Rumıniyada 87 yaşlı təqaüdçü biologiya təhsili almaq üçün universitetə sənəd verib.
Musavat.com xəbər verir ki, Viorel Pintilesku 2026-cı ildə Rumıniyanın ən yaşlı abituriyenti olub. O, Yaş şəhərindəki Təbiət Elmləri Universitetinin biologiya üzrə bakalavr proqramına sənəd təqdim edib.
Məktəbi 60 ildən çox əvvəl bitirən Pintilesku hesab edir ki, təhsil insanın zehnini aktiv saxlamağın ən yaxşı yoludur.
“İnsan cahil ölməməlidir”, – deyə o bildirib.
1939-cu ildə anadan olan Viorel Pintilesku texniki məktəbdə təhsil alıb. Lakin məzuniyyətindən əvvəl həmin təhsil müəssisəsi ləğv edilib. Daha sonra orduya gedən Pintilesku burada rabitə və televiziya sahəsində 35 il çalışıb.
Onun universitetə getmək qərarında şəxsi səbəblər də rol oynayıb. Altı il əvvəl həyat yoldaşını itirən təqaüdçünün övladları ayrı yaşayır. Tənhalıq onu sosial əlaqələrini qoruyacaq yeni məşğuliyyət tapmağa sövq edib.
Pintilesku kitabxanalardan elmi nəşrlər götürür, xüsusilə Kainatın yaranması, insanlar və heyvanlar arasındakı fərqlərlə maraqlanır. O, dərslərə tramvayla getməyi planlaşdırır.
Musavat.com






