Polşanın paytaxtı Varşavada baş verən hadisə sosial şəbəkələrdə milyonlarla baxış toplayıb. TRT Haber-in də paylaşdığı təhlükəsizlik kamerası görüntülərində 5 yaşlı qızın platformada tək qalması və hərəkətə başlayan qatarın arxasınca qaçması böyük narahatlıq yaradıb.
Musavat.com xəbər verir ki, hadisə iyulun 4-də Varşava Zaxodnya (Warszawa Zachodnia) dəmir yolu vağzalında baş verib.
Polşa polisinin açıqlamasına görə, Almaniya vətəndaşı olan ailə qatardan enərkən ata əvvəlcə iki çamadanı və 5 yaşlı qızını platformaya çıxarıb. Daha sonra digər baqajları götürmək üçün yenidən vaqona minib. Məhz bu anda qatarın qapıları avtomatik bağlanıb və qatar hərəkətə başlayıb. Nəticədə valideynlər və digər uşaq qatarda qalıb, 5 yaşlı qız isə platformada tək qalıb.

Yayılan təhlükəsizlik kamerası görüntülərində balaca qızın əvvəlcə qatarın arxasınca qaçdığı, daha sonra isə platformada dayanaraq nə edəcəyini bilmədiyi görünür. Hadisəni görən sərnişinlər dərhal polis əməkdaşlarına məlumat veriblər.
Vağzalda xidmət aparan polis əməkdaşları qısa müddətdə hadisə yerinə gələrək uşağı təhlükəsiz yerə aparıblar. Paralel olaraq, qatarla uzaqlaşan valideynlər də vəziyyəti anlayaraq dəmir yolu polisi ilə əlaqə saxlayıblar və qızlarının platformada qaldığını bildiriblər.
Polisin koordinasiyalı fəaliyyəti nəticəsində azyaşlı qız dəmir yolu polis bölməsinə aparılıb və qısa müddət sonra valideynlərinə təhvil verilib. Rəsmi məlumata görə, uşağın tibbi yardıma ehtiyacı olmayıb və hadisə xəsarətsiz başa çatıb.
Hadisədən sonra Polşa polisi xüsusi xəbərdarlıq edib. Bildirilib ki, dəmir yolu vağzalları və platformalar kimi izdihamlı məkanlarda bir anlıq diqqətsizlik belə uşaqların ailədən ayrılması ilə nəticələnə bilər. Hüquq-mühafizə orqanları vətəndaşlara tək qalmış və ya itmiş uşaq gördükləri halda dərhal polisə və ya stansiya əməkdaşlarına məlumat verməyi tövsiyə ediblər.
Son günlər sosial şəbəkələrdə geniş yayılan bu görüntülər valideyn məsuliyyəti və dəmir yolu təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bir çox istifadəçi hadisənin faciə ilə nəticələnməməsini təsadüf deyil, ətrafdakı insanların diqqətli davranışı və polisin operativ müdaxiləsi ilə əlaqələndirib.
Musavat.com
Musavat.com






