İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq Kılıçdaroğlunun ən böyük səhvindən danışdı – Gündəmi SİLKƏLƏYƏN açıqlamalar

3083 29.05.2023 20:15 Gündəm A A

“Türkiyənin dünyada artan gücü və söz sahibliyi heç kəsdə şübhə doğurmamalıdır. Hətta Türkiyənin türk dünyasına təsir imkanlarını təhlil etsək, bunu əminliklə deyə bilərik ki, Ərdoğanın başçılığı altındakı Türkiyə Cümhuriyyəti türk dünyasında Osmanlı imperiyası dövründən də böyük gücə sahibdir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov deyib.

zaur.jpg (49 KB)

Politoloq bildirib ki, son 2 ildə Türkiyənin hərbi-siyasi nüfuzunun Mərkəzi Asiyadakı roluna baxsaq, bunu əminliklə deyə bilərik ki, artıq Çin, ABŞ, Rusiya və Türkiyə Mərkəzi Asiya uğrunda məhz bərabərhüquqlu söz sahibinə çevrilib:

“Sözsüz ki, bu uğurda Azərbaycanın xüsusi rolu var. Məhz 44 günlük müharibədə Azərbaycan və Türkiyə birliyi, Prezident İlham Əliyevin Türkiyə ilə bağlı çevik və prinsipial siyasəti, Türkiyənin Şuşa Bəyannaməsi ilə Cənubi Qafqazdakı hərbi-siyasi varlığı bir növ müharibəyə qədər cürətsiz, cəsarəti tam şəkildə nümayiş etdirə bilməyən Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar və perspektivlər açdı. Mərkəzi Asiya ölkələri də məhz Qarabağın, Şərqi Zəngəzur torpaqlarının Azərbaycana qaytarılmasından sonra ciddi şəkildə Türkiyə ilə hərbi əməkdaşlıqlarını genişləndirdilər. Bu, əslində yenilik idi. Çünki nəinki son 200 ildə, daha uzun yüzillikləri götürsək, Türkiyənin nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada hərbi varlığı mövcud idi. Siyasi baxımdan da digər regional aktorlar Türkiyə ilə hesablaşmağı özlərinə öhdəlik kimi bilmirdilər. Amma bu gün Rusiya və Türkiyə dialoqu özünü göstərməkdədir”.

Türkiyədə keçirilən seçkilərdən danışan politoloq xatırladıb ki, “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun seçki platformasında məhkəmə islahatları, Mərkəzi Bankla bağlı islahatlar, suriyalıların Türkiyədən göndərilməsi, Türkiyənin Qərbə inteqrasiyası və Rusiya ilə daha məhdud siyasəti, eyni zamanda terrorçuluqla, Yaxın Şərqlə bağlı bir sıra istək və tələbləri var idi:

“Kılıçdaroğlunun seçkilər zamanı ən böyük səhvi məhz onun Azərbaycanla, Cənubi Qafqazla bağlı “həyatının layihəsi” dediyi layihədə İranın yer alması, əvəzində Zəngəzur torpaqlarının yer almamasıdır. Nəticə etibarilə Kamal Kılıçdaroğlunun “həyatının layihəsi” doğrudan da onun həyatına bais oldu. Bir-biri ilə ideoloji baxımdan düz gəlməyən solçuların, sağçıların, mərkəzçilərin, liberalların, mühafizəkarların, milliyyətçilərin, terrorçuluğa qulluq edənlərin eyni cəbhədə “Millət İttifaqı” adı altında Ərdoğana qarşı mübarizə aparması, CHP ilə uyğun gəlməyən digər liderlərin Kılıçdaroğlu ilə birlikdə olması göstərirdi ki, onlar arasında möhkəmlik yoxdur, xalqın onlara inamı yoxdur. Əslində onların bir-birinə inamı yoxdur. Hakimiyyətə gəldikləri təqdirdə bir-biri ilə mübarizə aparacaqdılar.

kamal.jpeg (88 KB)

Kılıçdaroğlu prezidentli respublikanı yenidən parlamentliyə qaytarmaq istəyirdi. Bu da xalqın rəğbətinə gətirib çıxara bilməzdi. Çünki parlamentli respublikada hökumət daxilindəki dava, hökumət böhranı türk xalqına çox yaxşı məlumdur. Onlar nəhayət ki, düzgün seçim etdilər, davamlı siyasətə səs verdilər”.

Zaur Məmmədov bildirib ki, dünənə qədər bəziləri Rəcəb Tayyib Ərdoğanı avtoritarizmdə, diktatorluqda günahlandırırdı:

“Türkiyə bu seçkilərlə dünyaya demokratiya dərsi keçdi. Türkiyə dünyaya “seçkiləri necə keçirmək lazımdır” dərsi keçdi. Çünki birinci turda 0,6 faizi dəyişmək elə də çətin deyildi. Biz bunu Qərb ölkələrinin timsalında dəfələrlə görmüşük. Amma Türkiyə bunu etmədi.

Bəzən qeyd edirlər ki, bir şəxsin uzunmüddətli hakimiyyətdə qalması hansısa prinsiplərə ziddir. Bu, kökündən yanlış bir fikirdir. Ərdoğan sübut etdi ki, onun hakimiyyətdə 20 ildən çox qalması Türkiyənin rifahına gətirib çıxarıb. 2016-cı ilə qədər Rəcəb Tayyib Ərdoğan və Türkiyə qarşısında bir sıra çağırışlar var idi. Bu çağırışlar yüz illərlə Türkiyədə oturuşmuş və 70-80 il ərzində kök salmış xarici və daxili çağırışlarla bağlı idi. Hansı ki, dövlət institutlarında, əsgərlik sistemində, güc strukturlarında var idi. Ərdoğan bunların hamısını 2016-cı ildəki çevriliş planına qədər dəf etdi. 2016-cı ildən sonra daxili siyasətdə ciddi şəkildə islahatlar baş verdi. 2018-ci ildən başlayaraq Türkiyə artıq nəinki regional, dünya miqyasında söz sahibi olan bir dövlətə çevrildi. Türkiyə bu gün Ukrayna, Liviya, Suriya məsələsində fikri nəzərə alınan və mütləq şəkildə yerinə yetirilən bir ölkə kimi tanınır. Türkiyə bu gün çoxqütblü dünyanı quran dövlətlərdən birinə çevrilib və Avrasiyanın orta xəttində xüsusi rol oynayır”.

receb.jpg (60 KB)

Politoloq qeyd edib ki, Azərbaycanla bağlı da eyni sözləri demək olar:

“Cənab Prezidentin hakimiyyətə gəlişi zamanı xalqa verdiyi sözlər, Qarabağla bağlı vədləri, vaxtı çatanda – 2020-ci ildə 44 günlük müharibə zamanı bizim qalib gəlməyimiz bunun göstəriciləridir. Tarixdə ilk dəfə olaraq BMT-nin bir üzvü kimi coğrafi cəhətdən kiçik olan ölkə öz ərazi bütövlüyünü bərpa etdi və müharibədə məqsədinə çatdı. Bu ondan xəbər verir ki, ölkələrin daxilində siyasi sabitlik olmalıdır. Siyasi ideologiyalar arasında pərakəndəlik olmamalıdır. Vahid sistemli yanaşma lazımdır. Türkiyə və Azərbaycanın suveren ölkə olmasını istəməyənlər bu gün ah-nalə çəkərək mövcud vəziyyətdən narazıdırlar. Çünki reallıq ondan ibarətdir ki, Türkiyə və Azərbaycan müstəqil ölkələrdir. ABŞ-ın, Avropa İttifaqının, Rusiyanın, Çinin ölkə başçısına ünvanladıqları məktublara, keçirilən görüşlərə, onların bəyanatlarına nəzər salsaq, görərik ki, hər biri Avrasiyanın orta xəttində artan Türkiyə və Azərbaycan faktorundan danışır. Əlbəttə ki, Azərbaycanın burada xüsusi rolu var. Bu həm Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında körpü roludur, həm də həmin ölkələrin daha əminliklə türkçü siyasət aparmalarına istiqamətləndirmə ilə, eyni zamanda enerji, kommunikasiya, ticarət sahəsindəki layihələrlə bağlıdır”.

Politoloq vurğulayıb ki, dünən demokratiya, türkçülük, milliyyətçilik qalib gəldi:

“Dünənki seçkilər bir daha onu göstərdi ki, Türkiyədə milli amili heçə endirmək olmaz. Milliyyətçi Hərəkat Partiyasının (MHP) birinci turda 5-6% səs toplaması gözlənilirdi, amma biz gördük ki, MHP 10 faizi keçdi və ümumilikdə bütün milliyyətçi partiyalar 25 faizə qədər səs toplaya bildi. Bu, son 30 ildə Türkiyədə milliyyətçilər adına çox müsbət nəticədir. Bu, Türkiyədə milli oyanışın davam etdiyinin və milliyyətçi kəsimlərin siyasi səhnədə söz sahibi olduqlarının göstəricisidir.

PKK məsələsinə gəlincə, bir çoxları düşünürdü ki, CHP HDP ilə ittifaqa gedərək məlum toplumun səslərini alacaq və nəticə etibarilə qalib gələcək. Kılıçdaroğlu təkbaşına seçkilərdə iştirak etsəydi, 10% səs belə toplaya bilməyəcəkdi. Birinci və ikinci tur onu göstərdi ki, HDP və məlum faktor Türkiyədə seçkilərdə heç nəyi həll etmir. Türkiyədəki seçkiləri həll edən məhz türkçülük və milli amildir.

qutu.jpg (92 KB)

Beləliklə, Türkiyə bundan sonra da Ərdoğanın başçılığı ilə dünyada söz sahibi olmaqda davam edəcək, bir sıra çağırışlar var ki, onlar dəf ediləcək, Azərbaycan və Türkiyə Cənubi Qafqazda hazırda baş verə biləcək təhdidlərə qarşı birgə mübarizə aparacaq”.

Aytən Novruz
Musavat.com    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR