“Ermənistan konstitusiyasına görə qanunverici orqana seçkilərin nəticələrini Konstitusiya Məhkəməsi təsdiq etməlidir. Bu prosedur qaydadır və gözlənildiyi kimi, Ermənistan Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının göndərdiyi sənədlər əsasında proporsional qaydada keçirilən seçkilərin nəticəsini təsdiq etdi”.
Hüquqşünas Sahib Məmmədov bunu Musavat.com-a açıqlaması zamanı deyib. Qeyd edək ki, məhkəmə müxalifətin heç bir iddiasını təmin etməyib. Üstəlik, baryeri keçməkdən ötrü cüzi səslərə ehtiyac duyan “Çiçəklənən Ermənistan” partiyasının şikayəti nəinki təmin olunmayıb, hətta iddia rədd ediləndən bir gün sonra onun liderinin mənzilində axtarışlara başlanılıb. Bununla da Paşinyanın öz əleyhdarlarına divan tutacağı barədə xəbərdarlığının əbəs olmadığı ortaya çıxır. Bəzi ekspertlər hesab edir ki, baş nazir Nikol Paşinyan istədiyi nəticəni Konstitusiya Məhkəməsinə “həzm” etdirdiyi kimi, Ermənistan konstitusiyasının dəyişdirilməsinə, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının əsas sənəddən çıxarılmasına da nail ola bilər. Beləliklə, ötən il paraflanmış sülh sənədinin tezliklə imzalanmasını da mümkün hesab edənlər var.
S.Məmmədov isə bunu mümkün hesab etmir: “Ermənistanda Konsititusiyaya dəyişiklik və əlavlər, yeni konstitusiyanın qəbulu başqa prosedur əsasındadır. Mövcud konstitusiyaya görə, bununla bağlı deputatların üzdə birinin, hökumətin və ya 200 000 seçicinin təşəbbüsü olmalıdır. Amma bütün halda son qərarı parlamentin konstitusion çoxluğu verməlidir. Yəni ən azı 71 deputat - üçdə iki. Belədə mən indiki halda başqa bir yol barədə heç nə deyə bilmərəm. Mümkün hüquqi yol budur”.
Paşinyanın 2027-ci ildə konstitusion islahatlarla bağlı vədinə gəldikdə, hüquqşünas bildirib ki, Ermənistanın hökumət başçısı vəd verməkdə pərgardır və hələlik hamıya vəd verməkdədir: “Ola bilər o hansısa cəhdləri edəcək. Məsələn, digər partiyalardan olan deputatların da bəzilərini yeni konstitusiya qəbuluna səs verməyə sövq edə biləcək. Mənim qənaətim budur ki, Paşınyan onsuz da seçkilərdə inzibati resurslardan istifadə etmişdi, onsuz da bütün rəqiblərini təqib edib, seçilmək imkanların məhdudladırmışdı. Çatışmayan 7-8 səsi də əldə edə bilərdi. Amma bunu etməyib. Belə ehtimal var ki, o, bunu qəsdən edib. İndi ondan bu barədə soruşanda deyəcək ki, Ermənistan demokratik ölkədir, parlamentli respublikasıdır. Yəni “mən istəyirəm, amma parlamentdə konstitusion çoxluq yoxdur”. Ən əsası belə deyəndə Qərb onu normal qəbul edəcək”.
N.Paşinyan gələn il ən azı buna cəhd edəcəkmi?
S.Məmmədov deyib: “Ola bilər ki, Paşinyan vəd verdiyi kimi, yeni konstitusiyanın qəbul olunması ilə əlaqədar sənədləri hazırlasın, parlamentə təqdim etsin. Bununla da o, bütün dünyaya, həm də Azərbaycana nümayiş etdirməyə çalışacaq ki, Vaşinqtonda imzaladığı sazişə uyğun olaraq, öz işini gördü və sənədin müzakirəsini parlamentə çıxartdı. Parlament isə yükun sənədə səs verməyəndə bütün dünya belə hesab edəcək ki, “Nikol Paşinyan öz işini gördü, verdiyi vədi icra etdi”. Yəni bu variant mümkündür”.
E.Paşasoy,
Musavat.com






