İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana “Verməyəcəksən, zorla alacaqlar” dedilər... - “Azərbaycan həmin əraziləri tələb edə bilər”

10362 07.05.2023 15:55 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində bildirib ki, “Bizim də işğal olunmuş kəndlərimiz var, Azərbaycan onları qaytarmağa hazırdırsa, biz də hazırıq”.

Paşinyanın bu çıxışı nəyə hesablanıb?

Politoloq Qafar Çaxmaqlı Musavat.com-a açıqlamasında deyib ki, Paşinyanın müsahibəsi Ermənistanın yeni mövqeyidir, amma əvvəlkilərdən fərqlənmir.

qafar.png (544 KB)

Politoloq bildirib ki, Ermənistan növbəti dəfə sülh prosesini uzatmaq üçün cəhdlər edir:

“Paşinyanın Azərbaycanın işğal altındakı 8 kəndinin geri verilməsi ilə bağlı növbəti manipulyasiyası Ermənistanın özündə də tənqid olunur. “Verməyəcəksən, zorla alacaqlar” deyirlər. Sərhədlərin müəyyənləşməsi Ermənistanın günahı üzündən baş tutmur. Qarşı tərəf iddia edir ki, Azərbaycan Ermənistan ərazilərinin bir hissəsini guya işğal edib, nəzarət edir və bu halda həmin tədbirləri həyata keçirmək mümkün deyil. İki ölkə arasında sərhədlər müəyyənləşməyibsə, hansı ərazi zolağının kimin olduğunu təyin etmək mümkün deyil. Hələ o da məlum deyil ki, demarkasiya və delimitasiya tədbirləri hansı illərin xəritələri ilə aparılacaq. Ermənistan 1991-ci ildə qəbul olunmuş Almatı bəyannaməsini əsas götürməyi təklif edir. Amma dövlətlərin yenidən öz müstəqilliyini elan edərkən tarixin bəlli dövrlərində mövcud olmuş xəritələr də gündəmə gətirilməlidir. AXC-nin varisi olan Azərbaycan Respublikası 1918-ci ildə mövcud olmuş əraziləri tələb edə bilər. O zaman Azərbaycanın ərazisi 114 min, Ermənistanın isə 9 min kvadratkilometr olub. SSRİ zamanında olan administrativ sərhədlərə baxıldıqda da Paşinyanın tez-tez iddia etdiyi 29,8 min kvadratkilometrlik əraziyə iddia etməsi absurddur. Qazaxın 7 və Naxçıvanın Kərki kəndi isə 90-cı illərin işğalıdır və bu kəndlərin qaytarılmasının alternativi yoxdur. Paşinyanın “Azadlıq” radiosuna müsahibəsində adını çəkdiyi kəndləri işğal altında olan kəndlərlə müqayisə etmək olmaz”.

kend.jpg (136 KB)

Politoloq xatırladıb ki, daha öncələr Gədəbəyin Başkənd kəndindən bəhs edilirdi və məsələyə bu kəndi uyğun Azərbaycan kəndi (məsələn, Kərki ilə) ilə dəyişdirmək məntiqiylə yanaşılırdı:

“İndi Paşinyanın heç vaxt gündəmdə olmayan yeni kəndlərdən danışması sülhə gedən yolun qarşısını kəsmək üçün edilən bəhanədir. Sülh müqaviləsinə gəlincə, Azərbaycan bir ildən artıqdır ki, müqavilənin layihəsini Ermənistana verib və 5 maddədən ibarət təkliflər də Ermənistan tərəfindən müəyyən redaktələrlə qəbul edilmişdi. İndi ehtimal ki, bu maddələr üzərində işlənilir. ABŞ görüşlərindən sonra bu danışıqların davam etdirilməsi ilə bağlı siyasi iradə işini görməlidir.

Ermənistan ABŞ-ın bu məsələdə təşəbbüsü ələ almasından narahatdır, çünki bu illər ərzində onlar Rusiyanın dediyi ilə oturub-durub. Bu müzakirələrin Kişinyovda, daha sonra Moskvada danışıqların davam etdirilməsi gözlənilir. Ermənistan açıq şəkildə prosesin uzadılmasına çalışır. Məqsədi də bəllidir. Sülh danışıqlarına Qarabağ ermənilərinin onların deyimi ilə “öz müqəddəratını təyinetmə” və təhlükəsizlik məsələsini də daxil etmək istəyirlər. Amma bu, qəbuledilməzdir. Çünki Qarabağ məsələsi artıq yoxdur, oradakı əhalinin məsələsi varsa belə, Azərbaycanın daxili işidir və son görüşlərdə Amerika da bunu anlayışla qarşılayıb. Paşinyanın yenidən kəndlər və sərhədlərdə təmas xətlərinin harada qurulacağı ilə bağlı dedikləri əsas prosesdən yayınmaq cəhdləridir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR