İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan üçün kritik 100 gün - əgər ilin sonunadək...

1946 23.09.2023 11:55 Siyasət A A

Həm Azərbaycan, həm də Ermənistan tərəfdən növbəti dəfə sülh müqaviləsinin imzalanması ilə bağlı rəsmi, qeyri-rəsmi səviyyələrdə fikirlər səslənir. Rəsmi İrəvanın mövqeyində səmimi olmadığını ən azı ötən dövrdə görmüşük, Nikol Paşinyanın “ilin sonunadək sülh imzalana bilər”- bəyanatından bir neçə gün sonra qanlı sentyabr döyüşləri baş verdi. Bir neçə gün öncə də Ermənistanın baş naziri sülh razılaşmasından danışmışdı, ardınca Qarabağda mina terroru baş verdi və ordumuz antiterror əməliyyatı keçirməyə məcbur oldu. 

Bəs Azərbaycan növbəti dəfə Dəmir Yumruğu endirəndən sonra nələr baş verə bilər? 2023-cü ilin sonuna düz 100 gün qalır. Görəsən, bu müddətdə sülh müqaviləsinin imzalanması üçün ümidlər nə yerdədir? Sözsüz ki, Bakının Qarabağda apardığı uğurlu antiterror tədbiri faktiki yeni situasiya yaradıb. Bəs bu yenilik böyük sülh sazişinin imazalanması baxımından nə vəd edir? Əslində Azərbaycanın ildırımsürətli antiterror tədbiri Nikol Paşinyanın əlini gücləndirməlidir, təbii ki, əgər o, həqiqətən, Bakı ilə sülh müqaviləsi imzalamaq istəyində səmimidirsə. Çünki erməni xalqına deyə bilər ki, “görürsünüz, Azərbaycanla sülh sənədindən yayındıqca bizim üçün şərtlər daha da ağırlaşır, sabah daha betər ola bilər” və s. Necə ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hələ 1997-ci ildə demişdi, “Bizə bu gün təklif ediləni götürməsək, sabah yalvarcağıq, çünki Azərbaycan güclənəcək”. Elə də oldu. Ya bəlkə əksinə, Paşinyan Qarabağdakı antiterror tədbirindən sonra Ermənistanda pisləşən durumu bəhanə edib sülh prosesini daha da ləngidəcək? Bəs Bakının erməni icması ilə dialoqu hansı təsiri göstərəcək? Yada salaq ki, gələn ay - oktyabrın 5-də İspaniyanın Qranada şəhərində liderlərin (Əliyev-Paşinyan-Makron-Şolts-Mişel) “beşli format”da ikinci görüşü anons edilib. Bundan əlavə az öncə Türkiyə Prezidenti Rəcb Tayyib Ərdoğan “dördlü format”da görüş təklif edib... Hələlik Türkiyə liderinin təşəbbüsünə reaksiyalar bəlli deyil. Amma bu həm də Ermənistanın xilas yoludur, anlasa...

Ermenistan KGAÖ'yü oyuna dahil etmek istiyor

Elxan Şahinoğlu: “Vaşinqtonla Paris də dördlü görüş təklifindən məmnun qalmadıqlarından görüşün reallaşmaması üçün Paşinyana təzyiq edəcəklər”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Qarabağda separatizmə son qoyulub: “Azərbaycan 30 ildən sonra Qarabağ ərazisinin tamamında suverenliyini bərpa edib. Azərbaycanın Yevlax şəhərində Qarabağ erməni icmasının nümayəndələri ilə ilk görüş keçirilib. Müxtəlif məsələlər həll olunmalıdır. Qarabağda Azərbaycanın pul vahidi olan manat işlənməlidir. Qarabağ ermənilərinə Azərbaycan pasportları paylanacaq. Xankəndinə Azərbaycanın içindən qaz boru xətti çəkilməlidir, elektrik və internet Bakıdan verilməlidir. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il ərzində Qarabağa qanunsuz qaz boru xətti çəkmişdi. Ermənistan Rusiyadan aldığı qazın bir hissəsini həmin boru xətti ilə Qarabağa nəql edirdi”.

E.Şahinoğlu qeyd etdi ki, Azərbaycanın hədəfi bəllidir: “Erməni separatçıları silahları təhvil verməli; separatçılar ”parlamenti" və “hökuməti” buraxmalıdırlar; Qarabağda Azərbaycan qanunları işləməlidir".

Politoloq xatırlatdı ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 20-də televiziya ilə xalqa müraciətində bir neçə məsələdən danışdı: “Birincisi, İlham Əliyev dedi ki, Qarabağın Azərbaycana reinteqrasiyası sürətlənəcək. Azərbaycan qanunları ilə yaşamaq istəməyən Qarabağ erməniləri Ermənistana köçəcəklər. Azərbaycan qanunları ilə yaşamaq istəyən ermənilər isə Qarabağda yaşamalarına davam edəcək və onların sosial problemləri həll olunacaq. İkincisi, İlham Əliyev Nikol Paşinyandan razı qaldığını söylədi. Paşinyan Azərbaycan ordusunun Qarabağdakı əməliyyatına mane olmaq istəmədi. Çünki o, mane olmaq istəsəydi, müharibə Ermənistan ərazisinə keçəcəkdi. Paşinyan bunu anladığından Azərbaycanın hücum əməliyyatına seyrçi qaldı. Buna görə İlham Əliyev Nikol Paşinyanın bu addımını müsbət qiymətləndirdi”.

Analitik hesab edir ki, Azərbaycan Qarabağın tamamına nəzarəti bərpa etdikdən sonra Ermənistanla sülh sazişinin imzalanması ehtimalı artıb: “Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sazişə imza ata bilər. Bundan sonra iki ölkə arasında münasibətlərdə normallaşma başlayacaq, digər məsələlər də həll olunacaq. Azərbaycanla Ermənistan arasında əldə olunacaq sülh ”Cənubi Qafqaz evi"nin yaranmasına şərait yaradacaq. “Cənubi Qafqaz evi” hər 3 ölkənin - Gürcüstanın, Azərbaycanın və Ermənistanın maraqlarına cavab verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklifi bölgədə sülhə və əməkdaşlığa xidmət edir. Rusiya prezidenti Vladimir Putin bu təklifə dəstək verə bilər. Putin üçün əsas olan ABŞ-la Avropa İttifaqını Ermənistandan və bölgədən uzaq tutmaqdır. Əlbəttə, Kreml Türkiyənin Cənubi Qafqazdakı fəallığından, Azərbaycanla strateji müttəfiqliyindən məmnun deyil. Ancaq Putin ABŞ-la Türkiyə arasındakı seçimdə, şübhəsiz, ikinciyə üstünlük verər. Problem Ermənistanın baş naziri Nikol Paşinyanla bağlıdır".

E.Şahinoğlu qeyd etdi ki, cənab Ərdoğan dördlü görüş təklifini telefon söhbətində Paşinyana bildirib: “Nikol Paşinyan son bir ildə Fransa prezidenti Emmanuel Makronun iştirakı olmadan Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdən çəkinir. Dördlü görüş perspektivi Paşinyanı daha çox qorxudur, çünki masanın bir tərəfində ermənilərin illərdir düşmən gözüylə baxdıqları Türkiyənin lideri, digər tərəfində də münasibətlərini pozmağa başladığı Rusiya prezidenti oturacaq. Vaşinqtonla Paris də dördlü görüş təklifindən məmnun qalmadıqlarından görüşün reallaşmaması üçün Paşinyana təzyiq edəcəklər”.

Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural  İsmayılov

Tural İsmayılov: “Ermənistan artıq anlamalıdır ki, onun real sülhdən başqa heç bir yolu qalmayıb”

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılovun da bu məsələ ilə bağlı maraqlı fikirləri var: “Ermənistan artıq anlamalıdır ki, onun real sülhdən başqa heç bir yolu qalmayıb. Çünki bir tərəfdə həqiqi dövlət olub onun-bunun forpostu olmaqdan qurtulmaq var. Digər formada isə Ermənistan xarici güc faktorlarının oyuncağı olaraq qalmağa davam edəcək. Rusiya-Ermənistan münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı müəyyən fərqli proqnozların şahidi oluruq”. T.İsmayılovun sözlərinə görə, bəzi hallarda Paşinyanın hakimiyyətdə qalmasına Rusiyanın razılıq verməyəcəyi vurğulanır ki, bu da mümkündür: “Çünki Rusiya rəhbərliyi anlayır ki, Ermənistandakı sorosçularla hansısa danışıqların aparılması effekt verməyəcək. Həmçinin Rusiya rəhbərliyi yaxşı bilir ki, bu gün Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsi bitməyib və Moskva bunun ən böyük günahkarı kimi hazırkı iqtidar komandasını göstərir. Bu baxımdan münasibətlərin inkişafı istiqaməti ilə bağlı fikir səsləndirmək üçün zamana ehtiyac var. Ola bilsin ki, Rusiya Paşinyan iqtidarının Ermənistanda əvəzlənməsi üçün səy göstərsin. Amma Qərbdə də konkret sülhü istəməyənlər var. Fransa belə düşünür ki, əgər Azərbaycanla sülh müqaviləsi bağlansa, Ermənistandan istifadə rıçaqları zəifləyə bilər. Qranada görüşündə ilkin detallar razılaşdırıla bilər. Azərbaycanın ard-arda zəfərləri də burada həlledici faktor rolunu oynayır”.

Hələ ki, Qarabağdakı terrorçuların kökünün kəsilməsi, onların tərk-silah edilməsi mərhələsi gedir. Qardaş Türkiyə bu mərhələdə də BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının tribunalarından Azərbaycana yüksək dəstəyini ifadə etməklə gerçək qardaşlığın nümunəsini növbəti dəfə nümayiş etdirdi. Eyni zamanda istisna deyil ki, cənab Ərdoğan Paşinyanla son telefon danışığında Ermənistan üçün çıxış yollarını anladıb. Şəraiti düzgün qiymətləndirib, reallığı anlasalar, xilas olacaqlar... Çətin deyil: sülhü imzalamaq, Zəngəzur dəhlizini açmaq, Azərbaycanın işğal altındakı kəndlərini azad etmək, işğal dövründə ölkəmizə vurulan zərəri ödəmək, tarixi yurdlarından didərgin salınan insanları öz evlərinə qaytarmaq...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR