İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərviz Şahbazov ABŞ-a niyə gedib?

931 20.02.2024 21:22 Ölkə A A

Politoloq: “Vaşinqton Azərbaycanın enerji layihələrini daim dəstəkləyib”

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-da səfərdədir. Energetika Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Nazir Vaşinqtonda Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb. Rəsmi məlumata əsasən görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sahəsində çoxşaxəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib: “Ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, əməkdaşlıq gündəliyində olan prioritet layihələrin icrasının sürətləndirilməsi, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Energetika naziri Pərviz Şahbazov Azərbaycanda daxili istehlak və ixrac məqsədilə bərpa olunan enerjinin inkişaf etdirilməsi, şəbəkənin gücləndirilməsi və modernləşdirilməsi, həmçinin regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsi ilə bağlı genişmiqyaslı fəaliyyətdə Dünya Bankının iştirakını yüksək qiymətləndirib”.

Görüşdə verilən məlumata görə, Dünya Bankının AYİB və digər potensial tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində 2027-ci ilədək Azərbaycanda istismara veriləcək 8 külək və günəş elektrik stansiyalarının enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin gücləndirilməsi prosesinin intensivləşdirilməsi və bu məqsədlə maliyyə dəstəyinin tezləşdirilməsi ölkəmizin bərpa olunan enerji ilə bağlı hədəflərinin reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır: ““Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin, növbəti illərdə dənizdə külək enerjisi potensialının artırılması üzrə əməkdaşlığın isə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısı olmasını dəstəklədiyi vurğulanıb. Bu xüsusda 4 ölkəni əhatə edən dəhlizin texniki-iqtisadi əsaslandırlmasının hazırlanması, Birgə Müəssisənin yaradılması, həmçinin Mərkəzi Asiyadan bu dəhliz vasitəsilə “yaşıl enerji”nin ötürülməsi ilə bağlı məlumatlar diqqətə çatdırılıb”.

Antonella Bassani bildirib ki, Dünya Bankı COP-a sədrlik edən ölkə olaraq Azərbaycana “yaşıl enerji keçidi” üzrə əldə etdiyi irəliləyişləri nümayiş etdirməkdə, birgə layihələrin tezliklə reallaşmasında və iddialı islahat gündəliyinin icrasında kömək etməyə hazırdır.

Görüşdə, həmçinin 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, damüstü günəş panelləri, enerji saxlanc sistemləri, “yaşıl hidrogen”, enerji səmərəliliyi və emissiyaların azaldılması üzrə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.
P.Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında görüşlə bağlı paylaşımında Dünya Bankı ilə COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyinin sürətləndirilməsinin razılaşdırıldığını qeyd edib: “ABŞ-da Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşdə COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyinin sürətləndirilməsini razılaşdırdıq. DB Azərbaycanın yaşıl enerji keçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır”.

P.Şahbazov sosial hesabında ABŞ-ın ABŞ-nin Edison Elektrik İnstitutunun prezidenti və icraçı direktoru Dan Brullet ilə də görüşdüyünü qeyd edib: “Vaşinqtonda Edison Elektrik İnstitutunun prezidenti və icraçı direktoru Dan Brullet ilə görüşdük. Bütün ABŞ investorlarına məxsus elektrik şirkətlərini təmsil edən bu birlik ilə əməkdaşlıq imkanlarını dəyərləndirdik”.

Qeyd edək ki, P.Şahbazovun ABŞ-a səfəri bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıqların tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ-ın hazırkı hakimiyyəti qlobal enerji keçidinin sürətləndirilməsi, alternativ və bərpa olunan enerjinin rolunun sürətlə artırılması siyasəti yürüdür. Bu baxımdan Ağ Ev administrasiyası Bakıda keçiriləcək COP29-da ənənəvi enerjidaşıyıcılarının istehlakının azaldılması üzrə konkret öhdəliklərin götürülməsində çox maraqlıdır. Belə öhdəliklərin xüsusilə ənənəvi enerjidaşıyıcıları istehsalçıları ilə razılaşdırmaq üçün Azərbaycan ABŞ və digər nüfuzlu dövlətlərin, nüfuzlu maliyyə qurumlarının dəstəyinə ciddi ehtiyac duyur.

Açıqlanan rəsmi məlumata görə, gələn həftə Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart Azərbaycana səfər edəcək. O, fevralın 22-də ADA Universitetində mühazirə deyəcək, bu ilin noyabrında Azərbaycanda keçiriləcək ilə əlaqədar Böyük Britaniyanın COP26-ya dair təcrübəsindən danışacaq. 2021-ci ildə COP konfransına bu ölkə ev sahibliyi edib.

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi də ölkəsinin Azərbaycanın bərpa olunan enerji layihələrinə xüsusi önəm verdiyini açıqlayıb. Onun mətbuata verdiyi açıqlamaya görə, ABŞ və Azərbaycan növbəti mərhələdə əsas diqqəti bərpa olunan enerji mənbələrinə yönəldərək enerji sektorunda əməkdaşlığı davam etdirəcək: “Mən bir amerikalı kimi Cənub Qaz Dəhlizi (SGC), Bakı-Tbilisi-Ceyhan kimi layihələr vasitəsilə Azərbaycanla birlikdə gördüyümüz işlərlə fəxr edirəm. Bunlar Avropanın enerji təhlükəsizliyini artıran, Azərbaycanda rifahın və təhlükəsizliyin artmasına töhfə verən layihələrdir”.

Diplomat əlavə edib ki, Bakı və Vaşinqtonun enerji sektorunda yaxşı əməkdaşlıq tarixi var: “İndi isə biz bərpa olunan enerji mənbələrinə diqqət yetiririk”.

Səfirinin sözlərinə görə, Azərbaycanın bu sahənin inkişafı ilə bağlı böyük potensialı var: “Avropa və digər ölkələr “yaşıl iqtisadiyyata keçid etməyə çalışır. “Yaşıl keçid” tamamlanana və karbon neytrallığı üzrə COP hədəflərinə nail olunana qədər Avropa və digər tərəfdaşlar da, Rusiya təbii qazından asılılıqdan qurtulmağa çalışırlar. Azərbaycan isə müxtəlifliyi və böyük təhlükəsizliyi təmsil edən mənbə təklif edir”.

Onun fikrincə, bərpa olunan enerji mənbələrinin bütün potensialını açmaq üçün Azərbaycan mövcud infrastrukturun genişləndirilməsi istiqamətində işlər görməlidir: “Hidrogen, külək və ekoloji cəhətdən təmiz və bərpa olunan enerjinin digər növləri sahəsində texnologiyaların inkişafına, texniki-iqtisadi əsaslandırmalara və investisiya imkanlarına gəlincə, burada perspektivlər var. Bu istiqamətdə investisiyalar tələb olunur. Bunun üçün isə müəyyən planlaşdırma lazımdır”.

Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanda başladılan bərpa olunan enerji layihələrinə xarici ölkələrdən böyük maraq olduğunu açıqlayıb: “Bizim planlarımıza görə, 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki, yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib”.

Fevralın 16-da Münxendə Prezident İ.Əliyev ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynlə görüşüb. Rəsmi məlumata görə, görüşdə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olunub, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Söhbət zamanı həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

Beləliklə, ABŞ-ın Azərbaycanın bərpa olunan enerji layihələrinə maraq göstərdiyi açıq hiss olunur. ABŞ rəsmilərinin açıqlamalarından görünür ki, Vaşinqton bu layihələri dəstəkləməkdə maraqlıdır. Bu marağın bir neçə səbəbi var. Birincisini yuxarıda qeyd etdik: rəsmi Bakının ambisiyalı yaşıl enerji layihələri ABŞ-ın hazırkı administrasiyasının alternativ enerjiyə keçid siyasəti ilə tam uzlaşır. İkinci mühüm səbəb Azərbaycanda istehsal olunacaq alternativ enerjinin ixrac bazarının Avropa olmasıdır. ABŞ Avropanın Rusiyanın enerji asılılığından tamamilə qurtulması, bu zaman məhz ağırlığın alternativ mənbələrə salınmasında maraqlıdır.

Politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə reallaşdırılan enerji layihələri birmənalı olaraq ABŞ tərəfindən dəstəklənib: “Münasibətlərdə müəyyən məqamlarda yaranan ziqzaqlar, ABŞ-dan bir sıra hallarda səsləndirilən haqsız mövqelərə baxmayaraq, Azərbaycanın enerji layihələri daim Vaşinqton tərəfindən dəstəklənib. Hazırda Azərbaycanın bərpa olunan enerji istehsalı layihələri ilə bağlı da dəstəyi də hiss etmək olur. Bu sahədə ölkələr arasında müzakirələr aparılır, Azərbaycanın energetika nazirinin ABŞ-sa səfəri də həmin müzakirələrin tərkib hissəsidir”.

 

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR