İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın səfərinə bir “quş” və ya Laçın yolu hayları necə havalandırdı

2727 21.04.2022 16:13 Yazarlar A A

 

Nikol Paşinyanın Rusiya ilə imzaladığı 30 maddəlik sənədə və iki gün ərzində apardığı danışıqlara Azərbaycan dövləti bircə xəbər və bir neçə fotoşəkillə tutarlı şəkildə cavab verdi. Söhbət Laçın dəhlizinə alternativ olan yolun çəkilişi barədə rəsmi məlumatdan gedir. Ermənistanda Laçın dəhlizinin Laçından keçməyəcək yeni marşrutunu, Həkəri çayı üzərində tikilən körpünü görüb, havalanıblar.

Budur, tez-tələsik Rusiyaya müraciətdə sual-sual üzərindən ünvanlanıb: “Yeni marşrut xəttinin tikintisi layihəsi nə vaxt təsdiq edilib? Yeni marşrut haradan keçəcək? Laçın şəhərini və Zabux kəndini nə gözləyir? Rusiya sülhməramlı qüvvələrinin yeni marşrut üzrə yenidən yerləşdirilməsi nə vaxt planlaşdırılır?” Daha nələr... Hə, bir də ki, ermənilərin Moskvaya ünvanladığı müraciətdə bir məqam da var. Azərbaycanın Laçın dəhlizinin girişində gömrük postunu qoymağa hazırlaşması barədə həyəcanla “izahat” istəyiblər. Bu bədbəxtlər başa düşmür ki, delimitasiya və demarkasiya prosesinin başlanması həm də Laçın dəhlizinin girişində Azərbaycanın sərhəd və gömrük xidməti əməkdaşlarının dayanması deməkdir.  

Görünür Kreml hələ də “erməni kartı”nı əlindən buraxmaq niyyətində deyil. Elə verilən cavab da bundan xəbər verir. Rusiyadan xatırladılıb:  “Laçın dəhlizi üçün yeni marşrutun razılaşdırılması məsələlərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının 6-cı bəndinin müddəalarına ciddi əməl etmək lazımdır.

Orada nəzərdə tutulur:  Tərəflərin razılığı ilə yaxın üç il ərzində Laçın dəhlizi boyunca yeni marşrutun tikintisi planı müəyyən ediləcək, ardınca bu marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin yeri dəyişdiriləcək. Müvafiq razılıq əldə olunanda bu barədə mətbuata məlumat verəcəyik”.

Düzdür, bu cavab Azərbaycanı tam qane edə bilməz. Rusiya az qala bu ərazinin sahibi kimi davranır verilən cavabı ilə. Əks təqdirdə, 3 ildən sonranın söhbətini indi etməzdi. Sən nə bilirsən ki, 3 il ərzində burda qalacaqsan?

Görünən budur ki, Rusiya həm Azərbaycan, həm də Ermənistana təzyiq göstərmək niyyətindədir. Hesab edir ki, vaxtilə iddia olunduğu kimi, “açar” onun əlindədir. Ermənilər də Rusiya hərbçilərinə “xilaskar” kimi baxdıqları üçün atılıb-düşürlər. Amma kor gözlərini açıb heç olmasa, Xankəndinin başının üstündə - Şuşa qalasında Dünya Azərbaycanlılarının Qurultay keçirdiyinə baxsaydılar, ayılardılar köhnə, kiflənmiş yuxulardan.

Elə bu sətirləri yazarkən rəsmi məlumat yayıldı ki, Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri və Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin tikintisi ilə tanış olub. Azərbaycan qurur, yaradır, Böyük Qayıdışa hazırlıq görülür, ermənilərsə hələ də “bəlkə də qaytardılar” xülyasındadır.

Nikol Paşinyanın Rusiya səfərini də iflas saymaq olar. Necə deyərlər, “bir quş”. Paşinyan “kabab iyi”nə getmişdi, heç şübhəsiz. Düşünürdü ki, Rusiya ona 5-10 tankdan-filandan verər, Bakının Hərbi Qənimətlər Parkında sərgilənən tankların yerini doldurmaq üçün. Amma Rusiya “Sorosun uşağı”na sovet dövründən qalma “Təcili yardım” maşınlarını göstərdi. Dedilər ki, istəyirsən, al, apar, uzanmaq üçün də yeri var, oturmaq üçün də. Bir ölkənin başçısına bundan artıq dərs vermək olmaz. Ermənilər özləri deyirlər ki, Paşinyan “siyasi şpaqat” vəziyyətindədir. Avropa İttifaqı və Rusiya arasında qalıb, bilmir başına haranın külünü ələsin. Amma yenə də məkrli siyasətdən əl götürmür, nə Paşinyan, nə də bütövlükdə ermənilər.

Ermənistanın dalandan çıxması üçün real şans yaranıb, Türkiyə və Azərbaycan bütün pisliklərinə rəğmən, ermənilərə bu şansı tanıyıb. Hörmətli deputat Aqil Abbas gözəl bir yazı yazaraq, ermənilərə “adam olun” mesajını verib, çağırış edib ki, vaxtilə adam olmadınız, indi də gec deyil.

Amma ermənilər deyirlər yox e, nə adamlıq...Budur, yenə də Türkiyə əleyhinə cəfəng iddiaları tirajlayırlar. Belə görünür ki, 24 aprel hazırlıqları da gedir gizlicə... Saxta “soyqırım”la bağlı.

“Sputnik Ermənistan” Erməni Soyqırımı Muzey-İnstitutunun soyqırımların müqayisəli tədqiqi şöbəsinin elmi işçisi Regina Qalustyana istinadən yazıb ki, ABŞ-dan olan məktəb tarix müəllimləri ilk dəfə olaraq Ermənistanda “erməni soyqırımı” mövzusunda peşəkar ixtisasartırma kurslarından keçəcəklər. Deməli, ağıllanmayıblar, növbəti “prosedur”a gərək var.

Bu ilin yanvarında belə xəbər yayıldı ki, ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında keçirilən ilk görüşü alqışlayıb, özü də “səmimi şəkildə”. Söhbət 14 yanvarda Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüşdən gedirdi. Əgər ABŞ Türkiyə-Ermənistan anlaşmasını məmnunluqla izləyirdisə, bəs onda 15 amerikalı qeyri-erməni müəllimin İrəvanda nə iti azıb? Özü də saxta “soyqırım” kurslarında?! Özü də anti-Türkiyə tədbiri Amerikanın “Genocide Education Project” təşkilatı ilə birgə keçiriləcək. Faktiki olaraq sönməkdə olan ocağın alışdırılması cəhdidir və ABŞ da dolayı yolla bu prosesdə iştirakçıdır. Yəqin ermənilər yenə də Ağ Evdən “soyqırım” ifadəsini eşitmək üçün qulaqlarını şəkləyiblər. Günah təkcə saxta iddianı tirajlayan erməniçilikdə deyil, həm də ocağı körükləyən paytaxtlardadır.  

Diqqət edin, Minsk Qrupu həmsədrləri tar-mar olub, ölüb. Amma parçalanmış halda da Qarabağın daşından əl çəkmirlər, nələrsə qaynatmaq, özlərini növbəti proseslərə pərçim etmək istəyirlər. Elə havadarların oyunbazlığının nəticəsidir ki, erməni canilər ağız-ağıza veriblər. Seyran Ohanyan deyir Ermənistanla Azərbaycan arasında tənzimlənmə olacaqsa belə, bu məsələnin Qarabağa dəxli ola bilməz. Həyasızlığın son həddidir. Amma bu heyvərələrin həvəslənməsinə səbəb Moskvada səslənən “Qarabağın təhlükəsizliyi” barədə iddialardır.

O gün Xankəndidə bir erməni digərini avtomat silahla güllələyib qətlə yetirdi. “Təhlükəsizliyinizə” nə deyim. Əslində bu hadisədən sonra Rusiyanın Qarabağdakı hərbçiləri evlərdən, əllərdən silahların yığışdırılması əməliyyatına başlamalı idi. Amma nəinki bunu etmirlər, hətta erməni terrorçularının kütləvi şəkildə silahlanmasını kənardan seyr edən gördük kadrlarda. İndi sizcə, ermənilərə təhlükə kimdən gəlir?..

Elşad Paşasoy,
Musavat.com

237160_3mukv90bk9.jpg (28 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR