İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşada İqtisadi Forumda Güney Azərbaycan paneli keçirilib - FOTOLAR

441 11.09.2023 12:21 Siyasət A A

Sentyabrın 7-də Topçubaşov Mərkəzi Polşanın Karpaç şəhərində keçirilən 32-ci İqtisadi Forumunda “İranda insan hüquqlarının vəziyyəti: etnik azərbaycanlıların nümunəsində” adlı panelə ev sahibliyi edib və dünyanın müxtəlif yerlərindən bir neçə eksperti bir araya toplayıb.

Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynovun Musavat.com-a verdiyi məlumata görə, İranda böyük etnik azlıq (müxtəlif hesablamalara görə, 15-30 milyon) olmasına baxmayaraq, güney azərbaycanlılara qarşı baş verən ayrıseçkilik beynəlxalq səviyyədə kifayət qədər öyrənilməyib. Buna görə məqsəd həm də bu istiqamətdə daha çox müzakirələrə yol açmaq idi.

Vaşinqton Universitetinin (Sietl, ABŞ) tədqiqatçısı Ramin Cabbarlı İranda müxtəlif hökumətlərin onilliklər ərzində güney azərbaycanlılara qarşı diskriminativ münasibətini və onun müxtəlif aspektləri olan farslaşdırma siyasəti, toponimlərin dəyişdirilməsi, ana dilində təhsilin olmaması, iqtisadi ayrıseçkiliyi izah edib.

Toronto Universitetinin (Kanada) tədqiqatçısı Türkan Bozqurd isə çıxışında İranda etnik qrupların hüquqlarının və etnik azərbaycanlılara qarşı ayrıseçkiliyin gender aspektlərinə diqqət yetirib.

Yaxın Şərq Həqiqətləri Fondunun (EMET) (Vaşinqton, ABŞ) əməkdaşı Cozef Epsteyn bir vaxtlar ən böyük duzlu göllərdən biri sayılan Urmiya gölünün qurumasının mümkün siyasi, iqtisadi və demoqrafik nəticələri barədə danışıb. Onun sözlərinə görə, azərbaycanlıların məskunlaşdığı əyalətdə yerləşən göldə suyun səviyyəsi bu sürətlə azalmağa davam edərsə, bu, tarixdə ikinci ən böyük əhali köçünə səbəb ola bilər.

May ayında güney azərbaycanlıların Berlində təşkil etdiyi böyük mitinqi canlı olaraq izləmiş Avropa İttifaqının M.Küri Təqaüdçüsü (2024-2026) (Brüssel, Aİ) Dr. Mauritsio Ceri də öz təcrübəsini bölüşərək, Qərb paytaxtlarında Güney Azərbaycan mövzusuna daha çox diqqəti cəlb etmək məqsədi ilə sözügedən prosesi “EU Reporter” (Brüssel) media orqanında işıqlandırdığını bildirib. O, həmçinin Aİ strukturlarını və ayrı-ayrı ölkələri İranda insan və etnik azlıqların hüquqlarına daha çox diqqət yetirməyə və vəziyyəti yaxşılaşdırmaq üçün Tehrana daha çox təzyiq göstərməyə çağırıb.

Panelin digər iştirakçısı Tel-Əviv Universitetinin Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin (Tel-Əviv, İsrail) tədqiqatçısı Dr. Hay Eytan Koen Yanarocaq isə daha çox Güney Azərbaycan məsələsinin Yaxın Şərq və Qafqaz kontekstində geosiyasi çəkisi barədə danışıb, bu mövzunun Tehranın Azərbaycan Respublikasına qarşı iddialı və bəzən qeyri-dost münasibətinin, eləcə də Ermənistanla tərəfdaşlıq kimi geosiyasi gedişlərinə təsir etdiyini bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR