Əvvəlcə Sizə uzaq Şimali Koreyadan bir-iki söz deyəcəm. Bu ölkəyə “totalitarizimin qoruğu” deyirlər. Bunun biri də Kubadır. Amma Kuba buna baxandan xeyli azad ölkədir. Şimali Koreya haqqında deyirlər ki, turistlər bura əsəblərini yoxlamaq, nə bilim, ekstrim-adrenalin üçün gəlirlər, çünki onların özləri heç nədən Koreya hökumətinin qəzəbinə gələ bilərlər. Bu ölkənin necə qapalı olmasını çatdırmaq üçün bir detal deyəcəm. Bir-iki çempionat bundan əvvəl burada insanlara futbol üzrə həqiqi dünya çempionatını yox, ölkə televiziyonçularının fantaziyasını göstərmişdilər – bəli, guya ki, Şimali Koreya onda futbol üzrə dünya çempionu olmuşdu! Ssenari də heç şübhəsiz ki, yoldaş Kim Çen Inın özünün idi...
Bilirsiniz, bu ortaboylu şişman qədər yer üzündə iyrənc adam yoxdur. Bir dəfə HƏMAS-ın fələstinlilər üçün hazıladığı siyasi reklam roliklərini göstərirdilər. Bunların kumiri kimi idi? Məhz həmin orta boylu şişman Kin Çen In! Əlbəttə, fələstinlilər də qardaşlarımızdır, bir mübariz xalq kimi onları da sevirik, amma səmimi deyirəm ki, həmin o reklam çarxı çox iyrəndirdi məni. Adamı dəhşətə gətirən budur ki, bunlar 21-ci əsrdə baş verir. Hələ 90-cı illərdə bir İran prezidenti demişdi ki, azadlıqla heç bir ideya rəqabət apara bilməz. Amma bəzən nə baş verir? Hərdən hətta Qərb təhsilli adam, özü də istedadlı, yaradıcı insan simvolik olaraq daha azad ölkəyə yox, qəribə olsa da, feodal İranına üstünlük verir! Gülüncdür, deyilmi?..
Söz yox ki, elə məsələlər var, onlar İranda daha yaxşı həllini tapıb. Orada halal-haram söhbəti, mülkiyyət məsələsi daha ciddidir. Biz bu sarıdan gənc dövlət kimi bir az axsayırıq, təkcə ona görə yox ki, 70 il kommunist rejimində yaşamışıq, həm də ona görə ki, bizim məmurlar bizi hələ də halallıqla yaşamağa yox, “oğrudan oğruya halaldır” prinsipi əsasında yaşamağa məcbur edirlər.
Bir daha deyirəm ki, ölkəmizin müəyyən qüsurları var, amma Azərbyacan bütün hallarda, dünyəvi dövlətdir, burada kimisə araq içdiyinə, ya başıaçıq gəzdiyinə görə şallaqlamırlar. Burada heç kimə birbaşa kino çəkməyi, ya oxumağı yasaq etmirlər, yaradıcı azadlıqlar daha çox və genişdir, siyasətçilər avropalılarla daim polemika aparsalar da hələ qərb ölkəsidir, qərb camaatıdır buralar - əlbəttə, heç kim bilmir, beş, ya on ildən sonra nə olacaqdır, amma hələki belədir...
Demokatik rejimlərdən, totalitar ölkələrdən fərqli aralıq rejimlər bir az çətin proqnozlaşdırılır, bunlar indicə sadaladığım iki rejimdən birinə istiqamət götürə bilər. Bizdə də indi məmurların həvəsi daha çox qapalı, sərt rejimlərə tərəfdir: adamların ağzını yumursan və bununla da məsələ bitir!..
Bunlar da lap futbol çempionatı kimi quraşdırılmış məlumatlar verə bilərlər insanlara: məsələn, gözlərini qırpmadan durub iddia edə bilərlər ki, dünyada ən demokartik seçkilər Azərbaycanda keçirilir! Məsələn, bir –ay yarım bundan əvvəl deputatlardan biri elə belə də dedi.
Durub arxayın-arxayın, araşdırmadan deyə bilərlər ki, Azərbaycan regionun ən qabaqcıl ölkəsidir. Təxminən həqiqətən də belədir, amma bəzi parametrlərə görə digərləri də nəinki ona çatmaqda, bəzən hətta üstələməkdədir: məsələn, ötən il adambaşına düşən məhsula görə təəssüf ki, heç də öndə olmadıq.
Niyə ciddi düşünməyək bunları? ABŞ kimi çox böyük bir dövləti Çinin önə keçməsi çox narahat edir və yerləşdiyimiz bölgədə kimin bütün parametrlərə görə öncül olması bizim üçün də önəmsiz olmamalıdır, ona görə ki, kim güclüdürsə, o, da diqtə edir.
Ötən dəfələrdə yazı gözümə sataşdı. Müəllif iqtisadi artım tepmlərini müqayisə edib belə nəticəyə gəlmişdi ki, geri qalırıq. Amma məncə, bu, hələ tələsiik nəticə sayılmalıdır, çünki templər hər şey demək deyil, xüsusən də artım templəri: bəzən aşağı göstəricilərin yüksək artım templəri ola bilir. Həm də artım müəyyən həddə, belə demək mümkündürsə, “doyuma” halına çatanda templər az dəyişir. Belədəsə, Azərbaycan bəzi parametrlərə görə hələki həqiqətən də öndədir, amma çox da böyük fərqlə yox... Başqa detal da var. Qonşulardan fərqli olaraq bizdə hələ də rəsmi milyonçular yoxdur – hamımız ziyana işləyirik guya. Amma ən varlı məmurlar ölkəmizdən çıxır. Özü də son illərdə onlar vəzifədən azad edildikdən sonra da bir çox hallarda toxunulmaz qalırlar. Bunun da iki səbəbi deyilir.
Birincisi, guya bu adamlar tək öz kisələrini doldurmaqla məşğul olmayıblar – bilmirik, belədir, ya yox, amma belə deyirlər. “Ortaqlar” biri-birnin tam “batmasına” imkan vermirlər–hər halda, belə söyləyirlər.
İkincisi, guya nəzərə alınır ki, bu böyük məmurlar “çox şey” bilirlər, özlərilə başqalarını da çəkib apara bilərlər. Yalandır, ya doğru? Bilmirik! Amma belə deyirlər...






