İnsanlara hürriyət, millətlərə istiqlal!

Pekin Moskva ilə siçan-pişik oynayır: Rusiya qazını satmağa müştəri tapa bilmir

1762 26.03.2023 16:38 İqtisadiyyat A A

Çin rəhbəri Si Cinpinin Moskvaya səfəri Rusiya Prezidenti Vladimir Putinin gözlədiyi nəticələrin əldə olunmasına gətirib çıxartmayıb. Xüsusilə Rusiyanın maye və boru qazının alışına dair Moskvanın planlaşdırdığı razılaşmalara Si Cinpinin maraq göstərməməsi Putində, ümumilikdə Rusiya hakimiyyətində böyük məyusluq yaradıb.

Məsələ burasındadır ki, Avropa mülayim keçən hava, külək enerjisinin rekord istehsalı sayəsində qışdan böyük həcmdə ehtiyatlarla çıxır. Hazırda Avropanın anbarlarında 60 milyard kubmetr qaz var. Bu, növbəti istilik mövsümünə qədər cəmi 40-45 milyard kubmetr qaz alınacağı deməkdir. Qiymətlər isə 430-440 dollar ətrafında dəyişir. Avropada tələbatın azalması maye qaz bazarında da qiymətlərin stabil qalmasını şərtləndirir. Çində də qaza tələbatın sürətli artımı müşahidə olunmur, bu isə Avropanın lazımi qədər maye qaz əldə etməsini asanlaşdırır.

Avropa İttifaqında qaz istehlakının 2023-cü il ərzində ötən ilki ilə müqayisədə 10 faiz artacağı gözlənilir. Lakin bu artımın ilin hansı dövründən bazarda tələbə çevriləcəyi bilinmir. Hətta ikinci rübdə bu baş verərsə belə, artan tələbi də maye qaz və digər mənbələrdən daha da artacaq boru qazı ilə təmin etmək mümkün olacaq. Artıq Rusiyada anlayırlar ki, növbəti qışda da Avropanın Rusiya boru qazına ehtiyacı qalmayacaq.

ruseu.jpg (2.06 MB)

Buna görə də Rusiya Çinə mümkün qədər daha çox qaz yönəltməyə sadəcə, məcburdur. Bu baxımdan, “Sibirin Gücü-2” kəmərinin tikintisi, Çinlə uzunmüddətli alqı-satqı müqaviləsinin imzalanması Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Si Cinpinin səfərindən sonra Rusiya baş nazirinin müavini Aleksandr Novak Çinlə bu sahədə danışıqların yeni mərhələyə qədəm qoyduğunu desə də, konkret müddət və sair detallardan danışmayıb.

Rusiya qazının Avropaya nəqli isə minimuma düşüb. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, 2022-ci ildə Avropaya qaz nəqli 50 faiz azalmaqla83 milyard kubmetr təşkil edib. Bu, 1980-ci illərdən bəri ən aşağı həddir. Agentlik 2023-cü ildə nəqlin daha 40 faiz, yaxud 30 milyard kubmetr azalacağını proqnozlaşdırır. Hazırda Rusiya qazı birbaşa Avropaya yalnız Ukrayna ərazisindəki bir xəttlə nəql olunur. Bundan əlavə, Türkiyə və onun vasitəsilə Macarıstan, Moldova və Bolqarıstan qaz alır. “Qazprom”un digər və əsas müştəriləri olan Polşa, Findlandiya, Niderland, Danimarka, İtaliya və Almaniya hesablaşmalar rubla keçirildikdən, həmçinin sanksiyalardan sonra qaz alışını dayandırıblar.

Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumatdan aydın olur ki, bu ilin fevralında qaz ixracından əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz azalıb.

“Qazprom”un Avropadakı müştərilərlə müqavilələri hablardakı qiymətlərə, həmçinin neft qiymətlərinə bağlıdır. Ukraynadakı işğalçı müharibə ərəfəsində şirkətin ixracının 20 faizi neft qiymətlərinə, 5 faizi spot qiymətlərə, 40-45 faizi bir aylıq müqavilələrə, qalanı isə mövsümi və ya rüblük müqavilələrə bağlıydı. İndiki vəziyyəti şirkət açıqlamaqdan imtina edir. Lakin ixrac qiyməti neft qiymətlərinə bağlı müqavilələr olan ölkələr, əsasən də Türkiyə və Macarıstan idxal həcmini azaltmağa tələsmirlər. Neft qiymətləri 74 dollara qədər düşdüyü bir vaxtda belə idxal onlara sərf edir. Lakin hab qiymətləri ilə qaz alan ölkələr onun həcmini maksimum azaltmaqda maraqlıdılar.

gasprom.jpg (191 KB)

“Qazprom”da əsas ümidlər bu ilin payızına doğru – istilik mövsümü ərəfəsində Avropada qiymətlərin yenidən 2022-ci ilin avqustundakı kimi 2-3 min dollar aralığına qalxacağına bağlıdır. Keçən il belə qiymətlər sayəsində şirkət ixracdakı kəskin azalmaya rəğmən mənfəətə çıxa bilmişdi. Lakin hətta Rusiyanın ən optimist ekspertləri belə bu il qiymətlərin maksimum 600-700 dollar civarına qədər, özü də qısa müddətli dövrdə qalxa biləcəyini proqnozlaşdırırlar. Əsas alıcı olan Avropa İttifaqı isə indiki qiymətlərin belə aşağı salınmasına çalışır.

Bu günlərdə “Rusiya -24” telekanalına müsahibəsində A.Novak deyib ki, Çinin CNPC şirkəti ilə Monqolustandan keçəcək “Sibirin Gücü-2” kəməri ilə bağlı danışıqlar yekun mərhələdədir. 50 milyard kubmetrlik ötürmə gücünə malik bu kəmər işə düşərsə, istismarda olan birinci kəmər, həmçinin Uzaq Şərq marşrutu ilə birlikdə Rusiya Çinə 100 milyard kubmetr qaz sata biləcək. Əgər əlbəttə, Çin bu həcmi alsa. Müqayisə üçün deyək ki, 2021-ci ildə Rusiya Avropaya boru ilə 155 milyard kubmetr qaz satmışdı.

Rusiyalı ekspertlər hesab edirlər ki, Çinlə qiymətlə bağlı razılıq indiyə qədər əldə olunmayıbsa, qaza tələbatın azaldığı indiki dövrdə buna nail olmaq çətinləşəcək. Hətta ən optimist proqnozlarda belə qeyd edilir ki, yaxın 12 ay ərzində Çinlə “Sibirin gücü-2” kəməri ilə bağlı razılıq əldə olunması ehtimalı 80 faizdən yuxarı deyil. Razılığın əldə olunması üçün danışıqlarda əsas problem qiymətlə bağlıdır. Hələlik bu məsələ üzrə razılığın əldə olunduğuna dair hər hansı əlamət müşahidə olunmur.
Digər tərəfdən, Çin bütün dünyada qiyməti maksimum “öldürən” alıcı kimi tanınır. Bu baxımdan, Pekinin sanksiyaların küncə sıxdığı Rusiyadan qazın qiymətində maksimum endirim əldə etməyə çalışacağı hamıya bəllidir.
Hazırda işlək olan “Sibirin gücü-1” kəmərilə Çinə satılan qazın qiyməti 2022-ci ildə Avropaya satılandan 5 dəfə ucuz olub. Çinə qaz mazut və qazoylun qiymətinə 9 aylıq laqla bağlıdır. Bundan əlavə, boru kəməri Çin investisiyası hesabına tikilib, əldə olunan gəlirin bir hissəsi onun ödənişinə sərf olunur.

63a3068fd327d63a3068fd327e167162.jpg (190 KB)

6,7 min kilometr uzunluğunda olan “Sibirin gücü-2” kəmərinin isə Monqolustan ərazisində düşən hissəsinin tikintisini də Rusiya özü maliyyələşdirmək niyyətindədir. Bu isə 13-15 milyard dollar hesablanan layihə xərcinin 8-9 milyard dolları deməkdir. 2020-ci ildən layihələndirilməsi başlanan kəmərin tikintisi 3 il müddət tələb edəcək. Hələ Ukraynaya işğalçı hücumdan əvvəl Rusiya mənbələri kəmərin qazla doldurulması nəzərdə tutulan Çayandin yatağında lazımi qədər qaz ehtiyatlarının aşkarlanmadığını yazırdılar. Məhz buna görə də ikinci bir yataqdan – Kavıktindən də kəmərə qaz verilməsi qərara alındı ki, bu də layihənin dəyərində 1,6 milyard dollara yaxın artıma gətirəcək.

Si Cinpinin Moskva səfəri zamanı Putin “Sibirin gücü-2” kəməri ilə bağlı bütün həlledici məqamların razılaşdırdığını açıqladı. Lakin bir gün belə keçməmiş Rusiya mətbuatının özündə də Çinin heç bir dəqiq razılaşmaya getmədiyinə dair məlumatlar yayıldı. Çin mətbuatı da ölkənin qaz idxalında Rusiya kimi etibarsız tərəfdaşdan asılı vəziyyətə düşməyin əleyhinə çoxsaylı təhlillər dərc edir. Rusiyalı ekspertlər hesab edirlər ki, Çin tərəddüd nümayiş etdirməklə qiymətdə daha çox güzəşt əldə etməyə çalışır. Bundan əlavə, Pekin üzərinə uzunmüddətli öhdəlik götürməkdə maraqlı deyil. Rusiyaya isə belə müqavilə olmadan layihəyə külli miqdarda vəsait yatırmaqdan ehtiyatlanır – “Şimal axını-2” layihəsinin aqibəti göz önündədir...

Hələlik Rusiyadan maye qaz idxalına Qərb tərəfindən hansısa məhdudiyyət qoyulmayıb. Hazırda Avropadakı alıcılar Rusiyanın əsas maye qaz satıcısı olan “Novatek”lə ticarəti davam etdirirlər. Hətta Avropa alışı dayandırsa belə, maye qaz tankerlərini Asiya bazarlarına yönəltmək elə də çətin olmayacaq. Bu zaman daşıma xərclərinin artması baş verəcək, lakin qiymətlərin əlverişli olması sayəsində gəlirlərdə ciddi azalma olmayacaq. Burada əsas problem odur ki, “Novatek” özəl şirkətdir, “Qazprom”un isə maye qaz layihələrinin ən yaxşı halda 2030-cu ildə bəhrə verəcəyi gözlənilir...

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR