Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) gələcəyi və Avropa İttifaqına (Aİ) inteqrasiya imkanları barədə növbəti səs-küylü bəyanatla çıxış edib. Jurnalistlərin suallarını cavablandıran hökumət başçısı Ermənistanın Aİİ üzvlüyündən məhrum edilməsinin hüquqi cəhətdən qeyri-mümkün olduğunu, çünki təşkilat daxilində bütün mühüm qərarların konsensus (yekdillik) əsasında qəbul edildiyini xüsusi vurğulayıb.
Musavat.com xəbər verir ki, ölkədə uzun müddətdir müzakirə olunan Aİİ və ya Aİ seçimi ilə bağlı mümkün referendum mövzusuna toxunan Paşinyan bu addımın hələlik zamanı olmadığını bildirib: "Aİİ ilə Aİ arasında seçim referendumu o vaxt baş tutacaq ki, ortada real səsvermə obyekti olsun. Bunun üçün Ermənistan rəsmi şəkildə Aİ-yə üzvlük üçün müraciət etməli və ya ən azı namizəd statusu almalıdır. Hazırda isə ortada nə rəsmi müraciət, nə də namizədlik statusu var".
Baş nazir çıxışında ittifaqdakı tərəfdaşlarının, xüsusilə Moskvanın yürütdüyü siyasəti də kəskin tənqid etməkdən çəkinməyib. Paşinyan rəsmi müttəfiqlərinin taktiki cəhətdən böyük səhvə yol verdiklərini iddia edib: "Aİİ-dəki həmkarlarımız məsələyə taktiki cəhətdən bir az yanlış yanaşırlar. Ölkəmizdə bu ittifaqın cəlbediciliyini artırmaq əvəzinə, tam tərsinə hərəkət edirlər. Axı unudurlar ki, son ssenaridə qərarı mən yox, xalq özü verəcək".
Musavat.com






