İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “Putin NATO”suna qarşı növbəti demarşı - Kremldən İrəvana qəfil zəng...

807 15.03.2023 12:26 Siyasət A A

Ermənistan mərhələli şəkildə KTMT-dən uzaqlaşır, Rusiya liderinin erməni baş nazirə zəngində də əsas mövzu bu olub; Moskva İrəvanı blokda zorla saxlayacaq?

Məlum olduğu kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini vəzifəsinə kvotadan imtina edib. “Bəli, biz KTMT-yə müvafiq təklif göndərmişik”, - Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

“Yeni Müsavat” xatırladır ki, bundan əvvəl Ermənistan 2023-cü ildə öz ərazisində KTMT təlimlərini keçirməkdən imtina etmişdi. O zaman Ermənistanın baş naziri Nikol Paşinyanın dediyi kimi, mövcud vəziyyətdə Ermənistan hakimiyyəti təlimlərin keçirilməsini “məqsədəuyğun” hesab etmir. “KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər”. Bunu isə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan daim ümid edirdi ki, KTMT ölkələri onun Azərbaycanın ərazilərini işğalda saxlamasına kömək etməlidir: “Amma həmin ölkələr Ermənistanın bu avantürist siyasətinin alətinə çevrilmək istəmirdilər. Yəni Ermənistan özünü yanlış addımları ilə pis vəziyyətə salıb. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu vəzifədə ola-ola necə hörmətsiz qaydada geri çağırıb cinayət işi açmaları hamının yadındadır. Bu, əslində bütün KTMT üzvü ölkələrinin təhqir olunması idi”. “Son vaxtlar Ermənistan öz ərazisində KTMT-nin təlimlərinin keçirilməsindən imtina etdi. İndi də artıq baş katibin müavini kvotasından imtina ediblər. Ermənistan hesab edir ki, bütün dünya bunlara borcludur, hamı gəlib onların əvəzinə Azərbaycana qarşı vuruşmalıdır. Və əsassız iddiaları qəbul edilmədiyi üçün hamıdan inciyirlər. KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər”, - Prezidentin köməkçisi vurğulayıb. Göründüyü kimi, İrəvan, faktiki, KTMT-dən yollarını ayırmaq xəttini davam etdirir. Bunun İrəvan üçün hansı nəticələri olacaq? Moskva İrəvanı zorla “Putin NATO”sunda saxlamaq istəyəcək, yoxsa...

Yeri gəlmişkən, Rusiya Prezidenti Putinlə Ermənistanın baş naziri Paşinyan arasında telefon danışığı olub. Analitik Andrey Petrovun sözlərinə görə, Ermənistan Rusiyadan uzaqlaşma kursunu gücləndirib. “Bunu İrəvanın KTMT-də işləməkdən imtina silsiləsi sübut edir: birincisi, Paşinyan KTMT-nin İrəvan sammitinin sənədlərini imzalamır, sonra respublika təşkilatın öz ərazisindəki təlimlərini ləğv edir, ardınca baş katibin müavini vəzifəsindən imtina edir. Qərblə Rusiya arasında genişmiqyaslı geosiyasi qarşıdurma zamanı Ermənistan Qərbin təhlükəsizlik rəsmilərini, hətta onların tərkibini genişləndirmək perspektivi ilə içəri buraxdı ki, bu da Moskvada yalnız xəyanət kimi qiymətləndirilə bilər”, - deyə rus eksperti şərh edib.

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

Azad İsazadə

Hərbi analitik Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, KTMT formal təşkilatdır və idarə edən də Rusiyadır: “Sözsüz ki, Moskva zəifləyir və İrəvan da KTMT-yə bir şərtlə daxil olmuşdu - ona havayı silah verilsin, təhlükəsizliyi təmin olunsun. Rusiya hazırda bunu edə bilmir. Bütün qoşunları Ukraynada məhv edilir. Ona görə bu blokda qalmaq Ermənistan hakimiyyətinin nəzərincə məqsədəuyğun hesab edilmir. Qərbin də təzyiqləri getdikcə güclənir. Avropa İttifaqı Rusiyasız Ermənistan-Azərbaycan məsələsini həll etməyə hazırdır”. Hərbi ekspertin fikrincə, Kremlin İrəvana təzyiq etmək imkanı var, amma radikal təsir gücü yoxdur: “Gürcüstan da ondan uzaqlaşıb və Moskva Cənubi Qafqazı itirməkdədir. Ancaq həm Azərbaycana, həm Ermənistana təxribat etməyə çalışacaq ki, bölgəni əldən verməsin. Sadəcə, inanmıram ki, nəyəsə nail ola bilsin. Çünki Ukraynada müharibə bitməyənə qədər Rusiya Ermənistanla bağlı heç nə edə bilməyəcək”.

Nə qədər ki, silahlılar Qarabağdadır, status məsələsi müzakirə oluna  bilməz"- politoloq Elxan Şahinoğlu » atia.az İnformasiya Agentliyi

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin İrəvana səfərini xatırladaraq bu mövzuya giriş edib. Onun sözlərinə görə, Şimali Atlantika Blokunun keçmiş baş katibi hazırda “Rasmussen Qlobal” siyasi konsaltinq təşkilatının təsisçisidir: “Rasmussen özü danimarkalı olduğundan təşkilatın baş ofisi Kopenhagen şəhərində yerləşir, Brüsseldə, Berlində, Londonda və Vaşinqtonda ofisləri var. Təşkilat təhlükəsizlik, transatlantik əlaqələr, Avropa İttifaqı mövzularında məsləhətlər verirlər. Bu Rusiya ilə hərbi ittifaqa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına marağı azalan hazırkı Ermənistan hökumətinin diqqətini çəkən sahələrdir. Rasmussenin konsaltinq şirkəti 2016-cı ildə Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya təhlükəsizlik sahəsində islahatların dərinləşdirilməsi məqsədilə məsləhətlər verib. Rasmussenin özü isə Poroşenkonun ştatdankənar müşaviri olub. Rasmussenin Poroşenkoya nə qədər uğurlu müşavir olduğu ayrı mövzudur, əsas odur ki, NATO-nun keçmiş baş katibi Qərbin təhlükəsizlik və iqtisadi institutlarına maraq göstərən dövlət liderlərinə pullu məsləhətlər verir. Deməli, Nikol Paşinyanın və onun komandasının da eyni səpkili məsləhətlərə ehtiyacı var. Rasmussen ona görə İrəvanda görüşlərə başlayıb”. Ekspert məsələyə belə yanaşmağın tərəfdarıdır.

Qeyd edək ki, təşkilatdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə KTMT ölkələri hər il müntəzəm olaraq hərbi təlimlər təşkil edir. “Rubej 2008" adı altında Ermənistanda təşkil olunan hərbi təlimdə üzv ölkələrin hər birindən ümumilikdə 4000 nəfər iştirak edib. Bu cür təlimlər zamanı üzv ölkələr arasında kollektiv təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə operativ, taktiki və strateji məşqlər təşkil olunur. Belə təlimlərdən ən genişmiqyaslısı isə 2011-ci ildə Mərkəzi Asiya və Cənubi Rusiyada təşkil olunub. Bu zaman ümumilikdə 10.000 nəfər hərbçi və 70 döyüş aviasiyası təlimlərə cəlb olunub. Rusiyanın təşkilatın digər üzvlərinə öz ərazilərində xarici dövlətlərə məxsus yeni hərbi bazaların yerləşdirilməsinə veto qoymaq hüququ var. Üçüncü ölkəyə məxsus hərbi bazaların hər hansı KTMT üzvü olan dövlətdə yerləşdirilməsi üçün mütləq təşkilatın qalan bütün üzvlərinin rəsmi şəkildə razılığı olmalıdır.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR