İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putinə zəngdən sonra dili zəhərə döndü

1612 07.07.2023 10:37 Siyasət A A

Erməni baş nazir Azərbaycanı “Fransaya qarşı genişmiqyaslı təbliğat aparmaqda” da suçladı

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 6-da hökumətin iclasında Azərbaycanın ünvanına ittihamlarla çıxış edib. “Həkəri körpüsü yaxınlığında Azərbaycanın təxribatından sonra iyunun 15-dən Dağlıq Qarabağ bütün növ malların təchizatından məhrum edilib. Hətta Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlılarının yük daşımaq imkanı yoxdur, çünki Laçın dəhlizi tamamilə bağlanıb”, - Paşinyan bildirib.

Paşinyan Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağda olduğunu da inkar etməyə başlayıb, baxmayaraq ki, bir neçə gün öncə erməni tərəfi Qarabağda hərbi toqquşmalar  öldürülən iki hərbçinin cəsədlərinin Ermənistana aparılmasına icazə verilməsini xahiş edib. Ermənistanın baş naziri Azərbaycanı “Dağlıq Qarabağ ermənilərinə qarşı etnik təmizləmədə və soyqırımda” ittiham edib.

O, həmçinin Azərbaycanın “Fransaya qarşı genişmiqyaslı təbliğat aparmasından” gileylənib.

Eyni zamanda Paşinyan Ermənistanın Zəngəzur dəhlizini açmaq istəmədiyini nümayiş etdirməyib. “Ermənistan heç vaxt heç bir yerdə, nə yazılı, nə də şifahi şəkildə dəhliz öhdəlikləri götürməyib və heç vaxt belə şərhləri qəbul etməyəcək. Regional kommunikasiyaların ölkələrin yurisdiksiyası və suverenliyi altında açılmasına gəlincə, Ermənistan buna hazır olduğunu dəfələrlə təkrarlayıb”, - Paşinyan deyib.

Bundan əlavə, o, Azərbaycanı “Ermənistanın blokadası üzrə 30 illik siyasətini davam etdirərək yenə yol verməmək” istəməməkdə ittiham edib. Görünür, Ermənistanın baş naziri unudub ki, bu 30 il ərzində Ermənistan Azərbaycanın ərazilərini işğal edib və Naxçıvana gedən yolları indiyədək bağlı saxlayır.

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçiriləcək görüşə toxunan Paşinyan bildirib ki, “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil”. “Ümid edirəm ki, Vaşinqtonda qeydə alınan müsbət şeylər qarşıdakı görüş zamanı predmetli olacaq”, - Paşinyan deyib.

“Turan” agentliyi yazır ki, Paşinyanın öz ritorikasını sərtləşdirməsindən belə çıxır ki, erməni tərəfi Azərbaycanla danışıqlarda əvvəlki razılaşmaları pozmaq qərarına gəlib.

Qeyd edək ki, Paşinyanın bəyanatı onun Rusiya Prezidenti Vladimir Putinlə iyulun 5-dəki telefon danışığından sonra səslənib. 

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaya biləcəyindən narahatdır”.

 Bunu politoloq Elxan Şahinoğlu Ermənistan və Rusiya liderlərinin telefon danışığını şərh edərkən deyib: “Kremldən yayılan açıqlamada telefon danışığının Nikol Paşinyanın təşəbbüsü ilə gerçəkləşdiyi bildirilib. Paşinyanın narahatlığı bölgədə gərginliyin artması ilə bağlıdır. Paşinyan Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaya biləcəyindən narahatdır. Onun Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur”.

“Qarabağ separatçıları əvvəlkitək Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edirlər. Bu təxribatın sadə səbəbi var. Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa, hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetirir”, - politoloq vurğulayıb.

Orxan ƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR