İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan sülhə snayperlə atəş açdı - güllələnən Ermənistan özüdür!

716 15.02.2024 11:50 Siyasət A A

Terrorçuların ümidinə qalan Paşinyan “sülh” cildinə bürünüb, gərginliyi tətikləyir; rəsmi İrəvanın havadarları bölgədə sakitliyin mövcudluğunda maraqlı deyil

Sülh danışıqları üzrə Brüssel formatının bərpası ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevdən xahişindən sonra Ermənistan növbəti dəfə həm hərbi, həm də siyasi təxribata əl atdı. 12 fevral təxribatından sonra əminliklə söyləmək olar: faktiki olaraq Ermənistan sülh prosesinə snayperlə atəş açdı. Özü də Azərbaycanda keçirilən seçkilərdən dərhal sonra...

24 saat ərzində Ermənistan Azərbaycanla şərti sərhəddə iki ardıcıl təxribat törətdi: Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. MN-in yaydığı məlumata görə, 12 fevralda axşam saatlarında isə Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb. Əlbəttə, bu təxribatlar cavabsız qala bilməzdi. Azərbaycanın Ali Baş Komandanı dəfələrlə bəyan etmişdi ki, əgər ermənilər revanşa əl atarsa, atəş açarsa, çox sərt cəzalanacaqlar. Erməni təxribatına cavab olaraq ordumuz Ermənistanın Zəngilan istiqamətində təxribatına cavab olaraq “qisas əməliyyatı” keçirib. Əməliyyat nəticəsində qarşı tərəfin döyüş postu darmadağın edilib. Ermənistan 4 hərbçisinin məhv edildiyini, 1-nin isə yaralandığını açıqlayıb. Məhv edilənlərin “Yerkrapa” terrorçu təşkilatının üzvlərinin olması faktı da çox şey deyir. Ermənistan “sülh” cildinə bürünməyə çalışsa da, terrorçuların ümidinə qalmış qondarma ölkə olduğunu növbəti dəfə nümayiş etdirməklə yanaşı, dinc tənzimlənmədə maraqlı olmadığını da ortaya qoydu.

Heç şübhəsiz, Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan tərəfi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində məhv edilmiş hərbçilərinin adlarını da açıqlayıb: Eduard Hamletoviç Arutyunyan (1974), Qaqik Varazdatoviç Manukyan (1982), Arsen Qaqikoviç Hambardzumyan (1979), Hraçya Talışeviç Hovhannisyan (1957). Ermənistan neçə aylardır silahlanmaqla, Hindistandan, Fransadan silah-sursat, hərbi texnika almaqla revanşa hazırlaşdığını aydın göstərirdi, bu reallıq çoxsaylı ekspertlər tərəfindən qeyd olunurdu. Son hadisələr artıq bunun əyani sübutudur və Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır.

Ekspertlər bildirir ki, bu təxribat təsadüfi deyil, ABŞ və Fransa Ermənistanı bu təxribatları törətməyə məcbur edir və bununla Azərbaycanı yenidən müharibəyə, hərbi əməliyyatlara təhrik etmək istəyirlər. Bu arada, rusiyalı analitik, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Azərbaycan-Ermənistan sərhədində baş verən eskalasiyanın Fransa tərəfindən təşkil olunduğunu bildirib. Politoloq Bakı və İrəvanın sülh müqaviləsini imzalamağa hazırlaşdığı vaxtda baş verənlərin sual doğurduğunu söyləyib: “Niyə? Axı hər iki tərəf sülh müqaviləsi imzalamaq istəyir. Mümkündür ki, suala cavab hadisə yerindədir. Çünki Ermənistan ordusu Avropa İttifaqı missiyasının yerləşdiyi ərazidən zərbələr endirib. Mümkündür ki, bunun təşəbbüskarı Fransa kəşfiyyatıdır. Çünki Makron Rusiyanı bu mövqedən itələyib çıxarıb, Ermənistanın əsas hərbi müttəfiqi olmaq istəyir. Ona görə də Fransa, Aİ və NATO Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlardan əsas benefisiarlardır”.

Əlbəttə, bütün hallarda sülh prosesinin pozulması baş verərsə, yeni lokal toqquşmalar olarsa, bunun məsuliyyəti birmənalı şəkildə Ermənistanın, Fransanın üzərindədir. Görünən budur ki, rəsmi İrəvanın havadarları bölgədə sakitliyin mövcudluğunda maraqlı deyil. Bəs yaranmış vəziyyətdə Azərbaycan hansı addımları atmalıdır? Ermənistan “qisas əməliyyatı”ndan aldığı cavabdan nəticə çıxaracaqmı, yoxsa təxribatları davam etdirəcək? Mövcud situasiya hansı qənaəti yaradır?

Deputat Sahib Alıyev: "Sağalmaq üzrəyəm" | 1news.az | Xəbərlər

Deputat: “Təxribat baş verməli idi və verdi də”

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bu barədə danışarkən əvvəlcə məhv edilən terrorçu şəbəkə haqda qeydlərini bölüşdü: “Mən təqribən yarım ay əvvəl Birinci Qarabağ savaşı zamanı torpaqlarımızın işğalında və azərbaycanlılara qarşı aparılan etnik təmizləmədə üzvləri az rol oynamayan "Yerkrapa" terrorçularının Azərbaycan-Ermənistan sərhədində yerləşdirilmələrinin və onların Avropa Birliyinin oradakı guya “mülki” missiyası ilə birgə fəaliyyət göstərmələrinin yaxşı heç nə vəd etmədiyini bildirmişdim. Xatırladım ki, həmən terrorçu yığnağının sədri Sasun Mikaelyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə deyirdi ki, əgər 2020-ci ildə şərti sərhədə onun 1200 silahdaşı yerləşdirilmişdisə, indi o ünsürlərin sayı 10 mini keçir. Azərbaycan sərhədçisinə güllə atıb yaralayan da, cavab zərbəsi ilə məhv edilənlər də bax, həmən terrorçu ünsürlərdir. Maraqlıdır, Avropa Birliyinin ən azı iki nəfərindən biri kəşfiyyatçı olan missiyasındakılar “Yerkrapa”dakıların bir çoxunun hansı ölkənin kəşfiyyatına bağlılıqlarını bilə-bilə nədən onların şərti sərhəddə yerləşdirmələrinə qarşı çıxmayıb? Həmin terrorçu ünsürlərin aldıqları tapşırıqla istənilən vaxt hər cür təxribata əl atacaqlarını proqnozlaşdırmaq onlar üçün eləmi çətindir? Əlbəttə yox, təxribat baş verməli idi və verdi də. Özü də Şarl Mişelin Azərbaycan Prezidenti ilə son telefon danışığı zamanı Brüsseldə üçtərəfli formatda danışıqların keçirilməsi haqda razılıq əldə ediləndən və şərti sərhədə 5 aya yaxındır heç bir insidentin olmamasının sülh anlaşmasının tezliklə imzalanması üçün müsbət rol oynadığının vurğulanmasından cəmisi bir neçə gün sonra". S.Alıyev bildirdi ki, arxasında kimin durmasından asılı olmayaraq, Azərbaycan bu təxribatı cavabsız qoya bilməzdi və göründüyü kimi qoymadı da: “Qisas əməliyyatından dərhal sonra bunun nə məqsədlə edildiyinin açıq mətnlə bildirilməsindən də göründüyü kimi cavab zərbəsi məhz bu cür təxribatların təkrarlanmaması üçündür. Biz əgər gərginlik istəsə idik, təkcə səhədçimizə atəş açılan postu yox, həmən kənddəki 70-dən artıq terrorçu yuvasının hamısını darmadağın edərdik. İndi sual olunur, Azərbaycanın sözü gedən postu niyə darmadağın etdiyi aydındır, onda bəs fransız generalı qarışıq bir çox ünsürlərin gəlib binokulla bizim mövqeləri seyr etmələri nə üçündü? Mümkündür ki, elə onların seyr etdikləri mövqelərdən biri də ”Yerkrapa" terrorçusunun atəşə tutduğudur. Tutdular və artıqlamasıyla cavablarını aldılar da". Deputat tamamilə haqlı olaraq, məntiqə söykənərək sual verdi və cavabını da söylədi: “Maraqlıdır, bəs həmən fransız general, eləcə də mövqelərimizi seyr edən digər ünsürlər terrorçuların postu içindəkilər qarışıq havaya uçurularkən harada idilər, niyə köməyə gəlmədilər? Yaxşı olardı ki, haylar, nəhayət bu dərsdən gərəkən nəticəni çıxarsınlar. Çıxarmayacaqları təqdirdə yenə fevralın 13-də üzləşdikləri acı reallıqla üzləşəcəklər. Azərbaycan bölgədə sülh istəyir, amma şərti sərhəddəki insidentə verilən cavab da göstərir ki, bütün ssenarilərə də hazırdır. Yeri gəlmişkən, mümkündür ki, sözü gedən təxribatın arxasında regiona ”mülki" missiya göndərənlər yox, onların geosiyasi rəqib gözündə gördükləri durur. Ancaq Avropa Birliyinin Ermənistandakı təmsilçiliyinin rəhbəri Vasilis Maraqosun Azərbaycan sərhədçisi yaralanan gün həmən Zəngəzurda peyda olmasını və oraya haylara dəstək və onlarla çiyin-çiyinə dayanmağa gəldiklərini deməsini yada salsaq, baş verən təxribatda qərbdəkilər ən azından şərikliliyi şübhəsizdir. Beləliklə, Avropa Birliyi bu regionda doğrudan da sülh istəyirsə, “mülki” missiyası regiondan, özü isə Fransanın yedəyindən çıxmalıdır".

Üzeyir Cəfərov: “Paşinyanın özündən asılı olsaydı, çoxdan sülh sənədinə  imza atardı”

Polkovnik: “Bu gün snayperdən açılan atəş, sabah artilleriyadan, minaatandan da davam etdirilə bilər”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan-Ermənistan şərti sərhədində baş verən hadisələr bir daha bizi dərindən düşündürməlidir: “Mən bu hadisəyə adi sərhəd hadisəsi kimi baxmağın tərəfdarı deyiləm. Bu gün snayperdən açılan atəş, sabah artilleriyadan, minaatandan da davam etdirilə bilər və onda artıq çox ağır və ciddi itkilər və fəlakət yaşana bilər. Kimsə ola bilsin dediklərimi rəngləri tündləşdirmək kimi düşünə bilər, amma çox istərdim ki, daha dərindən düşünək və baş verə biləcək növbəti hadisələrlə əlaqədar faktı ciddiyə alaq. Baxın, 3 ildir ki, Azərbaycanla sülh sazişi imzalamağa guya hazır olduğunu davamlı şəkildə bəyan edən bir dövlətin ordusunda hansısa "Yerkrapa" adlı terrorçu dəstənin üzvləri peyda olub, sərhəddə bu cür təxribatı törədir. Və sözsüz ki, artıqlaması ilə cavabını alır. Unutmayaq ki, bizim XİN az qala hər gün, ya hər həftə bir neçə dəfə Ermənistan və ya Avropa rəsmilərinin yalanlarını, dezinformasiyasını təkzib etməli olur. Bu hadisədən sonra da Ararat Mirzoyan adlı bir erməni rəsmisi həyasızcasına avropalılardan təkidlə tələb etdi ki, Azərbaycana verdikləri “mina xəritələri” rəsmi qeydiyyata alınsın. Yəni sabah üçün özlərini sığortalamaq məqsədi daşıyan bu tələb elə-belə, sıradan məsələ deyil. Bir ölkənin rəsmi siyasətini həyata keçirən şəxslər də açıq şəkildə etiraf edirlər ki, onlar üçün sərhəddə baş verənlər təəccüblüdür, deməli, qonşularımızda vəziyyət biz düşündüyümüzdən də bərbaddır. Həm də Ermənistanı “pul verib, mahnı sifariş edən qüvvələr” kefləri necə istəyirsə, o tərəfə firladırlar". Polkovnik Ermənistandan “maşa” kimi istifadə edən qüvvələrin bu məsələdə maraqlı tərəf olmasından da bəhs etdi: “Çox təəssüfedici haldır ki, beynəlxalq qurumlar da Ermənistanın əvvəlki illərdə olduğu kimi, hələ də nazı ilə oynamaqda davam edirlər. Ermənistanı silahlandıran dövlətlər anlamalıdırlar ki, onlar o bahalı və təhlükəli silah-sursatı heç bir məsuliyyəti və hüquqi anlayışı olmayan dövlətə və onun məsuliyyətsiz rəhbər şəxslərinə satırlar. Belə olmamalıdır! Bu, vəziyyətin bundan sonra daha da gərginləşməsinə xidmət edən addımdır. Özlərinə Ermənistan ərazisində yaxşı, yüksək komfortlu və məvacibli iş tapan xarici missionerlər də baş verənlərdən çox məmnundurlar. Çünki onların guya iş görmələri ilə bağlı bir görüntü yaratmaq üçün geniş imkanları yaranıb. Baxaq, görək hara kimi bu oyunları apara biləcəklər. Olan isə erməni tərəfə olur və verdikləri ağır itkilər onlara ciddi dərs olmalıdır”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR