İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “qapalı görüş”də əsas sirri açdı: İrəvan Kremlin və erməni radikalların hədəfinə çevrildi

4456 05.09.2022 19:48 Analitika A A

Azərbaycan və Ermənistan arasında başladılmış sülh danışıqları prosesi artıq həlledici mərhələyə yaxınlaşır... İndi əsas məsələ Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətinin müqavimətinə tab gətirməsi və siyasi iradə nümayişinə cəsarət etməsidir...

Ermənistan prinsipial seçim qarşısında qalıb. Sonuncu Brüssel görüşündən sonra rəsmi İrəvanın seçim etməsi artıq məcburi xarakter daşıyır. İndi Paşinyan hakimiyyəti seçəcəyi yeni “yol xəritəsi”nin mümkün nəticələrini hesablamaqla məşğuldur.

Onu da qeyd edək ki, rəsmi İrəvan üçün olduqca ağır və təhlükəli mərhələdir. Paşinyan hakimiyyətinin qarşısında cəmisi iki seçim var. Üstəlik, hər iki seçim müəyyən risklər daşıyır. Və bu baxımdan, rəsmi İrəvan doğru seçim üçün siyasi iradə nümayiş etdirmək barədə də düşünmək məcburiyyətindədir.

Məsələ ondadır ki, iflasa uğramış “erməni xəyalları Ermənistan cəmiyyətində hələ də populyar olaraq, qalmaqdadır. Onların reallaşdırılması üçün Ermənistan nə hərbi-siyasi və maliyyə-iqtisadi resursları, nə də son vaxtlara qədər himayəsinə vərdiş etdiyi müttəfiqləri qalmayıb. Yəni, 44 günlük savaşda öz əhəmiyyətini itirmiş “erməni xəyalları” indi Ermənistanın gələcək taleyini təhdid edən ən ciddi təhlükədir.

727a7900-750d-46f4-83c3-e44561c2f561.jpg (227 KB) 

Ancaq Ermənistan cəmiyyətində öz siyasi mövqelərini möhkəmləndirmək baxımından, Paşinyan hakimiyyəti üçün “erməni xəyalları”na bağlı seçim etmək daha sərfəlidir. Çünki bu halda, baş nazir Nikol Paşinyan onu təslimçilikdə suçlayan radikal-revanşist erməni müxalifətini tamamilə tərksilah etmiş olacaq. Daha güzəştsiz mövqe tutmaqla, Ermənistanın 30 il ərazində yürütdüyü işğalçılıq hərbi-siyasi xəttini davam etdirmiş kimi görünəcək.

Təbii ki, bu, Paşinyan hakimiyyətinin özəl siyasi maraqlarına cavab versə də, geopolitik uğur vəd etmir. Əksinə, Ermənistanın gələcək taleyini real təhlükə altına sala bilər. Çünki, rəsmi Bakı daha Ermənistanın “kaprizləri” və sülh prosesinin uzadılmasına hesablanmış hərbi-siyasi təxribatlarına səbr etmək niyyətində deyil. Azərbaycan rəsmi İrəvanın hərbi-siyasi təxribatlarına hər an sərt reaksiya verməyə hazır olduğunu qətiyyən gozlətmir. Və bu, zəif Ermənistan üçün növbəti hərbi məğlubiyyət, hətta xəritədən silinmə perspektivi vəd edir.

Ona görə də, Paşinyan hakimiyyəti üçün ikinci seçim varianti yeganə çıxış yolu kimi görünür. Yəni, rəsmi İrəvan Ermənistanın mövcudluğunu qorumaq baxımından, Azərbaycanla sülh prosesini davam etdirmək məcburiyyətindədir. Yalnız bu halda, Ermənistan növbəti savaşdan yayına və öz mövcudluğunu qoruyub, inkişaf mərhələsinə keçə bilər.

Təbii ki, Paşinyan hakimiyyətinin sülh prosesinə yönəlik seçim etmək meyilləri Ermənistan cəmiyyətində xəyanət kimi dəyərləndirilir. Radikal-revanşist erməni müxalifəti Paşinyan hakimiyyətinin devrilməsinə yönəlik cəhdlər və çağırışlar edir. Yəni, sülh prosesinin seçilməsi Paşinyan hakimiyyətinə yönəlik daxili müqaviməti ciddi şəkildə gücləndirir.

ermeni-revanshist.jpg (990 KB) 

Belə anlaşılır ki, rəsmi İrəvanın seçə biləcəyi hər iki variant Paşinyan hakimiyyəti üçün real təhlükə vəd edir. Birinci variant zəif və təklənmiş Ermənistana yeni dağıdıcı müharibə və Azərbaycanın hərbi qüdrəti qarşısında diz çökmək perspektivi vəd edir. İkinci variantın seçiləcəyi təqdirdəsə, Paşinyan hakimiyyəti müəyyən müddət Ermənistan daxilində ciddi müqavimətlə, hətta siyasi-ictimai xaosla üzləşə bilər.

Ancaq rəsmi İrəvan istənilən halda, ikinci variantı – sülh prosesini seçmək məcburiyyətindədir. Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin yaydığı son məlumat da bunu təsdiqləyir. Belə ki, erməni nəşri Ermənistanın Dilican şəhərində ABŞ-ın NDİ (Milli Demokratiya İnstitutu) təşkilatının hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatlara treninq baş verənləri ictimailəşdirib.

“Hraparak” iddia edir ki, NDİ hakim partiyanın təmsilçilərini Cənubi Qafqazda başlanmaq üzrə olan yeni dövrə hazırlayır. Təlimlərin son günündə hətta baş nazir Nikol Paşinyan da iştirak edib. Tədbirdən sonrasa, erməni baş nazir rəhbərlik etdiyi partiyanın deputatları ilə qapalı görüş keçirib.

Maraqlıdır ki, “Hraparak” həmin qapalı görüşdə baş nazir Nikol Paşinyanın erməni deputatlara Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün nəticələri barədə müəyyən məlumatlar verdiyini iddia edib: “Ermənistan baş naziri Nikol Paşinyan deputatlara bildirib ki, bu ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalanmalıdır”.  

pa.kaaa.jpg (279 KB) 

Onu da qeyd edək ki, “Hraparak”ın yaydığı bu məlumatın doğru ola biləcəyi qətiyyən istisna deyil. Belə ki, bir neçə gün öncə Brüssel görüşünə vasitəçilik etmiş Avropa Biliyi Şirasının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin mətnini hazırlamaq üçün görüşəcəklərini bildirmişdi. Eyni zamanda, Ş.Mişel noyabr ayında keçiriləcək növbəti Brüssel görüşündə sülh sazişinin layihəsinin müzakirə edilə biləcəyinə eyham vurub.  

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev də Brüssel görüşündən son verdiyi açıqlamada yaxın aylarda sülh sazişinin imzalana biləcəyini vurğulamışdı: "Sülh sazişinin məzmunu hazırlanacaq. Mən hesab edirəm ki, yaxın bir neçə ay ərzində biz işi yekunlaşdırıb, sülh sazişini imzalaya bilərik".

Bütün bunlar onu göstərir ki, Azərbaycan və Ermənistan arasında başladılmış sülh danışıqları prosesi artıq həlledici mərhələyə yaxınlaşıb. İndi əsas məsələ Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətinin müqavimətinə tab gətirməsi və siyasi iradə nümayişinə cəsarət etməsidir. Və bu məsələdə artıq əsas hədəfə çevrilən rəsmi İrəvanın kənar müdaxilələrə, xüsusilə də, Rusiyanın təzyiqlərinə qarşı duruş gətirməsi də olduqca vacib faktordur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR