İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyevin o təklifi: BMT-nin baş katibi üç ölkənin adını çəkdi 

918 19.01.2024 12:31 Siyasət A A

Siyasi ekspert: “BMT yaranan zaman qəbul olunan nizamnamə dəyişən dünyanın tələblərinə əsla cavab vermir”

“Bu gün bir sıra böhranlarda İsrail, İran, Türkiyə kimi orta səviyyəli ölkələr BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya), BMT-nin baş katibindən daha çox təsirə malikdir”. BMT-nin baş katibi Antonio Quterreş Davos Dünya İqtisadi Forumunda deyib.

“Çox maraqlıdır. Bu gün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü daha az təsirə malikdir. Siz etiraf etməlisiniz ki, bu gün baş verənlərə böyük güclərdən daha çox təsir göstərən orta güclərimiz var”, - Quterreş bildirib. “İsrail, İran və Türkiyə kimi ölkələr, mənim yaxın keçmişdə üzləşdiyim böhranlarda, həftələrlə bir şeydə razılaşdıqları bir mətni qəbul etmək üçün mübarizə aparan Təhlükəsizlik Şurasının beş daimi üzvündən daha təsirli olduqlarını sübut etdilər”, - deyə o bildirib. 

Prezident İlham Əliyev də BMT-də ciddi islahatlara ehtiyac olması ilə bağlı bir neçə dəfə mövqe bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır.

Xüsusilə də son 30 ildə baş verən hadisələr, siyasi-hüquqi mənzərə BMT-də islahatların zəruri olduğunu qeyd-şərtsiz təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də Təhlükəsizlik Şurasında yer alan ölkələr istənilən qərarı qəbul edirlər, istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Hətta artıq bəzi beynəlxalq hərbi əməliyyatlarda BMT Təhlükəsizlik Şurasının mövqeyinə (icazəsinə) ehtiyac yoxdur. 

İkincisi, Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət 4 qətnamənin yerinə yetirilməməsindən gedir. Bu hal Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etməklə dünyanın 5-dən böyük olduğunu sübuta yetirdi.

Faktlar təsdiqləyir ki, BMT-də islahatların əleyhinə çıxanlar elə Təhlükəsizlik Şurasının 5 daimi üzvü sırasında yer alan dövlətlərdir. Çünki onlar ənənəvi mövqelərini və təsir imkanlarını əldən vermək istəmirlər. Bütün hallarda Təhlükəsizlik Şurasının strukturunda dəyişiklik edilməli, “beynəlxalq birliyin konstitusiyası” adlandırılan BMT Nizamnaməsində əlavələr və düzəlişlər olmalıdır. 

Yusif Bağırzadə: "Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların qeydə  alınması təqdirəlayiq haldır"

Yusif Bağırzadə

Siyasi şərhçi Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, BMT-də islahatlara ehtiyac olduğu ilə bağlı uzun illərdir ən yüksək tribunalardan bəyanatlar verilir. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Ərdoğan, BMT Baş Katibi Quterreş, o cümlədən də Almaniya, Macarıstan, İtaliya, Yaponiya xarici işlər nazirləri və bir çox digər siyasilər islahatların qaçılmaz olduğunu dəfələrlə bəyan ediblər. Həqiqətən də BMT-də ciddi islahatların keçirilməsi şərtdir: “Əvvəla ona görə ki, 1945-ci ildə formalaşan və həmin vaxt öz sıralarında cəmi 50 ölkəni birləşdirən BMT-də artıq 193 ölkə fəaliyyət göstərir və təbii ki, sıraları dörd dəfəyə yaxın böyüyən bir təşkilat əvvəlki qaydada fəaliyyət göstərə bilməz. İkincisi, keçən təqribən 80 illik dövr ərzində təkcə zaman dəyişməyib, həm də dövlətlər dəyişib, dünyada yeni reallıqlar yaranıb. BMT yaranan zaman qəbul olunan nizamnamə isə dəyişən dünyanın tələblərinə əsla cavab vermir. Məhz bu səbəbdən də bir sıra hallarda BMT qlobal miqyasda baş verənlərə operativ yanaşma sərgiləyə bilmir”. 

Ekspertin sözlərinə görə, BMT daxilində islahatların aparılmasının ən çox zəruri olduğu qurum şübhəsiz ki, Təhlükəsizlik Şurasıdır. Cənab Prezident Ərdoğanın “Dünya beşdən böyükdür”, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasında bir daimi yerin İslam Əməkdaşlıq Təşkilatına, daha bir yerin Qoşulmama Hərəkatına verilməsi ilə bağlı çağırışları da məhz bu zərurətdən irəli gəlir: “Həqiqətən də missiyası beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi olan bir qurumun beş ölkənin inhisarında saxlanılması heç bir halda ədalətli sayıla bilməz. Beş ölkənin maraqları və bir-biri ilə rəqabəti nəticə etibarilə bütün üzv dövlətlərin hüquqlarının heç bir ayrı-seçkilik qoyulmadan müdafiə olunmasını imkansız edir. Xüsusilə Türkiyənin dünyada, regionda təsir imkanları, nüfuzu bu gün, məsələn, Fransanın nüfuzundan daha güclüdür. Türkiyəyə dünyanın daha çox dövlətlərinin etimadı var, nəinki Fransaya. Ona görə də BMT-də islahatlar keçirilməlidir, Türkiyə və digər nüfuzlu dövlətlər BMT-nin ciddi söz sahibi olan üzvləri statusunu əldə etməlidirlər. Yalnız bu yolla BMT-ni beş dövlətin girovluğundan xilas etmək mümkündür.  

Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ilə yanaşı Baş Assambleyanın vəzifə və imkanları da genişləndirilməlidir. Qəbul edilən qərarların dəqiq icra mexanizmləri yaradılmalıdır. Əsas məqsəd hər bir üzv dövlətin hüquqlarının təmin edilməsi olmalıdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR