İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı “müştərək dövlətə” çevirməmişik ki?..

547 21.07.2026 10:16 Yazarlar A A

Sevilən jurnalist olmaq üçün gərək ya kortəbii şəkildə hakimiyyəti, yaxud da müxalifəti müdafiə edəsən. Bir az geniş müstəviyə çıxanda görürsən ki, bunu təkcə bizim hakimiyyətimiz və müxalifətimiz tələb etmir, digərləri də jurnalistlərdən daim bunu umurlar: bircə fərqlə ki, bir az ehtiyatla edirlər...

Nəyi deyirəm? Ötən günlərdə təsadüfən bir Avropa Şurası funksionerinin müsahibəsilə tanış oldum, bir az geçikmiş olsa da. Diqqət çəkən nədir?

Adam deyir ki, Laçın dəhlizi haqqında həqiqətən belə düşünürmüş, amma bircə dəfə olsun belə nəinki keçmiş Dağlıq Qarabağda, heç Ermənistanda da olmayıb! Öz tərəfimdən də qeyd edim ki, məncə bir xarici jurnalistin harada olmasının önəmi yoxdur, əsas odur ki, oradan vicdanlı, həqiqi bir material hazırlasın.

Təəssüflər ki, çox vaxt məhz bu meyar pozulur. Amma Avropa konteksində bu vaxta qədər müşahidə etdiklərim başqa nəticəyə sövq edir məni. Onların Azərbaycanla bağlı dediklərində həqiqi məqamlar həqiqətən çoxdur - əlbəttə ki, söhbət keçmiş Dağlıq Qarabağdan yox, başqa məqamlardan gedir.

Bu günlərdə “düşmən səsləri” (sovet vaxtının ifadəsidir, o vaxt əcnəbi kanalları belə adlandırırdılar!) bir keçmiş məmurumuzun əmlaklarını, mülklərini sadalayırdılar. Əlbəttə, nə istintaq orqanıyıq, nə də məhkəmə və hər deyiləni də həqiqət kimi qəbul etmirik. Amma hakimiyyət dairələri də hərlənib – fırlanıb axırda bütün bunları təsdiq edirlər və ağıllarına belə gəlmir ki, belə faktlara görə vaxtında məhrumiyyətlər yaşayan, təzyiqə mətuz qalan jurnalistlərdən heç olmasa, üzr istəsinlər; yox, bizdə belə şey yoxdur.

Qərəz, belə başa düşdüm ki, həmin məmur az qala, şəhərin bütöv bir rayonunu alıbmış. Ay başınıza dönüm, axı bir orta səviyyəli məmurun əlindən nə qədər oğurluq sərvət gəlib keçərmiş?! Yenə deyirəm ki, bəlkə də şişirtmə var, ya da kollektiv suç bir məmurun adına yazılır, prinsipcə, belə şeylər bizdə nəinki adi, həm də çox düşündürücü haldlr...

Ona görə də biz avropalıları başa düşmədiyimiz kimi, onlar da bizi başa düşmür. Razılaşaq ki, biz yalnız formal baxımdan müxtəlif dillərdə danışmırıq, həqiqətən də biri-birimizin dilini bilmirik və mənim ətimdən “kabab çəksəniz” də deyəcəm: cəmi Avropa Şurasında Azərbaycan kimi ölkə yoxdur. Düzdür, bizim kimi böyük tənqidə məruz qalan dövlətlər var, amma bunlar daha çox başqa səbəblərə görə qınanırlar.

Məsələn, hətta Rusiyada hər halda, bizdəki kimi dəhşətli korrupsiya yoxdur, seçki bülletenlərini sayarkən çox “çaşmırlar”, ölkə əsasən başqa səbəblərdən qınanır: daha çox yaxın–uzaq ölkələrə qarşı siyasətinə görə onu tənqid edirlər.

Əlbəttə, daxildə azadlıqlar pozulur, özü də çox böyük miqyaslarda. Təkcə bu il məhbəslərdə ölən siyasi məhbusların sayı ona çatıb. Bunu ki, ruslar özləri deyir və yazırlar! Elə adamları sözün lap birbaşa mənasında “agent” adlandırırlar ki, onlardakı vicdan cənab Putində olsaydı Rusiya və ruslar dünyanın ən xoşbəxti olardılar.

Amma yoxdur. Əvəzində nələr var? Ağa qəddar ola bilər, onu–bunu asıb-kəsər, amma, heç olmasa, qalanlara qarşı mərhəmətli və səxavətli olmalıdır. Rusiyada var bu: bir çox sosial parametrlərə görə hər halda, bizdən çox qabaqdadırlar.

Dərd də ondadır ki, bizdə bu, da yoxdur, qarşılığındasa milyardlar fırladan məmulrlar var, özü də belə kiçik ölkədə, hansının ki, büdcəsi, səhv etmirəmsə, 30 milyard dollar da təşkil etmir!

Ona görə də bizimkilərin Avropa və Dünya haqqında yazdıqlarını, dediklərini heç vaxt qəbul etməmişəm, bundan sonra da bu tonda davam etsə qəbul etməyəcəm. Həqiqət tamamilə başqadır...Özüm də bu ölkəni başa düşə bilmirəm. 90-cı illərdə bir qəzet böyük başlıq vermişdi: “Hüseynbala Səlimov, sən nə istəyirsən?”

Bir sözü on dəfə deməkdən, yaxud yüz də dəfə yazmaqdan bezən adam deyiləm, təki pozitiv nəticəsi olsun.

Dediyimsə budur ki, böyük siyasi meydanlardan, aşıb-daşan insan selindən kiçik bir piket təşkil etmək mümkün olmayan ölkəyə gəlib çıxmışıq. Başa düşürəm, bu, da lazım idi, Qarabağı azad etməkçün “vint”ləri bərkitmək lazım idi. Ona görə ki, dövlət də, hakimiyyət də riskli işin altına çiyin vermişdi, bunun tamamilə başqa nəticələri də ola bilərdi. Amma şükür, yaxşı qutardıq! Fəqət, fiziki sistemlərdə, hətta bioloji, ya ictimai mühitlərdə bir nans var: hər tendensiya gec-tez əks tendensiya doğurur, müəyyən dövr üçün səmərəli olan siyasi model, ssenari daha yaramır. İndi eyni şey bizim sərt siyasi sistemlə ilgili baş verir: məlum olur ki, məmurlarımız Qarabağ müharibəsinin fonunda Azərbaycana və xalqına qarşı da müharibə açıblar.

Bunu dayandırmaq olmazmı? Vallah, nəticəsi yaxşı olmayacaq...Heç vaxt uğurlara göz yummuruq, onlar var. Amma daha çox nisbi mənada. O gün baxıram, bizim və Rusiyanın xarici işlər naziri müəyyən dövr üçün məsləhətləşmə planını təsqdiq edirlər. Bu, nədir, doğrudanmı burada yalnız Azərbaycan və Rusiya ilə bağlı məsələlər yer alıb? Niyə görə hansısa məsələylə bağlı biz Rusiyayla konsultasiya keçirməliyik?

İnanın, belə məqamlıar çoxdur: Türkiyəylə bir strateji saziş imzalayan kimi bunu dərhal Rusiyayla da edirik! Bunu təkcə bizim milli maraqlarımız tələb etmir, həm də irili-xırdalı məmurların maraqları da tələb edir ki, onlar karlıca “qazana” bilsinlər. Odur, adamın beynindən qəribə suallar keçir: Azərbaycanı “müştərək dövlətə” çevirməmişik ki? Böyük-kiçik məmurlar zorla, böyük səylər nəticəsində qurulan dövləti təzədən dağıtmırlar ki?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR