İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokurorun nağılı

2047 10.01.2023 10:53 Yazarlar A A

Bir zamanlar respublikamızın hərbi prokuroru, şanlı Xanlar müəllimdən “Tərtər işi” ilə bağlı soruşmuşdular, orada əsgər və zabitlərə işgəncə verilməsi, öldürülməsi faktlarına münasibətdə demişdi ki, bunlar hamısı yalandır, nağıldır. Lakin hər nağılın sonu olur, bu qorxulu nağılda da axırda göydən üç dənə əcinnə düşdü - işi təkrar istintaqa qaytardılar. Nə qədər adam bəraət aldı, bəzi general-filan isə tutuldu. İndi jurnalist Xanlar müəllimə dəxi sual veribdir ki, ayə, necə oldu, o vaxt nağıl adlandırmışdın, indi gerçək çıxıbdır, münasibətin? Xanlar müəllim nə edib? Deyib bunlar yalandır, mən o vaxt hadisələri nağıl adlandırmamışdım.

Bəli. İstəyirsən adamların səsini diktofona yaz, saxla - xeyri yoxdur. Bizdə heç kimə heç nəyi isbat eləmək mümkün deyil. Çünki nağıllar diyarında yaşayırıq. Hərbi prokurorun danışıqları da sehrli sözlərdən, dua və cadulardan ibarətdir. Bunu hər müxbir bir cür yozur, nəticədə aləm qarışır.

Məsələn, “Qırmızıpapaq” adında bir nağıl var. Qız uşağı nənəsinə qutab apardı, qabağına meşədə canavar çıxdı, heyvan qabaqca gedib nənəni basmarlayıb uddu, nə bilim, canavarla qız çarpayıya uzandılar və sairə və ilaxır. Məsum bir nağıldır. Lakin sonradan başdanxarab psixoanalitiklər ortaya çıxdılar, yazdılar ki, əslində bu nağıl seksual hisslərin əks edildiyi şüuraltı əfsanə toplusudur. Di get. İzahatı oxuyursan, görürsən hər şey də düz gəlir. (Əlbəttə, tərbiyəm izn vermir o izahatı burada yazım. Üstəlik, xalqın anası-bacısı, nənəsi-nəvəsi var).

Yaxud “Qoğalın nağılı”nı yada salın. O, bir az trillerə oxşayır, ancaq yenə də saf uşaq nağılıdır. Lakin sən saydığını say... Bu yaxında qoğalın əhvalatına belə psixoloji izah oxumuşam: “Nağıl böyümək haqdadır. Oğlan valideynlərin evindən qaçır, çünki valideynlərlə çox yaşasan onlar sənin ömrünü yeyərlər. Sonra həyat mərhələləri gəlir, bunları uğurla dəf edir: dovşana rast gəlməsi - sosiallaşmadır, canavar - işə düzəlməsidir, ayı - məişət çətinlikləridir. Nəhayət axırda evlənir (tülkü qadının obrazıdır), bununla da məhv olur”.

Xanlar müəllimin əhvalatını hansı xalq(ın) nağılı ilə yozmaq olar, bunu buraxaq psixoloq və folklorşünaslarımızın ixtiyarına. Dünənlərdə mən İmişlidəki tualeti olmayan məktəbdən yazmışdım, buna Bakıdan Qarabağ qazisi, hörmətli həmkarımız Məğrub Bədəlsoy şərh göndərib. Deyir sən kəndə niyə gedirsən, heç Bakıda tualet problemi həll edilməyib: “Bakının mərkəzində, Nərimanov rayonunda Qarabağ əlilləri üçün tikilən 36 mənzilli bir bina var, onun tualeti olsa da, kanalizasiyası yoxdur. Camaat üfunətdən boğulur ”. Hər dəfə çirkab axıntılarını nasosla ümumi xəttə vururmuşlar. Bundan başqa, əlillər “üçün” binanın pandusu - əlil arabaları üçün maili giriş-çıxış səthi yox imiş.

Əslində buna şükür, xeyli inkişaf var, Əli Nağıyev adında bir “Sabes” nazirimiz vardı, onun dönəmində əlillər üçün idarələri qəsdən yuxarı mərtəbələrdə - 5, 6, bəzən 9-cu qatda yerləşdirirdilər ki, ora çıxa, dərdlərini deyə bilməsinlər.

Qatilləri tapılmayan yazıçı Rafiq Tağının “Ölü Həsən” adlı hekayəsi qəfildən yadıma düşdü. Yük maşını sürücüsü Həsən Bakıda kirayə qalırdı, ailə-uşağı ilə birgə. Xozeyin evi bunlara versə də tualetini vermirdi. Nəticədə Həsən hər axşam işdən evə tələsirdi ki, ailəsini şəhərdəki pullu tualetə aparsın. Bir gün də belə tələsdiyi üçün yol qəzasına uğrayıb ölürdü.

Rafiq bəyin yeri görünür - nə qədər mövzular çıxır... Onu öldürəndə də Bakıya qar yağmışdı. Bundan pis hava idi...   

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR