İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanı devirmək istəyir? – Politoloqdan ŞOK açıqlamalar

642 12.09.2023 16:57 Siyasət A A

“Rusiya prezidentinin Kəlbəcər və Laçın məsələsini çıxartmaq şərti ilə bu gün dedikləri ilk dəfə deyildi. Yəni bir neçə dəfə Rusiya rəhbərliyi, o cümlədən həm prezident, həm də Xarici İşlər Nazirliyi, Prezident Aparatı səviyyəsində bildirilən bəyanatlarda qeyd edilirdi ki, “əgər Ermənistan Qarabağın Azərbaycan ərazisi olmasını etiraf edibsə, o zaman İrəvan Rusiyadan nəyi gözləyir?”

Bu sözləri Musavat.com-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov deyib.

zaur.jpg (49 KB)

Politoloq qeyd edib ki, bu cür bəyanatlar Ermənistanda hər zaman Paşinyana qarşı olan kəsimin üsyana qalxmasına, etiraz aksiyaları keçirməsinə gətirib çıxarıb:

“Azərbaycan və Ermənistan arasında sülh danışıqları axarlı getdiyi vaxtlarda bu cür bəyanatların səslənməsi Ermənistanda etiraz aksiyaları, küçə mitinqləri ilə nəticələnib. Həmçinin kütləvi etirazçılar Paşinyandan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan sənədi imzalamamağı tələb etmişdi.

Heç kəsə sirr deyil ki, Nikol Paşinyanın hazırda apardığı siyasət Rusiyanın bölgədən çıxarılması istiqamətindədir. Doğrudur, bu gün Putin qeyd etdi ki, mütəmadi olaraq Paşinyanla əlaqə saxlayır. Ola bilər ki, mütəmadi olaraq əlaqə saxlasınlar, amma faktiki olaraq Paşinyan Cənubi Qafqazla bağlı planlarını, strateji düşüncələrini məhz Makron, Amerika Dövlət Departamenti vasitəsilə edir”.

Politoloq Putinin Kəlbəcər və Laçın məsələsi ilə bağlı açıqlamasına isə bu cür münasibət bildirib:

“İlk dəfə idi ki, Kəlbəcər və Laçın məsələsi ilə bağlı Rusiya prezidenti tərəfindən bu cür açıqlama verilirdi. Kəlbəcər və Laçının Qarabağın və ya Ermənistanın tərkibində qalması heç zaman müzakirə predmeti belə olmayıb. Azərbaycan tərəfindən də heç zaman bu, qəbul edilə bilməzdi.

Bəs Putin bu cür açıqlama ilə hansı mesajı vermək istəyir?

Rusiya Ermənistanın baş naziri Paşinyanı devirmək istəyirmi?

Bir çox ekspertlər qeyd edir ki, Putin Paşinyanı devirmək istəyir. Lakin hesab edirəm ki, Rusiya hakimiyyəti, prezidenti Ermənistanın baş naziri Paşinyanı devirəcəyi halda Cənubi Qafqazdakı proseslərin nəzarətdən çıxmasından qorxur. Çünki Paşinyan üçtərəfli bəyanatı imzalayan, Azərbaycan tərəfindən Ermənistanın lideri kimi qəbul edilən, digərləri ilə nisbətdə daha yumşaq münasibət bəslənilən şəxsdir. Paşinyanın hakimiyyətdən getməsi ona gətirib çıxaracaq ki, ona müxalif olan Köçəryan və yaxud Sarkisyanla yaxınlığı ilə seçilən hansısa şəxs hakimiyyətə gəlsin. Bu da avtomatik olaraq Azərbaycanla Ermənistan arasında danışıqların soyumasına, müharibəyə gətirib çıxara bilər ki, hazırda başı Ukraynadakı müharibəyə qarışan bir vaxtda Kreml bunu istəməz. Bu baxımdan düşünürəm ki, rəsmi Moskva hələlik səbr edir”.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib:

“Ermənistan məlum münaqişədən sonra Azərbaycanın 7 rayonuna da nəzarət edirdi. Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon – Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın və Qarabağın (qondarama qurumun - red.) yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, lakin biz 10-15 il onları razı salmağa çalışdıq. Müxtəlif variantlar ortaya çıxdı, amma nəticədə “nə edəcəksiniz” sualımıza bu cavabı verdilər - döyüşəcəyik. Nəhayət, hər şey indi yaranmış vəziyyətə gəldi”. Daha sonra Putin “Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”, - deyə əlavə edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR