İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən Xocalı xəbərdarlığı və İrəvanın susqunluğu

1052 01.06.2024 14:16 Siyasət A A

Ermənistan normal  dövlətə çevrilmək və normal yaşamaq istəyirsə, ilk növbədə Azərbaycana qarşı cinayətlərini etiraf etməlidir

İki xalq arasında düşmənçiliyin bitməsinin mühüm göstəricisi yaşanan faciələrə görə qarşılıqlı şəkildə üzrxahlıq etmək, öz soyundan olan hərbi və digər caniləri cəzalandırmaq, zərərçəkənlərə təzminat ödəməkdir. Bu qəbil addımlar heç bir millətə başıaşağılıq gətirməz. Əksinə, mənəvi cəhətcə onu “təmizləyər”. Necə ki, faşist Almaniyasına görə alman xalqı bunu etdi.

Söhbət, sözsüz ki, həm də işğal dövründə ərazimizdə saysız cinayətlər, o sırada soyqırımları və etnik təmizləmələr törətmiş Ermənistandan və onun işğalçı ordusundan gedir. Azərbaycan xalqının isə həmişə alnı açıq, üzü ağdır. Çünki bu onun mülayim, tolerant xarakterindən irəli gəlir.    

“Ermənistan özü Xocalıda törətdiyi vəhşiliyi etiraf etməlidir, özü bizdən üzr istəməlidir”.

Xəbər verildiyi kimi, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.

İlham Əliyev daha sonra deyib: “Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməzsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”. Xatırladaq ki, erməni mediası, erməni revanşist çevrələri hələ də həyasızcasına “Xocalı soyqırımını azərbaycanlılar özləri törədib” kimi cəfəng iddianı tirajlayır. 

Nikol Paşinyan hökuməti özündə bu iradəni tapacaqmı? Ümumiyyətlə, rəsmi İrəvan İlham Əliyevin çağırışına reaksiya verəcəkmi? 

Ermənistan üçün böyük qayıdış planını əngəlləmək əsas prioritetə çevrilib-Oqtay  Qasımov | Informator informasiya portalı

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Xocalı soyqırımı 20-ci əsrin sonlarında ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən böyük cinayətlərdən biridir. Dünyanın müxtəlif ölkələrinin parlamentləri ermənilərin bu cinayətini soyqırımı olaraq tanıyıblar. Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşına həkk olub və heç vaxt unudulmayacaq: “Azərbaycan Prezidenti İlham Əliyevin Xocalıda bir neçə gün öncə səsləndirdiyi fikirlər tam şəkildə əslində Güney Qafqazda sülhün və əminamanlığın, sabitliyin bərqərar olunmasının əsas formullarından biridir desək yanılmarıq. Belə ki, əgər Ermənistan doğrudan da Azərbaycanla münasibətlərin normallaşdırmaq istəyirsə və bundan sonra iki ölkə arasında münasibətlərin əməkdaşlıq formatında olmasını istəyirsə bir sıra addımları atmalıdır. Bu addımların içərisində Ermənistan dövlətinin, Ermənistan terrorizminin Azərbaycan ərazisində törətdiyi cinayətlər də etirafın tapmalıdır. Bu olarsa əlbəttə ki, iki ölkə arasında etimad mühitinin sürətlə bərpa olunmasına kömək eləyə bilər. Əgər biz keçən əsirdə baş vermiş böyük müharibələrə diqqət etsək, xüsusilə ikinci dünya müharibəsindən sonra Almaniya özünün törətdiyi etiraf etdi, o cümlədən yəhudilərə qarşı həyata keçirdiyi soyqırımını etiraf edərək yəhudi xalqına təzminat ödəməyə hazır olduğunu bəyan elədi və bunu həyata keçirdi. Məhz bu addımla Almaniya və İsrail arasında, həmçinin alman və yəhudi xalqları arasında münasibətlər kifayət qədər normallaşdı. Azərbaycan Prezidentinin əslində təklifi həm beynəlxalq hüquqa, həm beynəlxalq təcrübəyə, həm haqq-ədalətə əsaslanan təklif kimi dəyərləndirilməlidir. Eyni zamanda bu təklif gələcək sabit, əməkdaşlıq şəraitində yaşayan Qafqaz üçün irəli sürülmüş təklif, çağırış kimi qiymətləndirilməlidir. Ermənistan tərəfinin Azərbaycan liderinin bu fikirlərinə yaxın zamanlarda müsbər reaksiya veriləcəyi və tezliklə Azərbaycandan üzr istənilənəcəyi ehtimalı azdır. Nikol Paşinyan bəlkə də öz hakimiyyətini qorumaq naminə bu istiqamətdə bəzi addımlar ata bilərdi, onun marağında da ola bilər ki, məhz Xocalı cinayətinin başında duran Köçəryan- Sərkisyan cütlüyü həbs olunsun və Azərbaycana təhvil verilsin. Paşinyanın daxilən bu istəkdə olması ehtimalı yüksəkdir. Amma hazırda Ermənistandakı durum, ümumiyyətlə erməni cəmiyyətinin əhvalı Xocalı cinayətini etiraf etməyə, üzr istəməyə və cinayətkarları cəzalandırmağa imkan vermir. Erməni cəmiyyətində psixoz vəziyyət, nifrət, kin, terrorizmə meyl qısa zamanda sağalmayacaq. Bu faşist düşüncənin məhv olması üçün əlbəttə Ermənistana bəlkə də daha ağır zərbələr vurulmalıdır ki, faşizm ideallarından daha sürətlə uzaqlaşsınlar”.

Politoloq qeyd etdi ki, Ermənistanın qarşısında digər bir örnək də var. Heç də uzaq olmayan keçmişdə-1990-cı illərdə Yuqoslaviya tərəfindən Bosniya və Hersoqovinada törədilən cinayətlərə görə Serbiya tərəfindən məhz bu cinayətləri təşkil eləyənlərin, həyata keçirənlərin mühakiməsinə razılıq verilməsi, onların tutulub beynəlxalq məhkəməyə təhvil verilməsi Serbiya ilə Bosniya arasında münasibətləri xeyli mülayimləşdirdi. Ermənistan da əslində bu yolla getməlidir: “Əgər getməyəcəksə o deməkdir ki, Ermənistan özünün uzun illərdən bəri mövcud olan niyyətlərindən hələ də daşınmayıb. Yəni Azərbaycan ərazilərinə iddialardan, türk düşmənçliyindən əl çəkməyib. Bu düşüncənin davam eləməsi isə özü Ermənistanın zərərinə olan amildir. Ermənistan inkişaf eləmiş normal bir dövlətə çevrilmək istəyirsə qonşuları ilə münasibətləri normallaşdırmalı və Xocalıda, digər Azərbaycan ərazilərində həyata keçirdiyi cinyaətləri qəbul etməli, üzr istəməlidir”. 

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Azərbaycan Prezidenti çıxışlarında Ermənistana normal gələcəkləri üçün çıxış yolunun nə olduğunu dəfələrlə çatdırıb. Ermənistan dövləti və xalqı Xocalı soyqırımını tanımalıdır və üzr istəməlidir: “Ermənistanın müəyyən blogerləri də bu fikri ara-sıra səsləndirirlər ki, Nikol Paşinyan gec-tez Xocalı soyqırımını tanımaqla bağlı parlamentdə təşəbbüs qaldıracaq, üzr istəyəcək. Xocalı soyıqımının tanınması üçün Azərbaycan illərdir iş aparır. Bu prosesdə Azərbaycanın mövqeyi həmişə belədir ki, dünya beynəlxalq hüquqa, humanitar hüquqa hörmət göstərsin və Xocalı soyqırımını tanısın. İkinci Dünya müharibəsində faşist Almaniyasının yəhudi xalqına qarşı törətdiyi cinayətlərə görə Almaniya bu günə qədər təzminat ödəməkdədir. Azərbaycan bu gün təzminat məsələsini qoymur, bu gün Azərbaycanın istəyi Xocalı soyqırımının Ermənistan dövləti tərəfindən qəbul edilməsi və Azərbaycan xalqından üzr istənməsidir. Lakin gələcəkdə Azərbaycan bu tələbi də qoya bilər ki, Ermənistan Xocalıda məhv etdiyi insanların yaxınlarına kompensasiya ödəməlidir. Ermənistan dövləti və cəmiyyəti hələ də faşist ideologiyası ilə nəfəs alır. Ona görə də Nikol Paşinyan hətta istəsə belə, belə bir vəziyyətdə Xocalı ilə bağlı bizim istədiyimiz addımı atmaqdan ehtiyatlanar. Ancaq əgər Ermənistan normal bir dövlətə çevrilmək və normal yaşamaq istəyirsə, ilk növbədə Azərbaycana qarşı cinayətlərini etiraf etməlidir. Günahlarını yumalıdırlar, Xocalı cinayətinin təşkilatçıları məsuliyyətə cəlb olunmalıdırlar. Serj Sərkisyan şəxsən özü Xocalı soyqırımının təşkilatçılarından biri olduğunu etiraf edib. Bu cür erməni canilər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu olarsa, Ermənistanın özünün dünyada imicinə müsbət təsir göstərər”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR