Ermənistanın baş naziri Nikol Paşinyan dağda keçirdiyi məzuniyyətini başa çatar-çatmaz ölkədəki vəziyyətə uyğun olaraq Rusiya prezidenti Vladimir Putinə zəng etməsi erməni mediasının əsas mövzusudur.
Musavat.com erməni KİV-lərinə istinadən xəbər verir ki, tərəflər arasında baş tutan telefon danışığının detalları iki ölkənin yaydığı rəsmi məlumatlardan fərqlidir.
Bildirilir ki, məhz bu fərqlər Moskvanın İrəvandan əsas nə tələb etdiyini üzə çıxarıb.
Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Maraqlıdır ki, yenə də nə Kremlin, nə də Ermənistan hökumətinin yaydığı məlumatda Vladimir Putinin Nikol Paşinyanı parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdiyi qeyd olunmayıb.
Ermənistan hökumətinin məlumatına əsasən, danışığın əsas mövzusu ikitərəfli iqtisadi münasibətlər olub. Nikol Paşinyan bildirib ki, Ermənistan məhsullarının Rusiyaya ixracına tətbiq olunan məhdudiyyətlər iki ölkə arasındakı müqavilələrə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına ziddir. Baş nazir Rusiya prezidentindən yaranmış problemin aradan qaldırılması üçün müvafiq addımlar atmağı xahiş edib və bütün mübahisələrin dostluq və tərəfdaşlıq ruhunda həllinə hazır olduqlarını vurğulayıb.
Kremlin yaydığı məlumat isə tamamilə fərqli məzmun daşıyır. Rusiya tərəfi iqtisadi problemlərdən demək olar ki, bəhs etməyərək diqqəti Ermənistanın geosiyasi seçiminə yönəldib.
Moskvanın açıqlamasına görə, Vladimir Putin Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin Ermənistanın Avropa İttifaqına üzvlük planları ilə bağlı birgə mövqeyini bir daha təsdiqləyib. Bundan başqa, Rusiya prezidenti İrəvanda mümkün qədər tez ümumxalq referendumu keçirilməsinin vacibliyini vurğulayıb. Beləliklə, Kremlin mesajından aydın olur ki, Moskva Ermənistandan ölkənin gələcək xarici siyasi kursunu müəyyənləşdirməsini tələb edir. Referendum vasitəsilə Ermənistan ya Avrasiya İqtisadi İttifaqında qalmaq, ya da Avropa İttifaqına inteqrasiya yolunu seçməlidir.
Xatırladaq ki, bu məsələ ətrafında müzakirələr may ayından davam edir. Mayın 9-da Vladimir Putin Ermənistanın Avropa İttifaqı ilə Aİİ arasında seçim etməli olduğunu bildirərək, bu məsələ ilə bağlı referendum keçirilməsini təklif etmişdi.

İki gün sonra Nikol Paşinyan Ermənistanın Aİİ-nin tamhüquqlu üzvü olaraq qaldığını, referendumun isə yalnız obyektiv zərurət yaranacağı təqdirdə keçirilə biləcəyini söyləmişdi. Daha sonra Rusiyanın baş nazir müavini Aleksey Overçuk da xəbərdarlıq edərək bildirmişdi ki, Ermənistanın Avropa standartlarına keçməsi Avrasiya İqtisadi İttifaqı üçün ciddi risklər yarada bilər.
Mayın 29-da Astanada keçirilən Aİİ sammitində Ermənistan iştirak etməsə də, təşkilata üzv ölkələrin liderləri İrəvanda referendumun qısa müddətdə keçirilməsinin vacibliyini bir daha bəyan etmişdilər. Həmin sammitdə Vladimir Putin Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə ölkə iqtisadiyyatının ÜDM-in təxminən 14 faizini itirə biləcəyini bildirmişdi.
Ekspertlərin fikrincə, telefon danışığının məzmunu göstərir ki, Moskva Ermənistanla münasibətlərdə əsas prioritet kimi iqtisadi məsələləri deyil, İrəvanın geosiyasi istiqamətini görür. Paşinyanın özü tərəfindən edilən telefon zəngi isə Ermənistanın həm iqtisadi problemləri, həm də Rusiya ilə münasibətlərdə yaranmış gərginliyi yumşaltmaq cəhdi kimi qiymətləndirilir.
Musavat.com






