İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Avropadakı bəzi dairələrə xəbərdarlığı - hansı təhlükə var?

1426 13.01.2024 10:29 Siyasət A A

İlham Şaban: “O bilir kimə nə vaxt qaz vermək, kimin nə vaxt qazını almaq lazımdır”

Prezident İlham Əliyev yanvarın 10-da Azərbaycan telekanallarına müsahibəsində Avropaya qaz ixracı ilə bağlı məsələlərə də toxunub. Bildirib ki, Azərbaycan qlobal enerji keçidinin aktiv iştirakçısı olmaq niyyətindədir. Bu məqsədlə ölkədə böyük bərpa olunan enerji layihələrinin icrasına başlanıb. Hansı ki, həmin layihələrin icrası Azərbaycanda enerji istehsalına sərf edilən qaz həcmini bir neçə milyard kubmetr azaltmağa imkan verəcək: “Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə biz yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracağıq. 

Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi elektrik stansiyalarımızın potensialı hazırda təqribən 7-8 min meqavatdır və yeni stansiya da inşa edilir - 1200 meqavatlıq, yaxın zamanlarda istifadəyə veriləcək. Hazırda bizim elektrik stansiyalarımızda il ərzində təqribən 5 milyard kubmetr təbii qaz elektrik enerjisinin istehsalına sərf edilir. İndi bərpaolunan enerji növləri bizə, o cümlədən imkan verəcək ki, həmin o 5 milyard kubmetr qazı yox, bəlkə 1-2 milyard kubmetr qazı elektrik enerjisinin istehsalına xərcləyək, qalan qazı ixrac edək. Onsuz da Avropada bizim qazımıza tələbat gündən-günə artır və biz bunu ancaq bərpaolunan enerji hesabına edə bilərik”.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib -  YENİLƏNİB

2023-cü il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakını vurğulayan Prezident orada iştirakının Azərbaycanın artan rolunun təzahürü olduğunu deyib: “Çünki bu, təbii ki, Azərbaycan qazından söhbət gedir və Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz sistemimizə qoşuldu, müxtəlif interkonnektorlar da yaradıldı və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olmuşdur. Çünki əgər biz vaxtilə bu təşəbbüslə çıxış etməsəydik və nəinki təşəbbüslə, əgər bunu həyata keçirməsəydik, təbii ki, bu gün hər hansı bir interkonnektordan söhbət gedə bilməzdi. Bütün bu interkonnektorlar, o cümlədən Yunanıstan-Bolqarıstan və Bolqarıstan-Serbiya, Rumıniya və Macarıstan Cənub Qaz Dəhlizinin bir budağıdır. Yəni bu gün səkkiz ölkə Azərbaycan qazını alır, onlardan altısı Avropa ölkəsidir. Gələcəkdə bu ölkələrin sayı artacaq. Çünki biz bir neçə Avropa ölkəsi ilə indi danışıqlar aparırıq və deyə bilərəm ki, danışıqlar önəmli mərhələdədir.

Tələbat var və artacaq, resurslarımız var, “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Keçən il başlamışdır, amma bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Ondan sonra, ümid edirəm ki, hər halda qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna - dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Orada da potensial çox böyükdür".

Dövlət başçısı Azərbaycanın ikinci böyük qaz yatağı olan “Abşeron”un işlənməsinin ikinci mərhələsinə başlanmasının gözlədiklərini deyib: “Bizim digər layihələrimiz və ”Abşeron" qaz yatağının ikinci fazası - bu barədə də qərar qəbul edilməlidir, yəni investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək. Yəni bu, çox əhəmiyyətli rəqəmdir. Ondan başqa, “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” - bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür. Yəni mən vaxtilə deyəndə ki, 100 il bundan sonra da Azərbaycan tərəfdaşlar üçün önəmli tərəfdaş olacaq, bunu nəzərdə tuturdum və bu gün bu reallaşır. Onu da bildirməliyəm ki, Cənub Qaz Dəhlizi indi tam gücü ilə işləyir və əgər bu dəhlizlə biz əlavə qaz həcmini göndərmək istəsək, onda o, gərək genişləndirilsin. Oraya, əlbəttə, əlavə vəsait qoyulmalıdır. Amma bu, nasos stansiyaları vasitəsilə genişləndirilə bilər və tələbat da var. Prinsip etibarilə Azərbaycanda gələcəkdə yeni qaz infrastrukturunun yaradılması məsələsinə də baxıla bilər, bunu da biz nəzərdən keçiririk".

Bəzi Avropa institutlarından Azərbaycandan qaz alışının dayandırılması çağırışlarına Prezident kəskin mövqe bildirib: “Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır və onlar tam haqlıdır. Bizim Avropa məkanına göndərdiyimiz qazın həcmi çox da olmasa, təqribən 12 milyard kubmetrə yaxındır. Halbuki bu, bizim ixracımızın yarısıdır. Amma ölkələrin əhatəsi məhz o ifadəni tamamilə haqlı edir, yəni Panavropa təchizatçısı.

İlham Şaban: "Bakı ona “düşmən nəzərlərlə” baxan ölkələrə mesaj verir  ki..." » Reyting.az

“Bu il Avropada ciddi siyasi proseslər olacaq”

Əlbəttə ki, bu, bizim böyük nailiyyətimizdir. Bu, bizə böyük dividendlər gətirir, həm iqtisadi, həm də təbii ki, siyasi. Çünki sirr deyil ki, qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır. Bizim üstünlüyümüz məhz ondadır ki, biz böyük yatırım qoyaraq müasir qazpaylayıcı şəbəkə yaratmışıq. Resurs bazamız kifayət qədər böyükdür və artacaq. Avropada tələbat da mütləq artacaq. Çünki onlar nə qədər yaşıl enerjiyə keçid etmək istəsələr, yenə də təbii qaza ehtiyacları olacaq. Amma yaşıl enerjiyə gəldikdə, yenə də burada Azərbaycan öz rolunu oynayacaq. Çünki yaşıl enerji dəhlizi, o cümlədən Qara dənizin altı ilə çəkiləcək kabel də Azərbaycan resurslarına hesablanıb. Yəni qazla, neftlə bağlı bütün məsələlər həll olunub. Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq. Avropa Komissiyasında, əlbəttə ki, bunu yaxşı başa düşürlər və martın əvvəlində Bakıda Cənub Qaz Dəhlizinin növbəti Məşvərət Şurası keçiriləcək və bu Məşvərət Şurasına Azərbaycanla Avropa Komissiyası həmsədrlik edir.

Ancaq bu məsələ ilə bağlı bir məqama diqqət yetirmək istərdim. Əfsuslar olsun ki, Avropada bəzi siyasətçilər ya bunu anlamırlar, ya onlarda kifayət qədər informasiya yoxdur və sentyabr hadisələrindən sonra hətta bəziləri bəyan edirdilər ki, Azərbaycanla Avropanın qaz əməkdaşlığı dayandırılmalıdır. Belə açıqlamalar, əlbəttə ki, bizim əməkdaşlığımızı gücləndirmir. Düzdür, bu açıqlama Avropa Parlamentinin sədri tərəfindən verilmişdi. Avropa Komissiyası heç vaxt belə açıqlamalar verməyib və təbii ki, verməyəcək. Amma Avropa Parlamentinin sədri kiçik vəzifə deyil və əgər bu şəxs bunu deyirsə, deməli, burada düşünməyə mövzu var. Amma onu bəri başdan bildirməliyəm ki, əgər hər hansı bir səbəbə görə bu mövqe üstünlük təşkil etsə, onda, sadəcə olaraq, bizimlə uzunmüddətli kontraktlar imzalayan şirkətlər 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar. Ona görə belə cəfəng açıqlamalar verən məsul şəxslər daha diqqətli olmalıdırlar.

Azərbaycan qaz ixracından neft ixracı ilə müqayisədə qat-qat az gəlir əldə edir. Prinsip etibarilə əgər fərz etsək ki, bu gün bizim qaz ixracımız yoxdur, adi vətəndaş bunu heç vaxt hiss etməyəcək. Əgər bizim qazımızın Avropaya nəqli hansısa səbəbə görə kəsilsə, onda bir çox ölkələr daha çətin vəziyyətə düşəcək və bunu Avropada hər kəs başa düşməlidir, o cümlədən məsuliyyətsiz bəyanatlar verən Avropa Parlamentinin sədri də bunu bilməlidir".

Avropadan Bakıya qarşı çağırışlar Azərbaycana hansısa problem yarada bilərmi? Prezidentin xəbərdarlıq etdiyi siyasi dairələr ölkəmizə qarşı hansısa konkret addımların atılmasına nail ola bilərlərmi? Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, bu Avropa siyasi səhnəsində ciddi proseslər olacaq: “May ayında Avropa Parlamentinə seçkilərdir. İyunda isə Avropa Komissiyası yenidən təşkil olunacaq. Seçki məsələsi Avropada mühüm əhəmiyyət kəsb edir. Nəinki Avropada, əksər ölkələrdə. Məsələn, Tayvanda 13-də seçkilərdir, az qala ölüm-dirim mübarizəsi gedir. Yəni seçkiqabağı səs almaq üçün çox siyasətçilər çox vədlər, bəyanatlar, qulağa xoş gələn sözlər səsləndirirlər. Lakin onların heç də hamısını qalib gələndən sonra xatırlamırlar”.

Ekspertə görə, Prezidentin müsahibədə səsləndirdiyi fikirlər müəyyən çevrələrə xəbərdarlıqdır: “Belə deyim də, Prezident bilir kimə nə vaxt qaz vermək, kimin nə vaxt qazını almaq lazımdır. Ümumi proses bizim xeyrimizədir, bəzi xırda nüanslar ola bilər ki, bunu da təbii qarşılamaqla yanaşı, vaxtında tədbirini görməlisən. Düşünürəm ki, Prezident yalnız xəbərdarlıq etməklə kifayətlənmir, zəruri addımlar da atılır”...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR