İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın addımları Azərbaycanın təkcə Zəngəzura deyil, Göyçə və İrəvana da yolunu açır - TARİXİ ŞANS

7195 06.09.2022 18:13 Analitika A A

Brüssel görüşündən sonra Ermənistanda revanşçı qüvvələrin yenidən küçələrə çıxması, Nikol Paşinyanı xəyanətdə günahlandırması və sülh müqaviləsinə qarşı çıxışları gərginliyi tətikləyən elementlərdəndir.

798d9a23-0f21-3bb5-a9b6-2769a1597f90_850.jpg (55 KB)

Məsələ burasındadır ki, proseslərin dinc şəkildə nizamlanmasına qarşı çıxan qüvvələr təkcə Ermənistan müxalifətini təmsil etmir, eləcə də hakim düşərgənin davranışları stabilliyin pozulmasına zəmin hazırlayır. Eyni zamanda iki ölkənin hələ dəqiqləşdirilməyən sərhədində atəşkəsin pozulması hallarının intensiv xarakter alması növbəti toqquşmaların əsasını qoya bilər. Rusiya vətəndaşı olan erməni milyarder Ruben Vardanyanın qeyri-qanuni şəkildə Qarabağa köçməsi, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Xankəndiyə özbaşına səfəri, həmçinin bu ərazilərdə qanunsuz yolların çəkilməsi, evlərin tikilməsi kimi faktlar Azərbaycanı növbəti hərbi əməliyyatlara vadar edə bilər. Bütün bu sərsəm addımlarsa sülh danışıqlarının davam etdiyi dönəmə təsadüf edir. Ermənistan rəhbərliyi unudur ki, prosesləri qalib Azərbaycan diktə edir. Rəsmi İrəvanın sülh müqaviləsinə yanaşması göz önündədir: pozuculuq xətti öndə gəlir. Əslində Brüssel görüşünün nəticəsi olaraq, sülh müqaviləsinin hazırlanması məsələsində Ermənistan da ən azı Azərbaycan qədər maraqlı olmalıdır. Əgər adekvat davranış nümayiş etdirməsə, Azərbaycan yenə də öz yolu ilə gedəcək, Azərbaycanın Zəngəzur, Göyçə, İrəvanla bağlı məsələləri qaldırması üçün də daha əlverişli mühit, zəmin yaranacaq. Daha da konkretləşdirsək, Nikol Paşinyanın küçə müxalifətinin əli ilə etiraz şousu yaratması, həmçinin ziddiyyətli davranışları, sərsəm addımları Azərbaycanın təkcə Zəngəzura deyil, Göyçə və İrəvana da yolunu açmış olur, bu da tarixi şansdır!

ce71a858-59a3-34d8-ad2a-4d91031267a0_850.jpg (143 KB)

Əgər istədikləri budursa, olsun, bizim çoxdankı arzumuzdur. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistandan didərgin salınan həmvətənlərimiz öz dədə-baba yurdlarına qayıdacaqlar! Bu mənada qarşıdakı dönəmdə Ermənistan siyasi rəhbərliyi doğru seçim etməyi bacarmalı, nəhayət ki, erməni xalqını düçar edildiyi ağır vəziyyətdən çıxarmağa dair güclü siyasi iradə nümayiş etdirməlidir, əks halda, onlar üçün daha çətin olacaq. Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Göyçə və Zəngəzurun, həmçinin İrəvanın Azərbaycan ərazisi olduğunu bəyan edib. Eyni zamanda İsmayıllı rayonunu bir müddət öncə səfər edərkən Azərbaycanın 1918-20-ci illərə aid xəritəsini əlində nümayiş etdirməklə çox ciddi mesaj vermiş olub. İstisna deyil ki, Azərbaycan danışıqlar masasında sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə edərkən həmin xəritənin əsas götürülməsində israrlı olacaq. Hətta Ümummilli lider Heydər Əliyev də vaxtilə bəyan etmişdi ki, Mehri rayonu daxil olmaqla, bir sıra ərazilərimiz Azərbaycandan zorla alınaraq 1920-ci ildə bolşeviklər tərəfindən Ermənistana verilib. Ermənilərin bir çoxu bu tarixi həqiqəti bilir və özlərini “tikan üstündə oturmuş” kimi hiss edir. Eyni zamanda Azərbaycanda Qərbi Azərbaycandan qaçqın düşən yüz minlərlə insanlarımızla bağlı sistemli şəkildə işlərin aparılması, qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaqla bağlı istəkləri tarixi ədalətin gec-tez bərpasından xəbər verir.

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə keçirdiyi qapalı görüşdə də Azərbaycanla “sülh müqaviləsi”nin imzalanması məsələsindən danışıb. Erməni mətbuatı yazıb ki, qapalı görüşdə Qarabağa dair mövcud fikir ayrılıqlarının təkcə Ermənistan-Azərbaycan münasibətlərində deyil, həm də Qərblə Rusiya arasında olduğu vurğulanıb. “Hraparak” nəşrinin məlumatına görə, Paşinyan qapalı görüşdə deputatlara deyib ki, avqustun 31-də Azərbaycan lideri İlham Əliyevlə danışıqların əsas konstruktiv epizodu və ya nailiyyəti onların sülh müqaviləsi ilə bağlı ilkin razılığa gəlmələri olub. Paşinyan bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən son görüşdə danışıqlar nəticəsiz qalmayıb. (Modern.az)

e3e75aa0-8500-3291-8795-ceb878b9fbb3_850.jpg (141 KB)

Baş nazirin sözlərinə görə, rəsmi Bakı üçün Ermənistanın Qarabağdan imtina etməyi prinsipial məsələdir: “Brüsseldə Əliyev “artsax məsələsi”nin həll edildiyini, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımalı olduğunu və “artsax erməniləri”nin Azərbaycan daxilində milli azlıq statusunu davam etdirməli olduğunu təkid edib”, - deyə “Hraparak” yazıb. Paşinyan deyib ki, Ermənistan Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu qorumalıdır, amma indiki şərtlər daxilində müstəqillikdən danışmaq real deyil, lakin şərtlərə uyğun olaraq hansısa status müəyyən edilməlidir. Bununla belə, o, həmçinin əlavə edib ki, Qarabağla bağlı istənilən variant İlham Əliyev üçün qəti şəkildə qəbuledilməzdir. “Hraparak” daha sonra qeyd edib ki, qapalı görüşdə deputatlar Paşinyana belə bir sual veriblər: Hazırkı “status-kvo” qorunub saxlanılsa və Ermənistan bu qeyri-müəyyən vəziyyəti uzatsa, müqaviləni imzalamasa, rəsmi İrəvanın Azərbaycan tərəfindən təzyiqlərə məruz qalmayacağına, “yeni Fərrux əməliyyatları”nın keçirilməyəcəyinə zəmanət varmı? “Cavab belə olub ki, heç bir zəmanət yoxdur”, - deyə qəzet qapalı görüşün təfərrüatları barədə yazısında qeyd edib.

Nəşrin yazısında qeyd olunur ki, Paşinyan həm Qərbin, həm də Rusiyanın qarşısında manevr etməklə təhlükəli davranışlar nümayiş etdirir. “Baş nazirin deputatlarla Dilicandakı görüşündə “sülh sazişi”nin imzalanmasına mane olan məsələlərdən biri kimi “Zəngəzur dəhlizi” göstərilib. Ermənistan yolun açılmasının tərəfdarıdır, lakin Əliyev təkid edir ki, ona yol yox, dəhliz lazımdır”, - “Hraparak” qeyd edib.

Əgər Qarabağdakı bir ovuc erməninin – hansı ki, onlar tarixin son dönəmlərində Azərbaycan ərazilərinə köçürülüblər – “hüquqları”ndan bəhs olunursa, o halda indiki Ermənistan ərazisinin əsl sahiblərinin, azərbaycanlıların öz yurdlarına qaytarılması da paralel şəkildə masaya daşınmalıdır. Azərbaycanlıların evləri darmadağın edilib, qəbiristanlıqları yer üzündən silinib, tarixi abidələrimiz də həmçinin – bütün bunlar həm Ermənistan rəhbərliyi, həm də aparıcı dövlətlər tərəfindən görməzdən gəlinir. Lakin artıq yeni situasiya yaranıb, kimsə bu faktları arxa plana ata bilməz.  

“Kim də bilməsə, Nikol Paşinyan bilməmiş deyil ki, o, Qarabağdakı hayların təhlükəsizlik və hüquqlarından danışmalı olan ən axırıncı adamdır”.

Bu fikirləri Musavat.com-a deputat Sahib Alıyev Ermənistan rəhbərliyinin davam edən ziddiyyətli mövqelərinə münasibət bildirərkən söyləyib.

O, Ermənistan rəhbərliyinin tarixə ekskurs etməli olduğunu vurğulayıb: “Paşinyan Qarabağdakı haylardan daha çox öz yurd yerlərində yaşamağa haqqı çatan Ermənistan adlanan ölkədə etnik təmizləməyə uğrayan azərbaycanlıların hüquq və təhlükəsizliklərindən danışmalı, bununla bağlı öz üzərinə öhdəlik götürməlidir. Necə cənab İlham Əliyev bildirir ki, Qarabağdakı haylar da digər Azərbaycan vətəndaşları kimi rahat və təhlükəsiz yaşayacaqlar, o da təminat verməlidir ki, Ermənistana - öz dədə-baba torpaqlarına dönən azərbaycanlıların hüquq və təhlükəsizlikləri tam təmin olunacaq. Reallığı yaxşı bilə-bilə bunun deyilməməsi onu göstərir ki, əslində Paşinyan soydaşlarının Qarabağda qalıb yaşamalarını istəmir. Məsələ burasındadır ki, bəzi imperialist çevrələr Qarabağdakı haylardan Azərbaycana qarşı təzyiq aləti olaraq faydalanmağa çalışdıqları kimi, ölkəsindəki Rusiyaya bağlılar da Paşinyana qarşı yararlanırlar. Bu da Ermənistanın baş nazirinə tam əl verir ki, Qarabağdakı haylar tezliklə oranı tərk etsin və onun da canı qurtarsın. Və başlasınlar daha 100 il ağlayıb-sızlamağa, bu dəfə də Azərbaycanı soyqırımda suçlandırıb sığındıqlarından müəyyən dəstək almaq üçün hərəkətə keçməyə. Açığı, önləri kəsilməsə, Qarabağdakı hayların da çoxu qaçqın statusu alaraq ABŞ və Fransadakı soydaşlarının yanına qaçardılar. Çünki onlar üçün Qarabağ nə qədər vətəndirsə, Marsel, yaxud da Los-Anceles bir o qədər, hətta ondan da artıq vətəndir. Məhz buna görə özünün Qarabağa səfərinin sonradan oradakı bütün hayların oradan getməsinə səbəb olacağını bildiyi üçün Paşinyan da Qriqoryan kimi Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsinə səfər etmək istərdi. Amma hayların Qarabağdakı mövcudluğunu öz geosiyasi çıxarlarına görə Paşinyanla orada yaşayan soydaşlarını daha çox istəyənlər hazırda onu Xankəndiyə buraxmazlar. Amma son günlər həm Ermənistanla sərhəddə, həm də Qarabağda Azərbaycan Ordusunun mövqelərinin davamlı atəşə tutulması faktı onu göstərir ki, Paşinyan Dəmir Yumruğun növbəti dəfə başlarına endirilməsinə ehtiyac duyur. Çünki Dəmir Yumruq işə düşəndə ölkəsindəki xəstə toplumun köpü xeyli yatır, o, Azərbaycanın gücü qarşısında güzəştə getməkdən başqa yolunun qalmadığını, müttəfiqin isə baş verənləri sadəcə seyr etməklə kifayətləndiyini deyə bilir. Yəni bir tərəfdən Rusiyanı və ölkəsindəki Rusiyaya bağlı rəqiblərini gözdən salır, digər tərəfdən də növbəti güzəştli addımı atmaq üçün kart-blanş əldə edir”.

d114fc05a3-1657868840-demir-yumruq-yerindedir.jpg (79 KB)

Sahib Alıyev Ermənistan baş nazirinin sülh danışıqlarını pozmağa yönəlik cəhdləri barədə bunları söyləyib: “Mən Brüsseldən geri döndükdən sonra Paşinyanın Azərbaycanı avqustun 3-dəki bənzər növbəti əməliyyat keçirməyə təhrik edən hərəkətlərini məhz bu cür qiymətləndirirəm. Yəni üzdə Paşinyan Brüsseldə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmədiyini sərgiləsə də, əslində ölkəsindəki xəstə toplumun anlayacağı və həzm edə biləcəyi şəkildə bunun olması üçün zəmin yaradır. Yəni o, Azərbaycana yeni əməliyyatlar üçün əsas verir. Daha doğrusu, başqa bir yol buraxmır. “Vur, başımızı əz, mən də növbəti güzəştə gedim” deyir. Paşinyanın ilin sonuna kimi Azərbaycanla sülh bağlanacağı barədə açıqlaması da onu göstərir ki, deyəsən bu versiya heç də əsassız deyil. Ermənistanın baş naziri Azərbaycanın Dəmir Yumruğunun da təsirindən faydalanmaqla tezliklə Qarabağ hay yükündən can qurtarmağa çalışır”.

Ermənistanda da reallığı dərk edənlər az deyil. Amma hansısa çevrələrin əllərində oyuncağa çevrilənlər hələ ki, situasiyanı düzgün qiymətləndirməyə, siyasi iradə ortaya qoymağa qadir deyil. Heç şübhəsiz, “nə hərb, nə sülh” vəziyyəti uzun müddət davam edə bilər, əks halda Azərbaycan Dəmir Yumruğu düşmənin başına endirməli olacaq!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR