İnsanlara hürriyət, millətlərə istiqlal!

Professordan İran–ABŞ münasibətləri barədə ŞOK PROQNOZ

541 24.06.2026 15:40 Dünya A A

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, İran və ABŞ arasında texniki səviyyəli danışıqlar müvəqqəti fasilədən sonra gələn çərşənbə axşamı yenidən başlayacaq. Pakistan və Qətər sülh razılaşmasının icrasını təmin etmək üçün hər iki tərəfin nümayəndələri ilə görüşləri davam etdirəcək. Rəsmi İslamabad bildirib ki, dialoq və diplomatiya münaqişələrin həllində ən effektiv vasitə olaraq qalır.

Bəs bu təmaslar tərəflər arasında münasibətlərin normallaşmasına gətirib çıxara biləcəkmi? Politoloqlar Pakistan və Qətərin vasitəçilik missiyasını necə qiymətləndirir? 

QABİLL.jpg (85 KB)

Mövzu ilə bağlı professor Qabil Hüseynli Musavat.com-a danışıb:

"Danışıqlarda vasitəçi kimi çıxış edən Pakistanı və Qətəri tənqid etmək üçün əlimdə heç bir əsas yoxdur. Onlar vasitəçilik missiyasını, xüsusilə də Pakistan vicdanla yerinə yetirir və sülh müqaviləsinin əldə olunması, imzalanması üçün maksimum səy göstərirlər".

Professorun fikrincə, burada problem digər iki tərəfdədir:

"Problem ABŞ və İrandadır. Hər ikisi demək olar ki, sülhə can atan tərəflər kimi görünmür. Xüsusən də ABŞ. ABŞ-nin nazı ilə oynamaq o qədər də asan məsələ deyil. Demək olar ki, hər gün sülh şərtlərinə, onun sonrakı mərhələlərinə, razılaşmanın müddəalarına yeni bir bənd əlavə olunur. İranın özündə də vəziyyət fərqli deyil. Orada da meydanı qızışdırmaq üçün nümayəndələr ağzına gələni danışmağı sevirlər. Deyirlər ki, "Vaşinqtonun bir üzünə şapalaq vurmuşuq, növbəti görüşdə o biri üzünə də vurarıq". Yəni diplomatik tonla, diplomatik qaydalar çərçivəsində danışmaq istəyi bu ölkələrin rəhbərləri üçün o qədər də qəbul edilmiş davranış forması deyil. Elə Trampın özü də danışıqlarında mütləq aranı qarışdıran, gərginlik yarada biləcək, guya zarafat xarakteri daşıyan məsələləri ortaya atmaqdan çəkinmir. Axı İran böyük dövlətdir, ABŞ isə daha böyük dövlətdir. ABŞ bütün dünyaya dərs verməyə çalışan bir ölkədir, amma bəzən davranışları elə olur ki, sanki kiçik və təsirsiz bir dövlət kimi çıxış edir".

Qabil Hüseynli hesab edir ki, İranla ABŞ arasında sülh müqaviləsinin bağlanması prosesi hələ uzun müddət davam edəcək:

"Hər dəfə hansısa ərəb dövləti yeni bir müddəa irəli sürəcək, hər dəfə Konqres bir maddəni tənqid edəcək, Senat başqa bir maddəyə etiraz edəcək. İranda da parlament və ya Ruhanilər Şurası fərqli mövqelər ortaya qoyacaq. Beləcə bu çəkişmə, bu sülh prosesi uzandıqca uzanacaq. Məsələn, Hörmüz boğazının bağlanması, sonra yenidən açılması və əvvəlki təbii vəziyyətinə qovuşması üçün 30 günlük müddət müəyyən edilmişdi. İndi həmin 30 gün yenidən hesablanacaq. Bundan başqa da İranla ABŞ arasında ciddi fikir ayrılığı yaradan sənədlər və məsələlər mövcuddur. Məsələn, İsrail məsələsi. Hələlik ortada sülh müqaviləsi yoxdur, bu sənəd memorandum adlanır. İsrail isə deyir ki, "həmin memorandumu qəbul etmirəm, mən Livanın böyük hissəsini işğal etmişəm və qalan hissəsini də nəzarətimə götürəcəyəm".

Bu məsələdə də ABŞ-nin səsi çıxmır. İran isə bütün bunları daxilən böyük narahatlıqla izləyir. Beləliklə, prosesi nizama salmaq üçün ABŞ-də Reyqan tipli bir prezidentə, İranda isə Pezeşkian tipli, amma real və geniş səlahiyyətlərə malik prezidentə ciddi ehtiyac var. Bir tərəfdən İslam İnqilabı Keşikçiləri, digər tərəfdən bəsiclər və başqa qüvvələr hərəsi bir tərəfdən proseslərə mane olur, öz təsirini göstərməyə çalışır. Nəticədə qərarların qəbul olunması və proseslərin irəliləməsi çətinləşir. Ona görə də mən bu proseslərin yaxın vaxtlarda başa çatacağına inanmıram. Hesab edirəm ki, İran-ABŞ münasibətlərindəki bu danışıqlar və sülh prosesi hələ uzun müddət davam edəcək".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR