İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Sərkisyana yaşatdığı taleyi özü də yaşaya bilər - etirazlar alovlanır

1496 05.05.2022 08:00 Gündəm A A

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası və digər şüarlarla neçə gündür ki, İrəvan küçələrində yürüşlər, itaətsizlik aksiyaları keçirir. Etirazçılar yolları bağlayıb nəqliyyatın hərəkətini iflic edirlər. Polis güc tətbiqi ilə hərəkəti bərpa edir, daha fəal etiraz iştirakçıları saxlanılıb polis bölmələrinə aparılır.

Bazar ertəsi 250-yə yaxın etirazçı saxlanılıb. Polisin məlumatına görə, onların hamısı sərbəst buraxılıb, bəzilərinə dair cərimə cəzası tədbiri tətbiq edilib.

Müxalif qüvvələrin bu etiraz aksiyalarının yekunu nə ola bilər? Paşinyanın devrilməsi təhlükəsi varmı?

Son məlumata görə, təkcə mayın 3-dəki aksiya zamanı günün birinci yarısında 117 nəfər saxlanılıb.

Bu prosesin arxasında Qərbdəki erməni diasporu dayanır, yoxsa Rusiya? Paşinyan gəldiyi kimi gedəcəkmi? Onun iqtidardan uzaqlaşdırılması Qarabağ məsələsinə nə kimi təsir edər?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Paşinyanın durumunun olduqca çətinləşdiyini düşünür: “Aprel ayında Paşinyan parlamentdə çıxışı zamanı Qarabağın statusu ilə bağlı ”tələbləri" aşağı salmaq lazım olduğunu deyəndən sonra müxalif blok, xüsusilə Hayastan və Şərəfim Var partiyaları ona qarşı sərt çıxışlar etməyə və erməni xalqını iqtidar hakimiyyətinə qarşı səfərbər olmağa çağırışlar etməyə başladılar. Onların bu etirazları xüsusilə mayın 1-dən daha geniş vüsət alıb. Bu mitinqlərdə hətta insan ölümü və kütləvi həbslər yaşanmaqdadır. Görünür, iqtidardan etiraz mitinqçilərinə qarşı amansız və sərt rəftar göstərilməsi əmr olunub. Paşinyanın etirazçılara qarşı bu davranışlarının nə ilə nəticələnəcəyi şübhə doğurur. Əslində Ermənistanda vəziyyət hazırda o qədər gərgindir ki, Paşinyanın başına hər iş gələ bilər. Hər hansı “daşnak” radikalı ona sui-qəsd edə bilər. Bir sözlə, Nikol inqilabla gəlib, inqilabla da gedə bilər, lakin böyük ehtimal 2021-ci ilin iyunundakı ssenarinin təkrarlanmasıdır.

Qazax və qırğızlar Rusiyadan üz döndərir?

Şəhla Cəlilzadə: “Onun başına hər iş gələ bilər”

Belə ki, ötən ilin iyununda Ermənistanda parlament seçkiləri keçirildi və həmin vaxt Paşinyanın qələbə qazanacağına inam çox az idi. Lakin onun partiyası təxminən səslərin 54 faizini qazanaraq, hakimiyyəti qorudu. Təbii ki, 2018-ci ildə Sərkisyan diktaturasını devirib hakimiyyətə gələn biri üçün bu ciddi səs itkisi idi. Amma bununla belə müxalif blok birləşsə belə, onu uda bilmədi. Ona qarşı kütləvi etirazlardan sonra öz dəstəkçiləri ilə küçəyə çıxan Paşinyan öz gücünü göstərdi. Bu dəfə etirazçılara xaricdən, xüsusilə “Daşnaksütun”un bütün dünya üzrə təmsilçilərindən gələn maddi dəstək və mənəvi təşviqat, propoqanda Ermənistanı xaosa sürükləyib. Lakin Paşinyanın hakimiyyətini qoruyacağını ehtimal edə bilərik. Bu ehtimal doğrulmazsa, Azərbaycan üçün neqativ ssenari yaşana bilər. Bu, ilk növbədə 10 noyabr üçtərəfli bəyanatının mahiyyətini itirməsi və sadəcə kağız parçasına dönməsindən tutmuş, Qarabağda yeni müharibənin alovlanmasınadək davam edə, hətta münaqişənin yeni arealının yaranmasına, Ermənistanın içərilərinə doğru Azərbaycan Ordusunun hərəkət etməsinədək gedə bilər. Lakin bu ssenarinin gerçək olması birbaşa Rusiyanın münaqişəyə müdaxiləsini şərtləndirir. Bu isə 22 fevral 2022-ci il Moskva bəyannaməsinin ruhuna və Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin təbiətinə qarşı çıxmaq demək olar ki, bu da real görünmür".

Akif Nağı deputatlığa namizədliyini irəli sürdü

Akif Nağı: “Hərəkatın kütləvi xarakter alacağı ehtimalı azdır”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı indiki vəziyyətdə bu aksiyaların erməni baş nazirin hakimiyyətdən gedəcəyi ilə nəticələnməyəcəyini düşünür: “Ermənistandakı aksiyalar yenə də Qarabağ şüarı altında keçirilir. "Arsaksız Ermənistan, Ermənistansız Arsak olmayacaq" deyirlər. Sanki ötən əsrin 80-ci illərinə qayıdır, eyni ssenarini həyata keçirməyə çalışırlar. Görünür, yeni bir şey düşünə bilmirlər, bu da hər hansı nəticəyə nail olmaq ehtimalını azaldır. Aydın gürünür ki, aksiyanın təşkilatçılarını Qarabağda yaşayan ermənilərin taleyi maraqlandırmır, onlar bu adla siyasi möhtəkirlik edib hakimiyyətə gəlmək istəyirlər. O vaxt da belə idi, amma adi ermənilər bunu başa düşmür, təşkilatçıların hiyləsinə uyurdular. İndiki şəraitdə Ermənistan cəmiyyətinin böyük əksəriyyəti üçün “Qarabağ, Arsak” şüarı aktuallığını, cəlbediciliyini itirib. Ona görə də hərəkatın kütləvi xarakter alacağı ehtimalı azdır. Təşkilatçılar davamlı iri aksiyalar deyil, eyni vaxtda bir neçə yerdə lokal aksiyalar keçirməyə, yolları bağlamağa üstünlük verirlər. Saxlanılanlar da əsasən bu və ya digər siyasi qüvvənin funksionerləri, ya da muzdlu cəlb edilmiş adamlardır. Paşinyan 4 il əvvəl aksiyalara başlayanda fərqli, Qərb dəyərlərinin gətirilməsi, korrupsiyaya qarşı mübarizə şüarlarını irəli sürdü və sosial dəstək qazandı. İndikilər köhnə şüarlara qayıtmaqla nəyəsə nail ola bilməyəcəklər. Yol bağlamaqla sabitliyi pozmaq olar, amma hakimiyyətə gəlmək çətindir. Təşkilatçılara gəldikdə, Rusiya izi daha aydın hiss olunur. Aksiyaların rəhbərlərindən Köçəryan və Vanesyan Rusiyaya bağlı adamlardır. Amma ola bilər ki, Rusiya rəhbərliyinin deyil, Rusiyadakı erməni lobbisinin və hakimiyyətdə onlarla əlaqəsi olan siyasi qrupların təşəbbüsü olsun. Bu aksiyaların Paşinyanın devrilməsinə gətirib çıxaracağı gözlənilən deyil. Amma bir şeyi yadda saxlamalıyıq ki, Ermənistanda hadisələr kənardan, o cümlədən kənardakı erməni mərkəzləri tərəfindən idarə olunur. Bu mərkəzlərin məqsədi Ermənistanın Azərbaycanla hər hansı sülh imzalamasına imkan verməməkdir. Ermənilər sülh danışıqlarından vaxtı uzatmaq üçün istifadə edirlər, hansısa məqamda vaxtı uzatmaq daha mümkün olmayanda Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması qərarını verə bilərlər. Bununla yenidən vaxt qazanmış olarlar. Sərkisyanın istefasını xatırlayırsınız. Paşinyanla heç danışmaq da istəmirdi, amma birdən-birə onunla üz-üzə oturdu, səhv etdiyini, hakimiyyətdən getdiyini bildirdi. Aydındır ki, bu, onun öz qərarı deyildi. İndi Paşinyan da eyni taleyi yaşaya bilər. Ermənistan rəhbərliyinin Qərb və Rusiya rəhbərlikləri ilə intensiv görüşləri hansısa variantın hazırlandığından xəbər verir. Azərbaycanın mövqeyinin nəzərə alındığı da hiss olunur, həmsədrlik institutundan imtina, onun “səfir” statusu ilə əvəzlənməsi bunu göstərir. Amma Qərbdən və Rusiyadan gələcək təşəbbüslərin Azərbaycanın xeyrinə olacağına ümid yoxdur. Ona görə də güc amili ilə məsələnin birdəfəlik həllinə hazır olmalıyıq".

Əldə olunan razılaşmaların yerinə yetirilməsi İrəvan üçün məcburidir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə: “Paşinyanı devirməyi hədəfləyiblər”

Politoloq Məhəmməd Əsədullazadə Paşinyanın devrilməsini Rusiyanın istədiyini düşünür: “Ermənistanda etiraz aksiyalarını Qarabağ klanı aparır. Təbii ki, bu aksiyalara birbaşa vitse-spiker İşxan Saqataleyan rəhbərlik edir. Əsas şüar Paşinyansız Ermənistandır. Göründüyü kimi, Paşinyanı devirməyi hədəfləyiblər. Həmçinin yenidən Qarabağ məsələsini ortaya atıblar. Eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan əsasən bu etirazları təşkil edir. Qarabağ klanı Qarabağ məsələsindən istifadə edib, həmçinin Paşinyanı Azərbaycanla sülh müqaviləsində günahlandıraraq, bu məsələdə Ermənistanı satmaqda ittiham edirlər. Azərbaycanla Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlər fonunda revanşist qüvvələrin bu aktivliyi konkret olaraq Kreml tərəfindən idarə edilir. Qarabağ klanının da arxasında məhz Moskva daim durub. Hazırda da Rusiya Azərbaycanla Ermənistan arasında sülhə qarşıdır və bununla çalışır ki, sülh prosesinə mane olsun. Düşünürəm ki, Moskvanın bu planı baş tutmayacaq. Həmçinin ermənilər də aktiv şəkildə Paşinyanı dəstəkləyir. Ermənistan əhalisi müharibənin tərəfində deyil və onlar növbəti mərhələdə Qarabağ klanının hakimiyyətə gəlməsində maraqlı deyillər. Ona görə də bu etirazlarda xalqın ciddi və əhəmiyyətli dəstəyi yoxdur. Bu, sadəcə, bir qrup revanşistlərin etirazıdır. Rusiya onları qızışdırıb, salıb ortaya. Təbii ki, Paşinyan hakimiyyətdən devrilə bilməz. Devrilərsə, Qarabağ məsələsi yenidən ortaya atılar və sülh prosesi dayanar. Bunu da Rusiya istəyir. Onda da Ermənistan məğlub olacaq. Rusiya üçün sülh və normal Ermənistan lazım deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR