İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “ya şlyapa, ya əmmamə” seçimi qarşısında - Nikol Qərbə arxa çevirərsə...

744 03.02.2023 12:30 Siyasət A A

ABŞ anti-İran koalisiyası yaratdığı halda Ermənistan molla rejiminə dəstəyini artırarsa, Qərb bunu İrəvana bağışlamayacaq

Qərblə İran arasında gərginliyin artdığı bir vaxtda rəsmi İrəvan hələ ki qardaş dedikləri Tehrana rəsmi dəstəklərini bildirməkdən çəkinir.

Erməni ekspertlər İranın hərbi obyektlərində partlayışlar haqda bildiriblər ki, Tehran Ermənistanın təbii müttəfiqidir və orada hansı siyasi dəyişikliklər baş verirsə, xalqın əksəriyyəti yenə ermənilərə tərəf olacaq, demək, bütün hallarda Ermənistan regionda tək olmayacaq. Məlumdur ki, 30 illik işğal dövründə İran Ermənistana əsas nəfəslik rolunu oynayıb. İran Azərbaycan torpaqlarının işğalına başlandığı ilk gündən Ermənistanın yanında olub, keçmiş prezident Levon Ter-Petrosyanın dediyi kimi, “Ermənistan üçün həyat yolu” funksiyasını yerinə yetirib.

“Yeni Müsavat” qeyd edir ki, mollakratiya Azərbaycan torpaqlarının işğaldan azad olunmaması üçün bacardığı bütün  naqislikləri edib, İkinci Qarabağ müharibəsində də İranın molla rejimi erməni qardaşlarının məğlub olmaması üçün bütün vasitələrə əl atıb... Bununla belə, Ermənistan bölgənin Avropa ölkələrinin və ya ABŞ-ın təsiri altına düşməsində maraqlıdır. Həmin ölkələr də İrana qarşı sanksiyalar tətbiq ediblər. Buna baxmayaraq, İran Ermənistanı özü üçün “qırmızı xətt” elan edib. 

Erməni ekspertlər onu da açıq bildirirlər ki, Azərbaycana qarşı mübarizədə İrana informativ dəstəyi artırmaq lazımdır. “İrana informativ dəstək” dedikdə Azərbaycana qarşı təxribatçı xəbərlərə əsaslanan informasiya müharibəsini nəzərdə tuturlar. Ekspertlərin fikrincə, əgər ABŞ-ın İrana qarşı koalisiya formalaşdığı halda Ermənistan İrana dəstəyini artırarsa, Qərb ölkələrində bunu İrəvana bağışlamayacaqlar. İsrailin İrana zərbələri Ermənistanın siyasi dairələrini çətin duruma salıb. Rəsmi İrəvan baş verənlərə hələ ki münasibət bildirmir. Ancaq vəziyyətin gərginləşəcəyi halda Tehran İrəvandan qəti mövqe tələb edəcək. Tehran Ermənistana illərdir verdiyi dəstəyin, Zəngəzur dəhlizinə yaratdığı əngəlin əvəzini istəyəcək. İrana qarşı koalisiya formalaşarsa, Paşinyan böyük ehtimalla, neytral mövqedə qalmağa çalışacaq. Bu isə nə Vaşinqtonun, nə də Tehranın xoşuna gələcək. Beləliklə, İran ətrafında gərginlik Paşinyanı “ya bığ, ya saqqal” seçimi qarşısında qoyub ki, hər iki seçim Ermənistana yaxşı heç nə vəd etmir.

Yeri gəlmişkən, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malley bildirib ki, “diplomatik yol uğursuz olarsa, İranla müharibə variantı masadadır”. İrana edilən hücumlar xəbərdarlıq xarakteri daşıyırdı, hücumdan bir gün sonra Qətər xarici işlər nazirinin nüvə danışıqları üzrə Tehrana mesaj aparması da bu ehtimalı gücləndirən məqamdır: Vaşinqton ata biləcəyi addımları praktiki olaraq göstərdi. İndi İranın davranışı hadisələrin inkişafına yön verəcək. Hərçənd Tehrandan artıq “geri çəkilməyəcəyik” açıqlamaları eşidilməkdədir. Abdullahian bildirdi ki, “bu hücumlar bizi nüvə proqramının inkişafından imtinaya məcbur etməyəcək”. İstisna deyil ki, növbəti zərbələr İranın nüvə obyektlərinə endirilsin. Bəs ekspertlər necə düşünürlər, Paşinyan dilemma qarşısındadırmı?

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

Qabil Hüseynli

“Yeni Müsavat”a bu mövzunu şərh edən professor Qabil Hüseynlinin dediyinə görə, bu dilemma nə vaxtsa gündəmə gələ bilər. Q.Hüseynlinin fikrincə, Paşinyan hökuməti indi siyasi manevr edir: həm Qərblə əməkdaşlıq siyasəti yürüdür, həm də İranla müttəfiqlik kursunu davam etdirirlər. Analitik hesab edir ki, lakin bu iki stulda əyləşməyə bərabər siyasətdir: “Çünki Qərb dünyası İranla məsafə saxlayır və anti-Tehran koalisiyasının formalaşması prosesinə başlanır. Ermənilər uzun müddət manevr edə bilməzlər. Qərb necə ki, Ermənistandan Rusiyaya qarşı mövqe tələb edir, eyni tələbkarlıq ikiqat İran mövzusunda qoyula bilər. Hələ ki erməni lobbisinin və xristian təəssübkeşliyinin yaratdığı şəraitdən istifadə edərək Ermənistan Qərblə İran arasında manevrlər edə bilir. Amma çox da uzaq olmayan bir vaxtda İrəvandan qəti seçim etmək tələb olunacaq”. Q.Hüseynlinin sözlərinə görə, o zaman Ermənistanın manevr imkanları qalmayacaq və anti-İran koalisiyasına qoşulmaq məcburiyyətində olacaq: “Bir müddət neytrallıq nümayiş etdirə bilər, amma yekunda siyasi mövqe ortaya qoymalıdır”. 

Partiya sədri prezidentin çağırışına qoşuldu -Fuad Əliyev qeydiyyatdan keçdi

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev Ermənistanın İran əleyhinə koalisiyada yer almayacağını düşünür: “İrəvan bu məsələdən sivişib çıxmağa çalışacaq. Çünki Tehran Zəngəzur dəhlizi mövzusunda İrəvana yüksək səviyyədə dəstək verir. Paşinyan yaxşı bilir ki, İranı itirmək olmaz. Ondan Qərbdəki ağaları mövqe tələb edə bilər, amma həm də İranın Ermənistanla qonşu olduğunu nəzərə alacaqlar. Üstəlik, Qərbdə Fransa da İranla gizli müttəfiqdir. Bəli, Rusiya əleyhinə siyasət Qərbin tapşırığıdır, Paşinyan bunu can-başla yerinə yetirir, çünki Moskvanın təsirindən çıxmaq istəyir. Ancaq İranın təsirləri Rusiya qədər deyil”. Partiya sədri hesab edir ki, Ermənistan kiçik ölkədir və onun münasibəti nəyisə dəyişmir: “İranın vurulması prosesi başlananda İrəvanın mövqeyi ciddi rol oynamayacaq. Sadəcə, Paşinyan komandası bu hadisələrdə yaxasını kənara çəkib neytral qalmağa üstünlük verəcək. Amma Ermənistan hökumətini Rusiya da sıxışdıra bilər ki, İrana dəstək olsun. Yəni faktiki olaraq Ermənistan ciddi strateji bir tələyə salınıb. Hələliksə Paşinyan Makronun "əmmaməli adamı" kimi görünür. Öz arvadı Anna Akopyanı da İrana göndərməsi, orada başda oturdulması, başına çadra bağlanması, Qumda ziyarətə getməsi göstərdi ki, İranla Ermənistan can bir qəlbdirlər".

Türkiyə S-400 tipli raketlərin istehsalına başlayacaq - politoloq Ramiyə  Məmmədova

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova İranın düyməsinin basıldığını güman edir. Onun fikrincə, ABŞ dövlət katibi Entoni Blinkenin İrana qarşı hərbi əməliyyatların başlanmasını istisna etməməsi belə düşünməyə əsas verir: “İrana qarşı proksi-müharibə olacaq. Quru qoşunlarının hərbi əməliyyatlarda iştirakını gözləmirəm. Sadəcə, raketlərlə və dronlarla İranın hərbi obyektlərinin vurulması mümkündür. Bu mənada İran rejiminin qara günləri qabaqdadır. Eyni zamanda sanksiyalar güclənəcək. Bu ölkəni idarə edənlərin qaçış yeri belə olmayacaq. Çünki hamı ilə özlərini düşmən ediblər. Hətta son zərbələrə görə İraqı ittiham etdilərsə, deməli, şiə İraqı ilə də münasibətlər yaxşı deyil. Belə bir vaxtda Qərb koalisiyası Ermənistandan İran siyasətinə yenidən baxmağı tələb edəcək. Düzdür, İran ermənilər üçün iqtisadi cəhətdən nəfəslikdir, amma Paşinyanın siyasi hakimiyyətinə dəstək verən Qərb dövlətləri onu Rusiyaya yem etməmək üçün tələb irəli sürəcəklər ki, seçim elə. Baxaq görək, Ermənistan neytral dayanmağa nə qədər tab gətirə biləcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR