İnsanlara hürriyət, millətlərə istiqlal!

Problemli kreditlər artıb, əmanətlər azalıb: “Banklar batır” iddiası

937 07.04.2023 14:15 İqtisadiyyat A A

Millət vəkili: “Əmanətlərin azalması müvəqqəti xarakter daşıyır”

ABŞ və Avropanın bank sistemində baş verən problemlər bütün dünyada banklarla bağlı narahatlıqların yaranmasına səbəb olub. Əksər ölkələrdə yerli bank sisteminin dayanıqlığı, ABŞ və Avropadakı böhran genişlənərsə, yerli sistemə mümkün zərərləri müzakirə mövzusuna çevrilib.

Azərbaycanda da belə müzakirələr aparılıb, ekspertlərin rəyləri öyrənilib. Bu müzakirələrin getdiyi bir zamanda açıqlanan bəzi rəsmi məlumatlar ölkənin bank sistemində ciddi problemlərin olduğuna dair rəyin formalaşmasına təkan verib. Belə ki, ölkədə problemli kreditlərin həcmində artım baş verib. Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən, 2023-cü ilin fevralında Azərbaycanda  vaxtı keçmiş kreditlərin həcmində artım qeydə alınıb. 2023-cü ilin 1 fevralında 583.8 milyon manat olan problemli kreditlərin həcmi martın 1-i tarixi üçün 606.1  milyon manata yüksəlib. Bu da problemli kreditlərin payının cəmi kredit portfelində (20 milyard 347.1 milyon manat) 2.88 faizdən 2.98 faizə qalxması deməkdir. Hesabat tarixinə, 16 milyard 370.7 milyon manatlıq milli vayutadakı kreditlərin 448.6 milyon manatını problemli kreditlər təşkil edib. 3 milyard 919.1 milyon manat ekvivalentində olan xarici valyutada olan kreditlərin 157.6 milyon manat ekvivalentini vaxtı keçmiş kreditlər təşkil edib. Xarici valyutada problemli kreditlərin həcmi aylıq müqayisədə 3 faiz artıb. Xarici valyutada olan problemli kreditlərin cəmi xarici valyutada olan kreditlərdə payı son ayda 3 faizdən 4 faizə qədər yüksəlib.

Bundan əlavə, ölkə banklarındakı əmanətlərin həcmində azalma qeydə alınıb. Banklardakı əmanətlər bu il mart ayının 1-nə 11 milyard 901.8 milyon manat təşkil edib. Bu rəqəm fevralın 1-nə olan göstəricidən 0,2 faiz azdır. Bunun əsas səbəbi kimi banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi göstərilir.

Bu iki göstəricinin açıqlanması ABŞ və Avropa bank sistemində yaranan və bütün dünya gündəmini zəbt edən problemlər dövrünə təsadüf edib. Nəticədə sosial şəbəkələrdə Azərbaycanda bankların bağlanacağı ilə bağlı şayiələr yayılıb. Bəzi istifadəçilər bankların çökəcəyini, əmanətlərin dondurulacağını bildirərək vətəndaşların bankda olan pullarını çəkməsini tövsiyə ediblər.

Əslində isə yuxarıda qeyd olunan0 hər iki göstəricinin meydana çıxmasına səbəb olan obyektiv amillər var və həmin göstəricilər bank sistemində böhran əlaməti hesab olunacaq qədər böyük deyil. Belə ki, 2021-ci ilin ikinci yarısından 2022-ci ilin birinci yarısına qədər dünya bazarlarında demək olar ki, bütün növ xammalın, hazır məhsulların bahalaşması baş verib, inflyasiya sürətlənib. İstehlak bazarı tam inhisarlaşmış olan Azərbaycanda bu proses daha kəskin xarakter aldığına görə əhalinin gəlirlərinin böyük hissəsi inflyasiyanın yeminə çevrilib. Xüsusilə ərzaq bazarındakı ifrat bahalaşma ailə büdcəsinin ərzaq xərclərinin kəskin artımını şərtləndirib. Nəticədə krediti olan bir çox ailələrin ödəniş qabiliyyəti aşağı düşüb, aylıq ödənişlərin gecikməsi halları artıb.

İnflyasiyanın sürətlənməsi kiçik və orta biznes üçün problemlər yaratmaqla bu seqmentdə də kredit ödənişlərində gecikmələrə səbəb olub.

Problemli kreditləri artıran digər səbəb Azərbaycanda kredit faizlərinin yüksək olaraq qalmasıdır. Ötən ilin ikinci yarısından Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini artırmağa başlaması, eyni zamanda bankların məcburi ehtiyat normalarının artırılması, Mərkəzi Bankın faiz qərarlarının kredit faizlərinə real təsirinə nail olmaq üçün atdığı addımlar bank faizlərinin azalmasına mane olub. Nəticədə yüksək faizlər kreditləşmənin azalmasına səbəb olub. Rəsmi məlumata əsasən, 2022-ci ilin noyabr ayında bankların kredit portefli 20 milyard 218 milyon manat, dekabrda 20 milyard 184 milyon manat, bu ilin yanvarında 19 milyard 594 milyon manat olub. Fevral ayında bankların kredit portfeli cüzi -0.4 faiz və ya 87.4 milyon manat artaraq 19 milyard 757.4 milyon manat təşkil edib. Bu o deməkdir ki, son 3 ayda kredit qoyluşları 3 faiz civarında azalıb.

Hazırda kredit faizlərinin yüksəkliyindən, kredit şərtlərinin ağırlığından ən çox əziyyəti biznes sektoru çəkir. Halbuki Mərkəzi Bank bu sahədə müsbət dəyişiklik olduğunu deyir: “Biznes kreditləri üzrə risklər nəzərə alınmaqla, real sektorun maliyyələşməsində bankların rolunun stimullaşdırılması məqsədilə onlara digər növ kreditlərlə müqayisədə (məsələn, istehlak kreditləri) daha yumşaq prudensial normalar tətbiq edilir. Bu növ kreditlər üzrə bankların requlyativ kapitalının hesablanmasına birbaşa təsir edən ehtiyat normaları və risk dərəcələri daha aşağı səviyyədə müəyyən edilib.

Məsələn, kiçik və orta sahibkarlıq subyektlərinə verilən, habelə qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə yönəlmiş milli valyutada biznes kreditlərinin risk dərəcəsi 100 faizdən 50 faizə endirilib, qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə yönəlmiş xarici valyutada biznes kreditləri üzrə risk dərəcəsi 75 faiz səviyyəsində müəyyən edilib və s. Eyni zamanda AMB bankların iqtisadiyyatın real sektorunu maliyyələşdirməsinin stimullaşdırılması məqsədilə requlyativ alətlərin qabaqcıl beynəlxalq təcrübələr əsasında araşdırılmasını daimi əsasda davam etdirir və həmin alətlərin tətbiqi imkanlarını diqqətdə saxlayır"(Report).

AMB-dən fərqli olaraq müstəqil ekspertlər, biznes cameəsi Azərbaycanda kredit şərtlərinin biznes üçün həddən artıq ağır olaraq qaldığını bildirirlər.

Onu da qeyd edək ki, “Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın bank sistemi barədə nikbindir. Agentlik hesab edir ki, bank sektorunun göstəriciləri stabil səviyyədə yaxşılaşır: “2022-ci ilin sonuna vaxtı keçmiş kreditlər 2,9 faiz (2021-ci ilin sonuna 6,1 faiz), birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 17,3 faiz təşkil edir, əmanətlər və depozitlər üzrə dollarlaşma səviyyəsi 2020-ci ilin birinci yarısındakı 60,4 faizdən 2022-ci ildə 48 faizədək azalıb”.

Bundan başqa, “Fitch” analitiklərinin fikrincə, bank sektorunda tənzimləyici tərəfindən nəzarət yaxşılaşır, lakin hələ də bir sıra çatışmazlıqlar mövcuddur. Agentliyin qiymətləndirmələrinə görə, enerjidaşıyıcılarının ucuzlaşması, iqtisadi siyasətin dəyişməsi Azərbaycanın kredit reytinqlərinin aşağı düşməsinə gətirib çıxara biləcək amillərdir. Eyni zamanda xarici balansın daha da güclənməsi - məsələn, enerjidaşıyıcılarının yüksək qiyməti səbəbindən - Azərbaycanın iqtisadi siyasətinin səmərəliliyi və proqnozlaşdırılma qabiliyyəti ölkənin kredit reytinqinin yüksəlməsinə səbəb ola biləcək amillərdir"

Vüqar Bayramov: "Son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi daha da  artırır"

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, banklardakı əmanətlərin azalması müvəqqəti xarakter daşıyır: “Əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır. Belə ki, ümumi depozit faizlərində hiss edilən artımlar reallaşmadığı üçün müddəti başa çatmış bəzi depozitlərin vaxtının uzadılmaması və ya geri götürülməsi qeydə alınıb. Monitorinqlərə görə, bu daha çox fevral ayının ilk yarısına təsadüf edib. Daha sonra prosesinin stabilləşməsi müşahidə olunub. Bu baxımdan, növbəti aylarda əmanət həcmlərindəki artım tempinin yenidən bərpa ediləcəyi gözlənilir. Bununla yanaşı, əmanət həcmlərindəki azalmalar bir daha təsdiq edir ki, bank sektorunda iştirakçılarla birbaşa kommunikasiyanın daha da gücləndirilməsi vacibdir. Bu işin yalnız Mərkəzi Bank tərəfindən deyil, eyni zamanda ayrı-ayrılıqda hər bir bank tərəfindən həyata keçirilməsinə ehtiyac var”.

Azərbaycan Banklar Assosiasiyasında da bank sistemi barədə pozitivlik müşahidə olunur. Assosiasiyanın yaydığı açıqlamada banklarda problemlərin olacağına dair məlumatların yanlış olduğu bildirilir: “2022-ci ilin nəticələri bank sistemi, o cümlədən rəqəmsal ödənişlər üzrə uğurlu olub. Bank sektorunda müşahidə olunan inkişaf tendensiyası hazırkı dövrdə də yüksələn trayektoriya ilə davam edir və bank sistemi bu inkişaf fonunda öz dayanıqlılığını qorumaqdadır. Cari ilin fevral ayının sonuna Azərbaycan bank sektorunun aktivlərinin həcmi 45,7 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8  faiz çoxdur. Hesabat dövründə bankların kredit portfelinin həcmi isə ötən ilin fevralına nəzərən 15,4 faiz, ilin əvvəlinə nəzərən isə 163 milyon manat artaraq, 19,8 milyard manata yüksəlib.

Banklara inam göstəricisi kimi göstərilən əhalinin banklardakı əmanətlərinin həcmi isə 11,7 milyard manata yüksəlib ki, bu da illik 18,1 faiz, ilin əvvəlinə nəzərən isə 1,5 faizlik artımın olduğunu göstərir.

Bank sektorunun kapitalının həcmi də artaraq, 5,7 milyard manat təşkil edib. Qeyd olunan göstərici əvvəlki ilin müvafiq dövrünə nəzərən 13,3 faiz, ilin əvvəlinə nisbətən isə 2 faiz yüksəlib".

Assosiasiya bildirir ki, sektorun mənfəətliliyi də yüksək səviyyədə qalmaqda, ötənilki göstəriciləri daha da üstələməkdədir: “Belə ki, bu ilin yanvar-fevral aylarında sektorun faiz gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz, qeyri-faiz gəlirləri 23,6 faiz, xalis mənfəəti isə 44,6 faiz artıb. Cari ilin fevral ayında dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz artaraq, 13 milyon 654 min ədəd təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 2 milyard 877 milyon manata çatıb”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR