İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyev Şuşaya toplaşan İƏT nazirlərinə niyə məktub göndərdi; onlara hansı mesajlar verildi?

1407 12.10.2023 10:18 Son xəbər A A
İlk yayınlanma vaxtı: 11.10.2023

Prezident İlham Əliyev cari ilin 10 oktyabr tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktub ünvanlayıb...

Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Ölkəmiz bu təşkilatın fəal üzvlərindən biri olmaqla, üzv ölkələrlə əlaqələrinin bütün istiqamətlər üzrə genişləndirilməsində maraqlıdır. Rəsmi Bakı İƏT üzvü olan bütün ölkələrlə qarşılıqlı iqtisadi münasibətlərin dərinləşməsinə, üzvlərin Təşkilatın nəhəng iqtisadi potensialından birgə yararlanmasına xüsusi önəm verir.

Prezident İlham Əliyevin Şuşaya yığışan nazirlərə ünvanladığı müraciətdə də qeyd etdiyi kimi, İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir: “Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır”.

İƏT üzvü olan Türkiyə və Pakistanla ölkəmizi strateji müttəfiqlik münasibətləri birləşdirir. Üç ölkə həm də regional və beynəlxalq müstəvidə bir-birinə mühüm dəstək verir. 

00000.jpg (259 KB)

İƏT üzvü olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla Azərbaycanı həm də Türk Dövlətləri Təşkilatı birləşdirir. Ölkələrin sıx əməkdaşlıq etdikləri daha bir müstəvi Asiyadan Avropaya yükdaşımaların ən səmərəli marşrutlarından olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizdir. Azərbaycan bu dəhlizin genişlənməsi üçün bütün iştirakçı dövlətlərlə, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstanla ən sıx əməkdaşlıq formatlarının yaradılmasının aktiv təşəbbüskarlarından biridir: “Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”.

Prezidentin qeyd etdiyi kimi, Azərbaycan Hindistandan malların İran üzərindən ölkəmizin ərazisinə, buradan isə Avropa və Rusiyaya ötürülməsini nəzərdə tutan Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təmin olunması üçün öz ərazisindəki infrastrukturun yaradılmasını sürətlə həyata keçirir. İranla sərhədə qədər dəmiryol xətti tam yenilənib, Azərbaycan Astarasından İran Astarasına yeni xətt çəkilib, dəmiryol körpüsü tikilib, İran Astarasında yük terminalları inşa olunub. Bundan əlavə, hazırda ərazidə avtomobil yolu körpüsünün tikintisi aparılır. Bakı həmçinin dəhlizlə daşımaların müddətinin kəskin azalmasına gətirib çıxaracaq Rəşt-Astara dəmiryol xəttinin tikintisində fəal iştirak edir. 

e1bb7869-2f39-316f-8ed8-15f078d5b020 (1).jpeg (284 KB)

Prezident İlham Əliyev nazirlərə müraciətində bildirib ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır: “Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır”.

Azərbaycan azad olunan ərazilərin bərpasını çox kiçik istisnalarla öz hesabına həyata keçirir. İndiyədək bu istiqamətə 7 milyard dollar ayrılıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən böyük quruculuq işləri bölgəyə qayıdacaq əhalinin məşğulluğunu təmin etmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti yurdlarına qayıdan əhalinin məşğulluğunun təmin olunması üçün Cəbrayı və Ağdamda sənaye zonaları yaradır. Ərazidə işləyəcək şirkətlərə, mütəxəssislərə dövlət tərəfindən böyük güzəşt və imtiyazlar verilir.

Böyük Qayıdış proqramının uğurla icrası nəticəsində artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. Növbəti üç ildə isə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaq. 

9d07e4c3-a45f-3d2d-bc2b-fec459bd0e03.jpeg (365 KB)

Azərbaycan həmçinin enerji keçidi prosesini uğurla reallaşdırmaq üçün mühüm addımlar atır: “Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir”.

Qeyd edək ki, ötən ilin iyulunda Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Ölkəmizdən Avropaya təbii qazla yanaşı, elektrik enerjisi və yaşıl enerjinin də ixracını nəzərdə tutan memorandumda nəzərdə tutulan müddəaların icrası istiqamətində ilk real addım 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə qoyulub.

Musavat.com xatırladır ki, imzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib. 

1683542623.jpg (85 KB)

Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayacaq. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.

Azərbaycan ötən il Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı şirkətləri ilə ümumi istehsal gücü 450 mVt olan külək və günəş elektrik stansiyalarının qurulmasına dair müqavilə imzalayıb, hər iki stansiyanın 2 ilə istifadəyə verilməsi nəzərdə tutulur. Bp şirkəti isə Cəbrayıl rayonunda 240 mVt-lıq günəş stansiyası qurur. Azərbaycanın ən böyük elektrik stansiyası olan “Azərbaycan” İES-də aparılan işlər burada da istehsal gücünün kəskin artımına gətirib çıxaracaq. Beləliklə, yaxın 2-3 il ərzində Azərbaycanın elektrik enerjisi ixracı potensialı kəskin artacaq. Bu isə Qara dənizin dibi ilə çəkiləcək kabellə ötürüləcək enerji gücünün təmin olunmasına imkan verəcək.

Cair ilin yayında Buxarest şəhərində Azərbaycandan Avropaya yaşıl enerjinin ixracı istiqamətində daha bir addım atılıb. Belə ki, “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib. Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Bolqarıstanın və Avropa Komissiyasının nümayəndələri də iştirak edib. İclasda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, müvafiq ölkələrin sistem operatorlarının iştirakı ilə təsis olunan birgə müəssisə Saziş çərçivəsində yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün məsul qurum olmaqla Rəhbər Komitə qarşısında cavabdehlik daşıyacaq. 

633e804d955a5633e804d955a61665040461633e804d955a1633e804d955a3jpg-1668458557.jpg (320 KB)

İclasda layihənin Qara dənizlə bağlı ilkin mərhələsinin texniki-iqtisadi əsaslandırılmasının bu ilin oktyabr ayında başa çatacağı bildirilib.
Prezident İlham Əliyev 2020-ci ilin iqtisadi yekunlarına dair 2021-ci ilin yanvarında keçirilən müşavirədə işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasını vəzifə kimi qarşıya qoyub. Onun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamının icrası çərçivəsində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və Konsepsiya sənədi hazırlanıb. Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Energetika Nazirliyinin məlumatına əsasən ilki qiymətləndirmələr Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensialın 7200 MVt-dan artıq olduğunu göstərir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisi üzrə texniki potensial 2000 MVt təşkil edir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.

Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək.

Bundan başqa, 2021-ci ilin iyununda Energetika Nazirliyi ilə bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə İcra Müqaviləsi imzalanıb, layihə təsdiqlənib.

2022-ci ilin payız aylarında “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılıb. Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb. 4 stansiyadan ibarət 42 meqavatlıq “Zəngilan” Su Elektrik Stansiyalar Silsiləsi işğaldan azad edilən ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Bu layihə rekord müddətdə - cəmi bir ilə ərsəyə gəlib. “Zəngilan” su elektrik stansiyaları silsiləsində il ərzində 130 milyon kilovat-saatdan artıq “yaşıl enerji” istehsal ediləcək. 

1695901722_16959007495186033692_1200x630.jpg (342 KB)

“Ağbulaq”, “Alxaslı” və “Mişni” stansiyaları ilə birlikdə indiyədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

Avqustda istismara verilən “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarından əlavə indiyədək Kəlbəcər rayonunda 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 6,3 meqavat gücündə “Qamışlı” və 3,4 meqavat gücündə “Meydan” Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq.

Beləliklə, Azərbaycan azad olunan əraziləri yaşıl enerji zonasına çevirmək üçün çox sürətli fəaliyyətlər həyata keçirir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR