rusiyanın siyasi elitası dünyanın yeni nizamını formalaşdıran savaşdan məğlub ayrılmaq istəmir. Savaş dövründə isə ali baş komandan dəyişdirilmir. Odur ki, Qərb Putinlə istədiyi formatda danışıqların əldə olunacağından ümidlərini üzdüyü üçün artıq ona qarşı sui-qəsdin təşkilini arzu edir".

Akif Nağı — Vikipediya

Akif Nağı: “Putinsiz Rusiya Qərbin əlavəsinə çevriləcək bir dövlət olacaq”

Azad Vətən Partiyasının sədri Akif Nağı Putindən sonrakı Rusiyanı belə təsəvvür edir: “Putinin hakimiyyətdən getməsi müzakirə olunan məsələlərdəndir. Onun xəstəliyi, çox "dvoyniki"nin üzdə olması ilə bağlı xeyli məlumatlar yayılır. Digər məlumatlara görə, yaxın ətrafı onu istefaya göndərməyə çalışır. Onun zorla devriləcəyi ilə bağlı da fikirlər səsləndirilir. Bu variantlardan xəstəlik məsələsi daha real görünür. Həm yaşı müəyyən həddə çatıb, həm də qabaqlar etdiyi kimi fiziki gücünü son vaxtlar nümayiş etdirmir.

Digər tərəfdən, o, iddialı, ambisiyalı, hakimiyyətpərəst adamdır, özbaşına görəvdən getməz. Xarici mərkəzlər də onun getməsini istəyir və bu istiqamətdə çalışırlar. Onlar da istəklərinə çatmasalar, əl çəkən deyillər. Putinsiz Rusiya böyük ehtimalla Qərbin əlavəsinə çevriləcək bir dövlət olacaq. Dövlətdən müəyyən qopmalar da mümkündür, yeni dövlətlər də yarana bilər. Amma Qərb kiçik dövlətlərin yaranmasında maraqlı deyil. Ona görə də Rusiyanın bütövlüyünü qoruyub saxlamağa çalışacaq. Digər ssenari isə Priqojin tipli bir hərbçinin hakimiyyətə gəlməsi, “vintcik”ləri möhkəmləndirib, Şimali Koreya kimi dövlət yaratmaq variantı da ola bilər. Amma Rusiyanın maddi, maliyyə, hətta hərbi potensialının tükənməsi baxımından bu variant real deyil. Ümumiyyətlə, Putindən sonrakı Rusiya kifayət qədər insansifətli dövlət olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR