İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “sıfır”a düşdü - payızda silahlar “danışa” bilər

2142 17.08.2023 08:25 Siyasət A A

Ekspertlər də bu qənaətdədir ki, tezliklə hərbi əməliyyatlar başlayacaq

Ermənistanla Azərbaycan arasında danışıqların növbəti raundu sentyabrda keçirilə bilər. “Yeni Müsavat” bildirir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib. O, danışıqların hansı səviyyədə və dəqiq nə vaxt keçiriləcəyini açıqlamayıb. Marukyan iki ölkə arasında sülh müqaviləsi barədə danışıqların sonuncu dəfə iyulun 25-i Moskvada Ermənistan və Azərbaycan XİN rəhbərlərinin iştirakı ilə baş tutduğunu xatırladıb.

Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sonuncu görüş iyulda baş tutub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüş zamanı liderlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətlərini, sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. Tərəflər həmçinin delimitasiya məsələsi ilə məşğul olan sərhəd komissiyalarının işini sürətləndirmək barədə razılığa gəliblər. Oktyabrda isə Avropa Siyasi Birliyinin İspaniyanın Qranada şəhərində keçiriləcək sammiti çərçivəsində tərəflərin yenidən bir araya gəlməsi nəzərdə tutulub. Lakin bu prosesin son həftələrdə pozulması müşahidə edilir.

Belə ki, hökumətin ötən həftə keçirilən son iclasında erməni baş nazir Nikol Paşinyan “humanitar yükün” sərhəddən buraxılmamasının nəticələri sırasında sülh danışıqlarının sıfırlana biləcəyini deyib. O, çıxışında Azərbaycan qarşısında yenidən Qarabağ tələbi, Bakı-Xankəndi danışıqlarının isə beynəlxalq missiya, hansısa üçüncü ölkələrin vasitəçiliyi ilə aparılması şərtini qaldırıb.

Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktori İqor Korotçenko deyib ki, İrəvan hakimiyyəti baş verən hadisələrə çox neqativ reaksiya verir: “Hətta hərbi provokasiyaların şahidi olduq. Bunlar hamısı sülh razılaşmasının əldə olunmasına mane olur. Separatçıların təxribatı hər şeyi sıfırladı”. Yaranmış vəziyyət onu göstərir ki, danışıqların Ermənistanın dağıdıcı siyasəti üzündə dayanmaq həddinə (“sıfır nöqtəsinə”) düşüb və payızda artıq diplomatlar yox, silahlar “danışa bilər”...

Telman Qasımov: “Əziz Ələkbərli Ramiz Mehdiyevin ən sadiq adamlarından biri  idi” Pravda.az

Telman Qasımov

Bu mövzuda fikirlərini bizimlə bölüşən hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a bildirdi ki, irimiqyaslı toqquşma gözləmir, lakin lokal hərbi qarşıdurmanın olacağı istisna deyil. Hərbi analitik Vardanyan, Aryutyunyan, Babayan, Oskanyan kimi qüvvələrin son ritorikasına diqqət yetirməyi vacib hesab edir: “Erməni tərəfinin davranışları göstərir ki, hərbi əməliyyatlar nəzərdə tutduğumuz vaxtdan da tez başlaya bilər. Azərbaycanı məcburiyyət qarşısında qoyurlar ki, hərbi əməliyyatları tezləşdirək. Ümumiyyətlə, BMT-də olan dinləmələrdən sonra bir sıra məsələlərə aydınlıq gətiriləcək. Xüsusən də separatçı addımlar və Ermənistanın son davranışları ilə bağlı hər şey BMT Təhlükəsizlik Şurasının qərarından asılı olacaq. Ümumilikdə isə bu gedişat göstərir ki, proqnozlaşdırılan hərbi əməliyyatlar tezləşə bilər”. T.Qasımovun fikrincə, Ermənistan maraqlıdır ki, sülh danışıqları uzansın, proses pozulsun: “Oskanyan kimiləri danışdıran qüvvələr var, onlar boşuna çıxış etmirlər. Üstəlik, bu aqressiyanı və təzyiqləri artırmaq təkcə Laçın postu məsələsi deyil, sülh prosesinə zərbə vurmaqdır. Əgər Qarabağdakı ermənilər doğrudan da aclıq, səfalət içindədirlərsə, o zaman Qazax yolundan, Ağdam yolundan keçsinlər. Deməli, məqsədləri humanitar yükü çatdırmaq deyil. Bundan başqa, ermənilərin başladığı informasiya təbliğatına baxanda söz tapmaq olmur. Belə çıxır ki, orada kimsə əcəli ilə ölmür, elə hamı aclıqdan qırılır. Yəni belə bir şou başlanıb. Sabah birinin başına daş düşüb öləndə də deyəcəklər ki, “blokada”da qalıb acından öldü..."

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlı da hesab edir ki, gedişat hərbi eskalasiyaya doğru irəliləməkdədir və məsələlər masada deyil, döyüş meydanında həll edilə bilər. Onun sözlərinə görə, bəllidir ki, Qarabağda separatçıların hərbi texnika topladığı və atəş mövqeləri hazırladığına dair görüntülər yayılıb: “Müdafiə Nazirliyinin məlumatında da bildirilir ki, "qanunsuz silahlı birləşmələrin aktivliyi müşahidə edilir, bir neçə yaşayış məntəqəsinə müxtəlif təyinatlı döyüş texnikası daşınır, xüsusilə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirilməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırılması faktları var, planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir". Separatçıların döyüşə hazırlaşdığı gözləniləndir. Onlar Azərbaycan Ordusuna qarşı hansısa üstünlük qazana bilməyəcəklərini anlayırlar, lakin məqsəd hərbi üstünlük qazanmaq yox, mövcudluqlarını qorumaq üçün qarşıdurmaya getmək, reinteqrasiya perspektivinin qarşısını esakalasiya ilə almaq və mülki əhalini qırğına verərək, Azərbaycanı “soyqırımı”nda ittiham etməkdir".

Şərhçi düşünür ki, hazırlığın indi - Ermənistanın “Qarabağdakı "humanitar fəlakət" məsələsini" BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq istədiyi vaxt başlaması təxribat hücumlarına nə vaxt başlaya biləcəklərinə dair ehtimalları ön plana çıxarır: “Birincisi, BMT TŞ-də Qarabağla bağlı müzakirə 16 avqustda baş tutacaq və həmin gün qarşıdurma yaradaraq, Bakı "ermənilərə qarşı soyqırımı edir" iddiasını da müzakirələrə daxil etməyə çalışa bilərlər. İkincisi, BMT TŞ-də müzakirələrdən sonrakı günlərdə hərəkətə keçə bilərlər. Ermənistan və separatçılar BMT TŞ-də müzakirələrə ümid edirlər, lakin nəticə əldə edə biləcəkləri sual altındadır.  Ermənistan mediasında da “BMT TŞ-də nəticə əldə edilməsə, hansı addım atlacaq” yönündə müzakirələr gedir və aydındır ki, Ağdam-Xankəndi marşrutunu arxa plana keçirmək və reinteqrasiyanı gündəlikdən çıxarmaq məqsədilə hərbi eskalasiya son seçimləri olacaq. Müdafiə Nazirliyinin məlumatı da təsdiq edir ki, atəş mövqeləri yaşayış evlərinin yaxınlığında qurulur, mülki əhali silahlandırılır. Bu, məhz Azərbaycan Ordusunun mümkün təxribata qarşı cavab tədbirləri zamanı mülki əhalinin zərər görməsinə hesablanmış addımdır".

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva

Ekspert Yeganə Hacıyeva o qənaətdədir ki, regionda sülh və stabilliyin marağında olan hər bir ölkə, xüsusilə Avropa İttifaqı (Aİ) Ermənistanın təxribatlarını adekvat dəyərləndirməli, bunun dayandırılması üçün mövqe nümayiş etdirməli olduğu halda, biz əks mövqe ilə üzləşirik: “Təsəvvür edin ki, Avropa İttifaqının Ermənistandakı missiyası bu ölkənin Azərbaycanla sərhədə hərbi texnika cəmləməsinin peyk görüntüləri, dron çəkilişləri ilə sübutları olduğu halda belə, bunu təkzib edir. Bu kimi hallar isə onsuz da revanşist əhvali-ruhiyyədə olan Ermənistanı Azərbaycan ərazisində təxribatlara daha da cəsarətləndirir. Nəticədə isə Aİ-nin Ermənistandakı missiyası bölgədə sülh üçün ziyanlı amilə çevrilir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR