İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin onun sirlərini bilən həmin şəxslə bağlı MƏHV qərarı verə bilər: “Yaxın günlərdə...”

2758 07.05.2023 15:23 Gündəm A A

“Vaqner”in rəhbəri Yevgeni Priqojin 2 gün öncə bildirdi ki, silah-sursat çatışmazlığına görə mayın 10-da Baxmutdan çıxacaqlar. İndi isə Priqojin Putindən həbsxanalardan muzdluların toplanmasına davam etməyi, əcnəbi döyüşçülərin cəlb edilməsinə şərait yaratmağı xahiş edib. Putin isə bildirib ki, bu işə Müdafiə Nazirliyi baxır.

Vladimir Putinin Yevgeni Priqojini cəzalandırdığı ortadadır.  

Bu gedişlə Priqojinin aqibəti necə olacaq?

Politoloq Samir Hümbətov Musavat.com-a açıqlamasında bildirib ki, Yevgeni Priqojinin 2 gün öncə Baxmutdan Rusiyanın müdafiə naziri Sergey Şoyquya və Baş Qərargah rəisi Valeri Gerasimova verdiyi açıq mesaj həm də Putinə verilən mesajdır.

samir.jpg (316 KB)

Politoloq qeyd edib ki, xüsusilə son 2 ayda Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında çox ciddi fikir ayrılığı var:

“Baxmut uğrunda həm Ukrayna ilə döyüşürlər, həm də bir-birləri arasında gərgin mübarizə gedir. Rusiya ordusu “Vaqner”i qəbul etmək istəmir, “Vaqner” də onları. Bu gərginlik artmaqdadır. İndiki məqamda “Vaqner”in güclənməsi Yevgeni Priqojinin güclənməsidir, Priqojinin güclənməsi isə onun Kreml daxilində nüfuzunun daha da artmasıdır. Təbii ki, Putin bunu qəbul edə bilməz. Məncə, Müdafiə Nazirliyinin həbsxanadan dustaqların çıxarılmasına qadağa qoyması da məhz Putinin nazirliyin əli ilə Priqojinə açıq mesajı kimi dəyərləndirilə bilər. Bir az da ondan çəkinmək məsələsi var. Çünki təxminən 2 ay öncə Priqojin elə bir vəziyyət yaratmışdı ki, sanki ordu kənarda dayanıb, bacarmır, “Vaqner” isə əraziləri ala bilir. Hesab edirəm ki, indiki məqamda Putin üçün Priqojini cəzalandırmağın ən uyğun yollarından biri məhz Müdafiə Nazirliyi vasitəsilə addım atmaqdır”.

Politoloqun sözlərinə görə, Kreml administrasiyası elə bir sistem qurub ki, istənilən şəxsi əvəz edə bilirlər:

“Yəni orada əvəzolunmaz deyə bir anlayış yoxdur. Sadəcə, əlində güc olan müəyyən şəxsləri bu və ya digər formada nüfuzdan salmaqla sıradan çıxarırlar. Mən düşünmürəm ki, Priqojin sona qədər gedəcək. Rusiya-Ukrayna müharibəsi onun da sonunu gətirə bilər. Bu, qaçılmazdır. Onun yaxın günlərdə sıradan çıxarılacağı, yaxud fiziki olaraq məhv ediləcəyi sual altındadır. Çünki Kreml administrasiyası cəmiyyətin təpkisini də yoxlayır. Digər tərəfdən, Putinin çəkinəcəyi məsələ də var – Priqojin onun haqqında xeyli məlumat bilir. Ya Putin Priqojini tamamilə sərbəst buraxmalıdır - o, istədiyini etməlidir, bu da Putin hakimiyyətinin sonunu gətirə bilər, ya da öz nəzarətində saxlayaraq ölkədən çıxmasına imkan verməmək. Hər halda bundan sonra Priqojini daha çox izləyəcəklər və nəzarətdə saxlayacaqlar. Ən azından Putin hakimiyyətini qorumaq üçün bunu edəcək”.

Aytən Novruz
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR