İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror İlkin Süleymanova 20 il həbs cəzası istədi - Məhkəmədə dava düşdü (VİDEO)

2639 04.05.2023 11:18 Son xəbər A A

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanova prokuror 20 il həbs cəzası istəyib. 

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb 47 gün yaşadığı evdə gizlətməkdə, sonra öldürərək cəsədini yandırmaqda təqsirləndirilən İlkin Süleymanova prokuror 20 il həbs cəzası istəyib. 

Musavat.com xəbər verir ki, bunun ardınca Nərmin Quliyevanın atası Şərif Quliyev tələb olunan cəza ilə razılaşmadığını bildirib. O deyib ki, İlkin Süleymanova daha ağır, ömürlük həbs cəzası verilməlidir. 

Şərif Quliyevin bu açıqlaması isə İlkin Süleymanovun məhkəmədə iştirak edən yaxınlarını narazı salıb. Nəticədə məhkəmə zalında tərəflər arasında mübahisə baş verib. 

Hakimin çıxış təklifinə İlkin Süleymanov öz növbəsində çıxışa hazır olmadığını bildirib. Bundan sonra hakim məhkəməni təxirə salıb. 

Qeyd edək ki, 2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Bu hadisəyə görə kənd sakini İlkin Süleymanov həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələriylə ittiham edilir.  

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.  

Bu məhkəmə iclası 2 ildir davam edir. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib.  

İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb.  

Baş Prokurorluqsa işgəncə faktlarını təkzib edib.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR