İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovnikdən ŞOK AÇIQLAMALAR: “Zelenski devrilə… - yanvarın 18-də isə…”

2912 03.01.2024 21:53 Siyasət A A

“Rusiya silahlı qüvvələrinin hətta 91-ci il sərhədlərindən kənara çəkilməsi müharibənin bitməsi deyil. Əgər Rusiya bügünkü potensialını, o cümlədən öz hava qüvvələrini, PUA istehsalını qoruyub saxlaya bilərsə, bu, Ukrayna və qonşu dövlətlər üçün daimi təhlükədir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Ukraynada yaşayan Azərbaycan kökənli hərbi ekspert, polkovnik Elxan Nuriyev deyib.

ELXAN.jpg (213 KB)

Ekspertin sözlərinə görə, Putinin guya Ukrayna ilə müharibə istəməməsi ağ yalandır:

“Dekabrın 29-u və dünən Ukraynaya atılmış 300-ə qədər dron ondan xəbər verir ki, Rusiya tərəfinin istəyi Ukraynanı məhv etməklə bərabər, həm də Qərbi Ukraynanı danışıqlar masasına əyləşməyə məcbur etməkdir. Çünki Rusiyanın cəbhə müharibəsi aparmaq imkanları yoxdur. Ona görə də uzun əl strategiyasına keçib – yəni raketlə daimi məcburetmə. Xatırlayırsınızsa, ermənilər 44 günlük müharibədə uduzanda Gəncəni, Bərdəni bombaladılar. Təzyiq olaraq dinc insanlara qarşı, insanlığa qarşı cinayətlər törətdilər, kütləvi ölüm aksiyalarına getdilər”.

Polkovnik hesab edir ki, Qərbin Ukraynaya köməyi davam edəcək:

“Biz gözləyirik ki, yanvarın 18-də Konqres Ukraynaya ayrılacaq 11,4 milyard dolları təsdiq edəcək. Bizə gələn məlumatlar bundan ibarətdir. Ukrayna prezidentinin dediyi kimi, sona qədər gediləcək. Bu, təkcə Zelenskinin istəyi deyil, bu həm də Ukrayna cəmiyyətinin istəyidir. Bütün sorğular buna dəlalət edir – 82 faizdən aşağı düşmür. Sorğulara görə, ukraynalılar öz torpaqlarını azad etmək istəyindədirlər”.

PUTİN SON.jpg (65 KB)

Elxan Nuriyev bildirib ki, onlar Putinin dediklərini ciddiyə almırlar:

“O mənada ki, onun dedikləri ilə etdikləri üst-üstə düşmür. Biz öz işimizi görürük. Ukrayna hərbi sənaye kompleksini inkişaf etdirmək istəyindədir və etdirir, artıq ilk qaranquşlar var. Biz müharibəyə hazırlaşırıq və yaxşı bilirik ki, bu savaş 1 ilin də işi deyil. Əsas məsələlər Rusiyanın daxilindəki vəziyyətdən asılıdır. Yəni Rusiya ictimaiyyəti bu müharibəyə nə qədər hazırdır? Rusiya ictimaiyyəti hara qədər itkilər verməyə hazırdır? Rusiyanın regionları sanksiyalara necə dözəcək?

Dünən statistikalara baxmışam. Rusiyanın Avropaya qaz satışı 56,8% aşağı düşüb. Əgər 2022-ci ildə Rusiya Avropaya 67 milyard kubmetr qaz vermişdisə, ötən il təxminən 29 milyard kubmetr qaz satıb. Bu mənada Rusiyanın dünya bazarlarında sıxışdırılması və sanksiyaların getdikcə makroiqtisadi göstəricilərə təsir edəcəyinə bizim ümidlərimiz böyükdür.

Biz silahlı qüvvələrimizi diriləşdiririk. Qərb mərkəzlərində təlimlərimiz davam edir. Yeni silahların alınması davam edir. Yeri gəlmişkən, bəzən oxucular səhv başa düşürlər ki, guya ABŞ Konqresinin verəcəyi pullar silah üçündür. Xeyr, büdcə kəsirimiz üçündür”.

“Zelenski devrilə bilərmi?” sualına hərbi ekspert belə cavab verib:

“Volodimir Zelenskinin devriləcəyinə inanmıram. Bu, mümkün deyil. Bunlar sadəcə şayiələrdir. Çox adlar çəkilə bilər, amma mənasızdır. Bu o demək deyil ki, bütün Ukrayna cəmiyyəti Zelenskiyə aşiqdir, bu o deməkdir ki, Ukrayna işğala məruz qalıb, ona görə də öz Ali Baş Komandanını qorumağa məcburdur”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR