İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyevin Laçın postu ilə bağlı o sözü və son nöqtəsi

863 31.05.2023 12:22 Siyasət A A

Kişinyov görüşündə Makron Laçın yolundakı nəzarət mexanizmi haqda nəsə deyə bilər ki, bunun da heç bir əhəmiyyəti olmayacaq

Gözləntilərə baxmayaraq, mayın 25-də Moskvada üçtərəfli görüş heç bir rəsmi sənəd imzalanmadan başa çatdı. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Ermənistanın baş nazirinin əslində təxribatçı açıqlamaları - Azərbaycanın guya bu ölkəyə ərazi iddiası olduğu, Laçın yolunun bağlandığı haqda yalanları danışıqlarda bir nəticə olmayacağına işarə idi. 

Paşinyan çıxışında dedi ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata görə, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi, lakin “Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb”.

Ancaq iqtisadi bir platformada Paşinyanın siyasi çıxışı cavabsız qalmadı, Azərbaycanın dövlət başçısı dedi ki, dəhliz bloklanmayıb: “Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları Ermənistan tərəfə sərbəst keçirlər. O cümlədən Qırmızı Xaçın xətti ilə daşınan pasiyentlər, həmçinin Xankəndi şəhərindən təcili yardım maşınları ilə bağlı heç bir maneə yoxdur. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir”.

Prezident İlham Əliyev Laçına son səfərində bu məsələyə bir daha toxundu, əslində isə erməni xəyallarına son qoydu. Sitat: “Biz 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq məsələni birdəfəlik həll etdik, ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik. Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”. Dövlət başçısı daha sonra deyib ki, aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır: “Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək, onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq”.

Bu, hələ də Laçın yolunda yenidən özbaşına hərəkət etmək, istədikləri silahları və qanunsuz dəstələri Qarabağa yerləşdirmək arzusundan əl çəkməyən ermənilərə xəbərdarlıqdır. Bu, həm də Kişinyov görüşündə Azərbaycana bu məsələdə təzyiq yaratmaq istəyən Ermənistana və onun havadarlarına açıq xəbərdarlıqdır ki, Laçın postu ilə bağlı heç nəyə və heç kimə ümid etməsinlər. Doğrudur, hansısa gizli yollarla, rusların müşayiəti ilə Xəlifəli-Kərkicahan istiqaməti ilə separatçı silahlı birləşmələrin döyüş mövqelərinə silah daşınması halları var. Lakin Azərbaycan tezliklə bu məsələnin də kökünü qazacaq. Kişinyov görüşündə isə ən pis halda, Makron Laçın yolundakı nəzarət mexanizmi haqda nəsə çərənləyə bilər ki, bunun da bir əhəmiyyəti olmayacaq.

Siyasi analitiklər bu mövzuda hansı qənaətdədir? Laçın yolundakı NBM-lə bağlı təzyiqlər güclənə bilərmi? Fransa prezidentinin bu məsələni müzakirəyə çıxarması mümkündürmü? Əliyevin bəyanatları məsələyə möhür vurulduğunu deməyə əsas verirmi?

Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Moskvada Laçın postu haqda danışılanda Putin reaksiya bildirmədi. Onun fikrincə, bundan sonra Makron, yaxud Avropa Birliyi Bakıya hər hansı təzyiq edə bilməz, etsə belə, nəticəsi olmayacaq. “Hansı ölkənin sərhəd-keçid məntəqəsi olmur? Belə nümunə varsa, bizə də göstərilsin. Əgər üçtərəfli sənədə istinad edilirsə, o halda 10 noyabr razılaşmasına bir daha baxsınlar. Orada deyilmir ki, Laçın dəhlizi ilə silah-sursat, mina, hərbi qüvvə daşınmasına icazə var. O yoldan humanitar məqsədlər üçün istifadə edilə bilər. Ermənilər isə özlərini pis apardılar və bu da cavabıdır. Əgər silah daşınmasaydı, sərhəd məntəqəsinə bəlkə də zərurət olmazdı. Ruslar üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün özümüz bu işi görmüşük. Yol bağlı deyil, sadəcə, nəzarət var. Ermənilərin içində xain plan yoxdursa, adam kimi gedib-gəlirlərsə, bu postdan niyə narahatdırlar?”, - deyə ekspert ritorik sual verir.

Təhlilçinin dediyinə görə, rus-erməni birləşməsi yenə həyasızlığı davam etdirir: “Biz yola nəzarət postu qoyuruq, onlar ayrı keçidlər tapırlar ki, səngərə silah daşısınlar. Buna Paşinyan cavab verməlidir. Kim ona ixtiyar verib ki, Ermənistan ərazisindən Qarabağa hərbi texnika daşınsın? Əgər baş nazir Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edirsə, niyə bu torpaqlarda erməni hərbçisi var və nə üçün onlara silah göndərilir? Tamamilə absurd məsələdir və Moskva görüşündə də Paşinyan bu məsələlərə aydınlıq gətirməli idi. Ona görə də Ermənistanla sərhəddə qurduğumuz nəzarət mexanizmini hansısa qüvvə oradan yığışdıra bilməz”.

Elxan Şahinoğlu: "İrəvan indi də Fransaya yalvarır"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bugünlərdə Moskvadan qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də yenidən Rusiyaya iki günlük səfər edəcək: “Nikol Paşinyan son Moskva görüşündən narazı qaldığını gizlətməyib. Onu narazı salan Kremlin Laçında sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı Bakıya təzyiq etməməsidir. Buna baxmayaraq, Paşinyan Kremlin hər səfər çağırışına "əmr edərsiniz" deyib Rusiyaya yollanır. Nikol iyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, vasitəçi Brüssellə yanaşı, Paris və Berlin olacaq. Görünür, Kreml Paşinyandan bu görüşün hesabatını istəyəcək. Paşinyan Kremli rahatlatmaq üçün bəri başdan deyib ki, Kişinyovda sülh sazişi imzalanmayacaq".

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

 Asif Nərimanlı

Siyasi ekspert Asif Nərimanlı hesab edir ki, Əliyevin təslim olmaq və amnistiya imkanı ilə bağlı çağırışını separatçıların ciddiyə almaq istəmədikləri görünür: “Gün ərzində verdikləri açıqlamalarda "müstəqil ölkə" olduqlarından danışır, təslim olmayacaqlarını bildirirlər və belə görünür ki, “ermənilərə qarşı terror edilir” iddiası ilə beynəlxalq təşkilatlara müraciətləri artırmaq niyyətindədirlər, hərçənd beynəlxalq səviyyədə qəbul olunan hansısa bəyanat, yaxud Bakıya edilən çağırışların heç bir praktiki tərəfi yoxdur. Bu vəziyyətdə Bakının praktiki addımlar atmaqdan başqa yolu qalmır, əslində Əliyevin məsələni “Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək” formasında qoyması da hadisələrin bu istiqamətdə inkişafı gözləntisini artırır.  Müdafiə Nazirliyinin son məlumatları da - “qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”, “qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub” - yaxın dövrdə praktiki addımların atıla biləcəyindən xəbər verir".

Emil SALAMOĞLU   
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR