İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Qarabağ “səhvi” - Rusiyadan qəribə səslər...

1257 04.06.2024 13:26 Siyasət A A

Moskva erməni baş nazirin Qarabağı Azərbaycan torpağı kimi tanımasını yanlış qərar sayır, birbaşa dialoqdan da məmnun deyil - şərh

Azərbaycanla Ermənistan arasında birbaşa dialoqdan, o cümlədən sərhədlərin delimitasiyası məsələsində ilk dəfə əldə olunmuş anlaşmadan çox da məmnun qalmayan dövlətlərdən biri Rusiyadır. Bunu vaxtaşırı şimaldan verilən rəsmi açıqlamalardakı üstüörtülü narazılıqdan asanca görmək olar. 

Əsas səbəb də şübhəsiz ki, Moskvanın bölgəmizdə öz lazımsızlığını hiss etməyə başlaması ilə bağlıdır. “Həmin kəndlərə gəlincə (Qazağın işğalda olan 7 kəndindən anklav olmayan 4-nün delimitasiya nəticəsində Azərbaycana qaytarılması - red.) Moskva dəfələrlə delimitasiya və demarkasiya prosesində öz dəstəyini təklif edib, lakin Ermənistan Moskvanın vasitəçiliyindən imtina edib. Azərbaycan isə buna qarşı deyildi”. “Yeni Müsavat” bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında ermənipərəst rus ekspert Stanislav Tarasov deyib. O bildirib ki, Ermənistan hakimiyyəti birbaşa dialoq yolunu seçib və düşündüyünü edib: “İstəsək də, istəməsək də bura Ermənistanın ərazisidir və erməni xalqı qərar verməlidir. Bu və ya digər kəndin ölkənin tərkibində olmasının Moskvaya nə fərqi var? Digər tərəfdən, təbii ki, biz vəziyyətin sabitliyində maraqlıyıq, çünki Ermənistanda vəziyyətin sabitliyinin pozulması bütün regionun sabitliyinə xələl gətirir və bu, narahatlıq doğurur. Ermənistanın yeni müttəfiqlər tapmağa çalışmasına gəlincə, bu, onun haqqıdır. Təbii ki, Ermənistanın Qərbə getməsi bizim xoşumuza gəlmir, Moskva bunu yanlış qərar hesab edir. Necə ki, Ermənistan Qarabağla bağlı səhv qərar verib, amma təəssüf ki, heç nə dəyişmir”.

Təbii ki, Tarasov “səhv” deyərkən Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması haqda qərarını və bunun əsasında sülh müqaviləsi imzalamaq istəməsini nəzərdə tutur. Hansı “səhvi” ki, Moskva hələ də Paşinyana bağışlaya bilmir. Tarasov da o sırada. Bəs Rusiyadan bu qəbil siyasi “iniltilər” nə vaxt kəsiləcək? Ümumiyyətlə, kəsiləcəkmi? Rusiya ikitərəfli danışıqlardan niyə məmnun deyil? Ötən həftə daha bir açıqlama Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovadan gəldi: “Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə işlərin praktiki mərhələsinin başlanılmasını izləyirik. Bu, regional sabitlik üçün vacibdir”. O qeyd edib ki, Rusiya tərəfi delimitasiya prosesi ilə bağlı məsələlərin müstəsna olaraq siyasi və diplomatik üsullarla həllinin tərəfdarıdır: “Belə bir prinsipdən çıxış edirik ki, razılaşmalar davamlı, balanslaşdırılmış, qarşılıqlı məqbul olmalıdır. Bunlar regionda dayanıqlı sülhə nail olmaq üçün əsas olmalıdır”. Onun sözlərinə görə, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə tərəflərə mütəmadi olaraq məsləhətçi yardım göstərməyə hazır olduğunu təsdiqləyir. Yəni Rusiya moderatorluq rolunu saxlamaq istəyir və ikitərəfli danışıqlar modeli ürəyincə deyil.

“Tarasov Rusiya demək deyil. Putin Rusiya deməkdir. Fakt da budur ki, Rusiyanın rəsmi hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bura Qarabağ daxildir. Hələ Vətən müharibəsi dövründə Kreml lideri bildirmişdi ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ona görə də Tarasov, yaxud Zatulinin nə deməsindən asılı olmayaraq, Qarabağ münaqişəsi keçmişdə qalıb, Xankəndi nəzarətimizdədir, sülhməramlı qüvvələr regiondan gedib, iki dövlətin ali rəhbərləri bütün məsələləri razılaşdırıblar. İndi Tarasovun sancısı nədəndir? Görünür ki, Paşinyanın mövqeyi qane etməyib və konfliktin uzanmasını istəyərdi”. Bu fikirləri siyasi ekspert Fuad Əliyev “Yeni Müsavat”a açıqladı. Onun sözlərinə görə, Rusiyadan arabir çat səslər gələ bilər, amma biz rəsmi Moskvanın addımlarına baxmalıyıq: “Rusiyada ermənipərəst dairələr də var, münaqişənin qalmasını arzulayanlar da ola bilər, erməni diasporuna bağlı qruplar mövcuddur, əsas olan isə Putinin yanaşmasıdır. Məncə, Rusiya prezidenti 2020-ci ildən indiyə qədər heç zaman bizi narazı salan bəyanat verməyib. Ola bilsin ki, Rusiyanın regionla bağlı əlavə planları da var imiş. Amma bu gün reallıqlar göz qabağındadır və ikitərəfli danışıqlar formatı inkişaf etməkdədir. Hər iki tərəf bəyan edib ki, vasitəçiyə ehtiyac duymurlar. Ümumən vasitəçiyə zərurət yaransa, təbii ki, regional baxımdan Rusiya daha uyğundur. Bunu dövlət başçısı İlham Əliyev də açıqlayıb”. 

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

 Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimov məsələyə fərqli yanaşır və ekspertə görə, Azərbaycan 44 günlük müharibə ilə Ermənistanı məğlubiyyətə düçar etdikdən sonra Cənubi Qafqazın geosiyasi mənzərəsində fərqli prioritetlər meydana çıxdı: “Yeni regional reallıqlar fonundakı aspektlər geostrateji tablo ilə bağlıdır. Nəzərdə tutmaq lazımdır ki, Cənubi Qafqaz regionundakı proseslər aktorların qüvvələr nisbəti üzrə bölgüsündə baş verən dəyişikliklərin müşayiəti ilə davam edir.   Bunun nəticəsində Türkiyənin regionda genişlənən təmsilçiliyi təhdidlərə qarşı yüksələn profil kimi əhəmiyyət qazanır. Bu mənada Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi dərin geosiyasi əhəmiyyət kəsb edərək qlobal təhdidlərin Cənubi Qafqazdakı təzahürlərinə qarşı müştərək müdafiə immunitetini formalaşdırır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR