Almaniya quru qoşunlarının komandanı, general-leytenant Kristian Freydinqin “Politico”ya verdiyi açıqlama Avropada təhlükəsizlik müzakirələrini yenidən gündəmə gətirib. O, NATO daxilində aparılan kəşfiyyat qiymətləndirmələrinə istinad edərək, Rusiyanın 2029-cu ilədək və ya hətta daha erkən mərhələdə alyans ölkələrindən birinə qarşı hərbi əməliyyat imkanına sahib ola biləcəyini bildirib.
Generalın sözlərinə görə, bu proqnoz təkcə Almaniyanın deyil, NATO-ya üzv bütün 32 ölkənin ortaq qiymətləndirməsinə əsaslanır. Onun ifadəsinə görə, Rusiya gələcək illərdə NATO ərazisinə müdaxilə etmək üçün lazım olan hərbi potensialı bərpa edə bilər və bu risk nəzərə alınmadan təhlükəsizlik siyasəti qurmaq mümkün deyil.
Freydinq eyni zamanda vəziyyətin daha tez gərginləşə biləcəyini də istisna etməyib və Avropa ordularının hər an mümkün ssenarilərə hazır olmasının vacibliyini vurğulayıb. Onun “biz döyüşə hazır olmalıyıq” xəbərdarlığı həyəcan yaradıb.
Doğrudanmı Avropa yenidən böyük bir müharibə riskinin astanasındadır? NATO-nun bu qiymətləndirməsi real təhlükənin göstəricisidirmi, yoxsa daha çox önləyici siyasi siqnaldır?
1941-ci ildə Almaniyanın SSRİ-yə hücumu kimi tarixdə böyük dönüş yaradan hadisələrin fonunda, bu gün əks ssenari, yəni Rusiyanın NATO ölkələrinə hücumu nə qədər real görünür? Mövcud geosiyasi balans bunu mümkün edir, yoxsa bu sadəcə ən pis ssenarinin proqnozudur?
Putin Rusiyası doğrudanmı NATO ilə birbaşa hərbi qarşıdurmaya gedə bilər, yoxsa bu xəbərdarlıqlar daha çox çəkindirmə strategiyasının bir hissəsidir?
Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirdi ki, Almaniya Quru Qoşunlarının komandanı, general-leytenant Kristian Freydinqin “Politico” nəşrinə verdiyi son açıqlama Avropanın təhlükəsizliyini yenidən ciddi müzakirələrin mərkəzinə daşıyıb: " NATO-nun daxili kəşfiyyat qiymətləndirmələrinə istinad edən general, Rusiyanın 2029-cu ilədək alyans ölkələrindən birinə qarşı hərbi əməliyyat imkanına sahib ola biləcəyini vurğulayıb. Bütün üzv dövlətlərin ortaq rəyini əks etdirən bu proqnoz və generalın "Biz döyüşə hazır olmalıyıq" çağırışı haqlı olaraq böyük rezonans doğurub.
Yeri gəlmişkən, Qərb mənbələri bir ildən çoxdur vurğulayırlar ki, Rusiya Ukraynada apardığı müharibə ilə paralel olaraq daha böyük müharibəyə hazırlıq görür. Rusiya hətta zaman-zaman Avropa və NATO ölkələrini test də edib. Misal üçün Polşaya, Rumınyaya, Baltikyanı ölkələrə dronlar göndərib, onların hava məkanını pozub. Əslində ruslar bununla rəqiblərinin həm reaksiyasını, həm də hava hücumundan müdafiə sistemlərini test edirdilər.
General Freydinqin qeyd etdiyi “2029-cu il” hərbi analitiklər tərəfindən hesablanmış xüsusi bir müddətdir. Bu tarix Rusiyanın Ukraynadakı müharibədə itirdiyi canlı qüvvə və texnika arsenalını tam bərpa edə biləcəyi və hərbi sənayesini pik həddə çatdıracağı dövrə təsadüf edir. Ancaq bu bəyanat tam bir müharibə anonsu deyil".
Hərbi ekspert onu da diqqətə çatdırdı ki, soyuq müharibədən sonra Avropa ordularında yaranan arxayınlıq və resurs qıtlığı fonunda, bu növ bəyanatlar hökumətləri hərbi büdcələri artırmağa və ordunu sürətlə modernləşdirməyə məcbur etmək xarakteri daşıyır: "Eyni zamanda rifah içində yaşayan avropalıları düşündürməyə hesablanıb.
NATO Rusiyaya bəyan edir ki, onun hərbi sənaye sahəsindəki canlanması və gələcək planları yaxından izlənilir və buna adekvat cavab hazırlanır.
Tarixdə dönüş nöqtəsi olan 1941-ci ildə faşist Almaniyasının SSRİ-yə qəfil hücumu (Blitzkriq) ilə bugünkü Rusiya-NATO qarşıdurması arasında fundamental fərqlər mövcuddur. Mövcud geosiyasi balans genişmiqyaslı və qəfil bir hərbi müdaxiləni demək olar ki, qeyri-mümkün edir.
1941-ci ildən fərqli olaraq, hazırda hər iki tərəfdə qlobal məhv gücünə malik nüvə arsenalları mövcuddur. Bu, birbaşa genişmiqyaslı müharibənin qarşısını alan ən böyük çəkindirici qüvvədir.
NATO-nun ümumi ümumdaxili məhsulu (ÜDM), texnoloji üstünlüyü və insan resursları Rusiyanın potensialını qat-qat üstələyir. Rusiyanın belə bir nəhəng hərbi maşınla konvensional (ənənəvi) müharibəyə girməsi intiharla bərabərdir.
Bundan əlavə müasir peyk və rəqəmsal kəşfiyyat sistemləri şəraitində tərəflərin qəfil ordu qruplaşmaları toplaması və gizli hücum təşkil etməsi texniki baxımdan mümkün deyil. Moskvanın NATO ilə birbaşa hərbi toqquşmadan qaçacağı rasional bir reallıq olsa da, kəşfiyyat hesabatlarının çəkindiyi əsas təhlükə "böyük müharibə" deyil, "hibrid ssenarilərdir".
Rusiya gələcəkdə NATO-nun ən zəif həlqələrini – məsələn, Baltikyanı ölkələri test etmək istəyə bilər. Genişmiqyaslı işğal əvəzinə, kiçik bir sərhəd bölgəsində süni gərginlik yaratmaq, kiber-hücumlar və ya lokal provokasiyalar törətməklə NATO-nun 5-ci maddəsini de-fakto sınağa çəkə bilər. Əgər Qərb dövlətləri kiçik bir üzvün müdafiəsi üçün nüvə müharibəsi riskinə girməkdən çəkinib tərəddüd nümayiş etdirsələr, bu, NATO-nun bir blok olaraq mənəvi və siyasi süqutu demək olacaqdır. Rusiyanın əsas hərbi-strateji hədəfi də məhz bu birliyi parçalamaqdır.
Faktiki olaraq Rusiyanın Baltikyanı ölkələr istiqamətinə qoşun cəmləşdirməsi barədə də ciddi məlumatlar var. Rusiya bu prosesə Belarusu da qoşmaq niyyətindədir. NATO-nun ən zəif yerlərindən biri Suvalki dəhlizi Rusiyanı daha çox cəlb edir. Bundan əlavə Rusiya Kalininqrada quru yolu da əldə etmək niyyətindədir.
Hesab edirəm ki, general Kristian Freydinqin “Biz döyüşə hazır olmalıyıq” xəbərdarlığı Avropanın real olaraq qaçılmaz bir müharibə astanasında olmasından daha çox, bu müharibənin qarşısını almaq üçün vaxtın daraldığını göstərən strateji həyəcan təbilinə bənzəyir".
Cavanşir Abbaslı
Musavat.com






