İnsanlara hürriyət, millətlərə istiqlal!

“Peşman olan” müttəhimlərin cəzası azaldılırmı? - hüquqşünas şərhi

427 05.03.2024 08:50 Ölkə A A

“Şəxs məhkəmədə də deyirsə ki, mən əməlimdən peşman deyiləm, o, cəmiyyət üçün təhlükə mənbəyidir və...”

Ötən həftə Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Səbuhi Şirinov və Elşad Əsgərov ifadə veriblər.

Onlar hadisədə iştiraklarınıın detallarını açıqlayıblar. Elşad Əsgərov həmçinin istintaq dövründə verdiyi ifadəni təsdiqləyib və “etdiyim əmələ görə peşman deyiləm” söyləyib. Bəs məhkəmədəki çıxışında və ya son sözündə səmimi şəkildə peşmanlıq keçirən və ya keçirmədiyini açıqca bildirən, yalandan da olsa, “peşmanam” deyən müttəhimin cəzası nə dərəcədə yüngülləşdirilir, yaxud ağırlaşdırılır? Müttəhimin qadın və ya kişi olması fərq edirmi? Məhkəmə praktikası nə deyir?

Əkrəm Həsənov: “Kommersiya məhkəmələri çox xeyirli olacaq”

Əkrəm Həsənov 

Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, şəxsin törətdiyi cinayət əməlindən səmimi və ya qeyri-səmimi peşmanlığını ifadə etməsi məhkəmədə nəzərə alınan hallardandır: “Əgər şəxs törətdiyi əməli etiraf edib peşmanlıq keçirdiyini deyirsə, bu, yüngülləşdirici hal kimi nəzərə alınır. Şəxsə ittiham üzrə 10 il cəza verilməlidirsə, peşmanlıq keçirdiyini etiraf etməsi nəzərə alınır və daha yüngül cəza, məsələn, 8 il azadlıqdan məhrum edilməsi hökmdə əksini tapır. Məhbusun hər günü 1 ildir və bunu nəzərə alsaq, 2 il elə də az müddət deyil. Yox, əgər şəxs cinayət əməlini etiraf edirsə, "yaxşı eləmişəm, “əcəb eləmişəm” deyirsə, peşmanlıq keçirmirsə, deməli, o, azadlığa çıxandan sonra yenə də eyni əməli törədə bilər. Bu da o deməkdir ki, şəxsə qanun çərçivəsində mümkün qədər ağır cəza təyin olunmalıdır". 

Əkrəm Həsənov deyib ki, kimsə kiminsə fikri ilə razı deyilsə, həmin fikrə əks fikir söyləyə, etiraz edə bilər: “Demokratik  cəmiyyətdə fikir azadlığı var və kimsə bir fikir söyləyibsə, həmin fikirlə razılaşmırsansa, çıxış et, fikrini bildir, təkzib et, əksini söylə, lap elə məhkəməyə müraciət et. Bunun əvəzində əlinə avtomat alıb adamı güllə-baran etməklə bütün əndazələri aşırsan, qanunla cəzası verilən əməl törətmiş olursan. İnsanı fikrinə görə həyatdan məhrum etmək, həyatına qəsd etmək cinayətdir və bu cinayətə görə mütləq cəza olmalıdır”. 

 

Əkrəm Həsənov deyir ki, cinayətin spontan baş verməsi, kiminsə söhbətindən, ağır sözündən xoşlanmayıb ona əl qaldırması baş verə bilər: “Bu halda nəzərə alınır ki, burada müttəhim əsəblərinə sahib ola bilməyib, dava salıb, kimisə vurub xəsarət yetirib. Bu halda isə cinayət əvvəlcədən planlaşdırılıb. Avtomat əldə olunub, deputatın yaşadığı ünvan müəyyənləşdirilib və hücum təşkil olunub. Məhkəmədə də deyirsə ki, mən əməlimdən peşman deyiləm, şəxs cəmiyyət üçün təhlükə mənbəyidir və belə insanlara qanunun ən sərt üzü göstərilməlidir”. 

Əkrəm Həsənov deyir ki, insan əqidəsinə görə ölümə belə hazır ola bilər: “Amma sən əqidənə görə başqalarını öldürə, xəsarət yetirə, həyatına qəsd edə bilməzsən. Edərsənsə, mütləq qanun qarşısında cavab verməli olacaqsan. Əks halda, ölkədə qan su yerinə axar, kimsə kiminsə sözündən xoşhal olmasa, digərinin fikirlərini özünün əqidəsinə uyğun hesab etməyib əlinə bıçaq, avtomat, tapança, dəyənək alıb onun qanını tökə bilər. Dövlət belə halların qarşısını ən sərt şəkildə almalıdır və alır da”.

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR