İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən mühüm açıqlamalar, mesaj və çağırışlar

1066 30.04.2022 08:50 Gündəm A A

Dövlət başçısı gündəmdəki mövzulardan, Qarabağ ermənilərindən danışdı, xəbərdarlıqlarını etdi...

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak və çıxış edib. Dövlət başçısı öz çıxışında olduqca mühüm məsələlərə toxunub və növbəti dəfə vacib açıqlamalar, mesajlar verib.

Prezident deyib ki, hazırda bizim əsas diqqətimiz Qarabağın necə bərpa edilməsinə və işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin necə geri qaytarılmasına yönəlib: “Eyni zamanda, biz beynəlxalq təşkilatların Cənubi Qafqazda yeni reallıqdakı regional inkişafa töhfə vermələrini dəstəkləyirik”.

Dövlət başçısı Şuşada reallaşan beynəlxalq tədbirdən bəhs edərkən xalqa müjdə verərək bildirib ki, bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə növbəti beynəlxalq konfrans gələn il Laçında baş tutacaq (Qeyd edək ki, konfransın birinci günü aprelin 28-də Şuşada keçirilib, ikinci günü isə bir gün sonra Azərbaycan Prezidentinin iştirakı ilə Bakıda ADA Universitetində təşkil olunub - red.)

Prezidentin çıxışının əsas hissəsini bu dəfə də Qarabağ və Ermənistanla bağlı məsələlər təşkil edib. “İndi biz Qarabağın və Zəngəzurun Azərbaycanın qalan hissəsi ilə dərin inteqrasiyası üzərində işləyirik, ona görə də dəmir yolları, hava limanları tikilir, elektrik enerjisi verilir. Suyun paylanması məsələsi bir az daha çox vaxt aparacaq”, - ölkə rəhbəri deyib. Prezident ermənilərin ekoloji terrorundan bəhs edib: “Biz çaylarımızdan məhrum olmuşduq, çünki 30 il ərzində yazda, yayda suya ehtiyacımız olanda Ermənistan Tərtər çayının qarşısını kəsərək quraqlıq yaradırdı. Qışda isə çayı açıb, sel yaradırdılar. Bu, əsl ekoloji terror idi”. O xatırladıb ki, bir neçə il əvvəl AŞPA-da Ermənistanı buna görə pisləyən qətnamə qəbul edilib.

“Biz bilirik ki, Ermənistan Qarabağdakı müharibəyə Rusiyanı cəlb etmək istəyirdi. Lakin bu, baş tutmadı. Çünki biz öz torpaqlarımızda döyüşürdük”, - deyən Prezident əlavə edib ki, Ermənistan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öhdəlikləri ilə manipulyasiya etməyə cəhdlər göstərib. İlham Əliyev bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə yük təyyarələri vasitəsilə Rusiyadan Ermənistana müntəzəm olaraq silahlar daşınıb: “Biz bu marşrutu izlədik - Rostovdan və Mozdokdan gəlirdi. Biz gürcüstanlı dostlarımıza dedik ki, onlar hava məkanını bağlasınlar və onlar bunu etdilər. Eyni zamanda, onlara dedik ki, Rusiyadan Ermənistana Gürcüstanın quru ərazisindən silah daşınmasının qarşısını alsınlar. Onlar quru yolunu da bağladılar. Biz Xəzəryanı dövlətlərə məktub göndərdik ki, onlar Rusiya yük təyyarələrinin öz ərazilərindən Ermənistana silah daşınmasına icazə verməsinlər. Bu barədə Qazaxıstan, Türkmənistan və İrana müraciət yollamışdıq. Lakin təəssüflər olsun ki, həmin ərazilərdən silah daşınması üçün istifadə edildi və o silahlar Ermənistana daxil oldu”.

BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı dörd qətnamə qəbul etdiyini xatırladan ölkə başçısı məsləhət görüb ki, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə heç zaman ümid bəsləməyin, çünki onların heç bir dəyəri yoxdur.

Ölkə rəhbəri erməni işğalından hazırda da böyük əziyyət çəkdiyimizlə bağlı danışıb. Sitat: “Təəssüf ki, Ermənistan bu dəhşətli davranışına görə heç qınanmadı da. Və biz indi onların yeni basdırdıqları minaları çox çətinliklə tapırıq. Deməli, bu, onların davranışlarının növbəti nümayişidir, düzgün qeyd etdiyiniz kimi, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, tərk etməli olduqları əraziləri çıxmaq üçün onlara 10 gündən 20 günə qədər vaxt vermişdik. Amma bundan mina basdırmaq, tikmədikləri, ancaq məskunlaşdıqları evləri yandırmaq, ağac kəsmək və başqa ekoloji fəlakətlər törətmək üçün istifadə edirdilər. Beynəlxalq dəstəyə gəlincə, təəssüf ki, indiyədək heç bir beynəlxalq təşkilatdan dəstək almamışıq. Nə ediriksə, öz hesabımıza edirik. Biz prosesi sürətləndirməyə kömək edə biləcək bir neçə beynəlxalq şirkətlə müqavilə bağlamaq istəyirdik, lakin təəssüf ki, onların tələb etdikləri qiymət çox yüksəkdir, hətta bizim Minatəmizləmə Agentliyimiz üçün ödədiyimiz xərcdən bir neçə dəfə yüksəkdir. Deməli, buna kommersiya nöqteyi-nəzərindən baxırlar. Yaxşı, biz bunu müəyyən dərəcədə başa düşə bilərik, çünki onlar özəl şirkətlərdir. Amma biz bunu edə bilməyəcəyik, çünki astronomik rəqəmlərdir, minatəmizləmənin bir metrinə görə pul almaq istəyirlər”.

“Azərbaycanda müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində 200-dən çox hərbçi, mülki şəxs həlak olub və ya ağır yaralanıb”, - Prezident deyib.

Ölkə Prezidenti daha bir vacib mövzudan bəhs edib: “Avropa İttifaqı Ermənistana 2,6 milyard avro, Azərbaycana isə 140 və ya 160 milyon avro dəstək elan edəndə təbii ki, biz öz səsimizi çox yüksək səviyyədə qaldırdıq. Bu da ikili standartların növbəti nümayişi idi. Bildirdim ki, Ermənistanda bir dənə də olsun sökülən ev yoxdur, niyə onlara 2,6 milyard avro ayırırsınız və bunun da böyük bir hissəsi kredit olmayacaq, qrant olacaq, sadəcə hədiyyə olacaq. On min kilometrlərlə ərazisi tamamilə dağıdılan ölkəyə, Azərbaycana ancaq yüz milyonlar. Cavab olmadı, amma yaxşı oldu ki, sonradan Aİ bu məsələni həll etməyə başladı və Aİ Şurasının Prezidenti Mişellə sonuncu söhbətim zamanı o, mənə dedi ki, minaların təmizlənməsi üçün 5 milyon avro ayıracaqlar. Biz buna görə minnətdarıq, lakin əlbəttə ki, bu, böyük fərq etməyəcək. Bizə həm də mina problemləri ilə məşğul olan beynəlxalq QHT-lərin ciddi dəstəyi lazımdır. Onların heç biri üzünü Azərbaycana çevirməyib. Biz bilirik ki, bir neçə QHT və fond ölkələrə minalardan qurtulmağa kömək edir, amma bizə heç kim kömək etmir”.

“Əfsuslar olsun ki, Ermənistanda tarixi hələ də, hər bir addımda saxtalaşdırmaqla məşğul olurlar. Eləcə də Azərbaycan torpaqları, Qarabağ ilə bağlı saxtakarlıqların şahidi oluruq”-dövlət başçısı Cenevrə Universitetinin təmsilçisi Ventzeslav Sabevin sualına cavabında söyləyib. “Azərbaycan şəhərlərinin adlarını belə rəsmən saxta erməni adları ilə dəyişirdirlər. Məsələn, Şuşa şəhərini ”Şuşi" adlandırmağa başlamışdılar. “Şuşi” adı tarixdə heç zaman olmayıb və heç bilmirəm “Şuşi” nə deməkdir?!"- deyə bildirib.

Ölkə rəhbəri deyib ki, 2020-ci ilin 10 noyabrında Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra onlar təəssüf ki, tərk etmələri üçün verilmiş 20 günlük vaxtdan Kəlbəcərin dağıdılmasına istifadə etdilər: “Evlər və ağaclarla yanaşı, onlar 30 Su Elektrik Stansiyasını məhv etdilər. Təsəvvür edirsiniz? Onlara əşyalarını götürmək üçün verdiyimiz vaxtdan dağıdıcılıq üçün istifadə etdilər. İndi hər şey sənədləşdirilib. Biz Kəlbəcər və Tərtərdə yenidənqurma işlərinə başlamışıq. Qeyd etdiyim kimi, 20 meqavat artıq istismara verilib. 25 meqavat isə bu il veriləcək. Amma bunlar sadəcə SES-lərdir və orada SES-lər üçün daha çox potensial var. Qarabağda günəş və külək enerjisi üçün biz BP ilə müzakirələrin yekun mərhələsindəyik”.

Prezident qeyd edib ki, Cəbrayılda 200 meqavat gücündə günəş enerjisi stansiyasının, Kəlbəcərdə isə beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində 100 meqavat gücündə külək enerjisi stansiyasının istifadəyə verilməsi planlaşdırılıb. Ölkə rəhbəri deyib ki, ilkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə 9200 meqavat günəş və külək enerjisi potensialı var. 

Ölkə rəhbərinin sözlərinə görə, Azərbaycan indi Ermənistanı dəvət edir ki, regional inkişafın tərkib hissəsi olsun, bunun üçün imkanlar var: “Bu, onlar üçün xeyirlidir”. İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanın enerji resurslarına çıxış əldə edə bilər. “Eyni zamanda, Ermənistan beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı ola bilər”, - deyə o vurğulayıb.

Dövlət başçısı Qarabağ erməniləri ilə bağlı mövqeyini də elan edib:  “Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi bütün hüquqlara və təhlükəsizlik təminatlarına sahibdirlər”. 

“Azərbaycan Ermənistandan fərqli olaraq çoxsaylı milli azlıqların nümayəndələrinin yaşadıqları ölkədir”, - deyən dövlət başçısı bildirib ki, onların hamısı ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayır: “Azərbaycanda erməni xalqının nümayəndələri də yaşayıblar və onlar heç vaxt hər hansı problemlə qarşılaşmayıblar. Buna görə də Ermənistanda azərbaycanafobiya təbliğatına son qoyulmalıdır. Ermənistanın bizimlə bağlı yaratdığı miflər heç vaxt sülhə töhfə verməyəcək”.

Prezident həmçinin bildirib ki, Azərbaycanın bütün qonşuları ilə, təkcə Türkiyə və Rusiya ilə deyil, Gürcüstan və İranla da yaxşı münasibətləri var. Ölkə başçısı ümid etdiyini bildirib ki, Azərbaycanın Ermənistanla da yaxşı əlaqələri olacaq. “Beləliklə biz sabitlik ərazisini əhatə edəcəyik. Biz bunu istəyirik. Sülh gündəliyinə, iqtisadiyyata köklənməklə bunu edə bilərik. Hər il milyardlarla dollar silah alınmasına pul xərcləməklə deyil, iqtisadiyyatı və yenidənqurmanı şaxələndirməklə bunu edə bilərik”, - deyə İlham Əliyev əlavə edib.

Prezidentin sözlərinə görə, Azərbaycan mövcud müqavilələr əsasında qaz layihələrini inkişaf etdirməyi planlaşdırır: “Biz bütün istehlakçılarımız qarşısında imzalanmış müqavilələr üzrə bütün öhdəliklərimizi 100 faiz yerinə yetiririk. Bu gün qazımız Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. İtaliya Türkiyə ilə yanaşı qazımızı ən çox alan ölkələrdən biridir. Biz mövcud müqavilələr əsasında qaz layihələrimizi inkişaf etdirməyi planlaşdırırıq. Mövcud müqavilələrdə müəyyən məbləğ nəzərdə tutulub. Satmağa yer olmadığı üçün əlavə istehsal etmirik. Əgər başa düşdüyüm qədər təcili tələbat varsa, ilk növbədə, resurslara baxmaq lazımdır. İstehsalımız daxili istehlak və ixracdan hesablanır. İndi təkcə İtaliyadan deyil, bir sıra digər Avropa ölkələrindən də tədarükün artırılması ilə bağlı bir neçə müraciət almışıq”.

İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığından da bəhs edib: “Ötən ilin iyununda Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki ölkə və xalqlar arasında qardaşlığın və əməkdaşlığın bariz nümunəsidir. Biz bu sənədlə bütün formatlarda əməkdaşlığımızı rəsmiləşdirdik. Şuşa Bəyannaməsini imzalamaqla Türkiyə ilə həm sözdə, həm də əməldə birliyimizi bütün dünyaya bəyan etdik”.

Dövlət başçısı Azərbaycan və Türkiyənin bütün istiqamətlər, o cümlədən hərbi sahədə və müdafiə sənayesi sahəsində müttəfiq olduğunu vurğulayıb. Onu da qeyd edib k, ərazimizdə müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub. “Bir il yarımdır ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə vəziyyət ümumilikdə sabitdir. Əvvəllər sərhəddə cüzi gərginlik olub, indi orada da durum sabitdir”, - dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, tunelin tikintisi zamanı Rusiya sülhməramlıları yüklərin Kəlbəcərə çatdırılması üçün mühüm nəqliyyat imkanları yaradır.

Ölkə rəhbəri deyib ki, tezliklə Azərbaycan-Ermənistan birgə işçi qruplarının görüşü keçiriləcək. O, xalqa da müjdə verib. Belə ki, o, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesi zamanı istifadə oluna biləcək xəritələrdən danışıb. “Bizim mövqeyimiz budur ki, sərhədlər müəyyənləşərkən tarix əsas götürüləcək. Biz təkcə bir xəritəyə yox, bir neçə xəritəyə konsentrasiya oluruq. 1918-ci ildə İrəvan Azərbaycanın tərkib hissəsi olub. 1920-ci ildə isə Zəngəzur Azərbaycanın tərkib ərazisi idi”, - deyə İlham Əliyev əlavə edib. Dövlət başçısı bildirib: “Azərbaycanın mövqeyi budur ki, sərhəd delimitasiyası üçün 1918-ci ildən başlayaraq, 1991-ci il, SSRİ-nin süqutuna qədər olan müddətdəki xəritələr əsas götürülsün”.

Hazırladı: E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR