İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan COP29-a görə Bakıya gələndə... - SİRRLƏR AÇILIR

1251 25.07.2024 08:13 Siyasət A A

Noyabrda Azərbaycan paytaxtında çərçivə sazişi imzalana bilər; Ermənistanın baş nazirinin tədbirdə iştirak etməsini kimlər istəmir?; İrəvana qayıdanda təyyarəsində onlar... - ekspertlərin təhlili

Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə açıqlamasında Muxtar Babayevin (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərdiyini bildirib. 

Azərbaycan dövləti beynəlxalq miqyasda mühüm tədbir keçirmək üçün səlahiyyət alıb və bu səlahiyyəti yerinə yetirmək məqsədilə ölkəmiz BMT-yə üzv olan bütün dövlətlərin hökumətlərinə, o cümlədən Ermənistana rəsmi dəvət göndərib. 

Qeyd edək ki, münaqişə illərində Azərbaycan dövlətinin nümayəndə heyəti dəfələrlə Ermənistana gedib, Ermənistanın da nümayəndə heyətləri Bakıya gəlib. Eyni zamanda ictimai təşkilatların nümayəndələri Bakıya və Ermənistana qarşılıqlı səfərlər ediblər. Yəni COP29 Azərbaycan və Ermənistan nümayəndə heyətlərini görüşdürəcək ilk tədbir deyil. 

“Hraparak”ın məlumatına görə, Paşinyan keçirəcəyi mətbuat konfransında noyabrda Bakıda keçiriləcək COP29 sammitində Azərbaycanın Ermənistanın iştirakına dair dəvəti barədə danışacaq.

Bu barədə qəzetə Ermənistan hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. “Biz hökumətə yazılı sorğu göndərərək, Ermənistan tərəfinin Azərbaycandan dəvəti nə vaxt aldığını və baş nazir aparatının bu dəvətə necə reaksiya verdiyini bildirməyi xahiş etdik. Maraqlanırdıq ki, baş nazir Bakıya gedəcək və COP29 sammitində iştirak edəcəkmi?”, - “Hraparak” yazıb. “Baş nazir Nikol Paşinyan sizin qeyd etdiyiniz məsələlərə məzuniyyətdən sonra avqustda keçiriləcək mətbuat konfransında aydınlıq gətirəcək”, - deyə hökumətdən qəzetə cavab veriblər. 

Ermənistanın rəsmi dəvəti qəbul edib-etməyəcəyi haqda bilgi yoxdur, amma bu məsələ ətrafında erməni mediasında artıq xeyli spekulyasiyalar, sensasion iddialar səslənməyə başlayıb. 

“AzadlıqRadiosu”nun erməni xidmətinin iddiasına görə, hakimiyyətə yaxın politoloq Areq Koçinyan bu yaxınlarda Paşinyanın COP29-da iştirak etmək üçün noyabrda Bakıya səfəri ilə bağlı proqnozunu bölüşüb. Onun dediyinə görə, səfər zamanı Paşinyanla müəyyən sənəd imzalanacaq: “Bu imzalanmanın iqlim hadisəsi çərçivəsində baş tutacağını istisna etmirəm, bir şərtlə ki, Paşinyan İrəvana qayıdarkən Azərbaycanda əsirlikdə olan  bütün erməniləri özü ilə gətirsin”. 

Yerkramas.org saytı isə iddia edir ki, “Prezident Əliyev gələcək sazişin prinsipləri ilə bağlı ilkin sənəd imzalamaq təklifi verib”: “Əliyevin müşaviri Elçin Əmirbəyov da 198 ölkənin nümayəndələrinin qatılacağı sözügedən iqlim sammiti çərçivəsində müəyyən sənədin imzalanacağını istisna etməyib”, - deyə xəbərdə bildirilir. 

Çərçivə sazişi Bakıda imzalana, Azərbaycanda həbsdə olan ermənilər İrəvana qaytarıla bilərmi?

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov Azərbaycanın Ermənistanı COP29-a dəvət etməni təbii sayır: “Cənab İlham Əliyev bir daha göstərməkdədir ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları, o cümlədən Ermənistanla sülh, əmin-amanlıq şəraitində yaşamaq və fəaliyyət göstərmək niyyətində səmimidir. Ermənistanın 30 il davam etmiş işğal və təcavüzünə son qoyulmasından, Azərbaycanın suveren haqlarını bərpa etməsindən sonra məhz möhtərəm cənab Prezidentin təşəbbüsü ilə başlanan sülh danışıqları və əldə edilən nəticələr də bir daha sübut edir ki, Azərbaycan bölgədə gərginlik arzulamır. Biz əməkdaşlıq mühiti və beynəlxalq hüququn aliliyinin dövlətlərarası münasibətlərdə əsas element kimi mövcudluğunu arzu edirik. Bildiyiniz kimi, COP29 çərçivəsində artıq Azərbaycan və Ermənistan arasında ötən ilin dekabrında xoş niyyət ifadəsi təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş Nazirinin Aparatının ötən il dekabrın 7-də yaydığı bəyanatla əldə olunan əsas razılıq istiqamətlərindən biri məhz COP29-u əhatələyirdi. Tərəflər xoş niyyətin təzahürü olaraq ciddi iradə ifadə etmiş, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycan Respublikasının namizədliyini dəstəkləmişdi. O cümlədən Azərbaycan Respublikası xoş niyyətin təzahürü olaraq Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə öz dəstəyini vermişdi. Belə olan təqdirdə Azərbaycan Respublikasının Ermənistanı COP29-da iştirak üçün dəvət etməsi çox təbiidir. Bildiyiniz kimi, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, separatizmə son qoyması fonunda Bakı və İrəvan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində heç bir faktiki əngəl qalmamış, faktiki olaraq sülh üçün tarixin heç bir dövründə olmadığı qədər unikal imkan və münbit şərait formalaşmışdı. Bu çərçivədə Azərbaycan və Ermənistan arasında rəsmi Bakının beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə əsasən formalaşdırdığı şərtlərin müzakirəsi istiqamətində ciddi irəliləyiş əldə olunmuş, habelə Azərbaycan Prezidentinin haqlı olaraq müəyyən etdiyi direktivlər əsasında sülh danışıqları ilə sərhədlərin delimitasiya və demarkasiyası prosesi ayrılmış, vasitəçisiz təmaslarla indiyədək müşahidə edilməyən ciddi uğurlara nail olunmuşdu. Lakin regionda münaqişəyə özünün maraqlarının təmini üsulu kimi baxan Qərb imperializmi bu prosesdən razı görünmür və son zamanlar Ermənistanın yenidən silahlandırılması, o cümlədən Ermənistanda mövcud revanşist kəsimə açıq dəstəyin verilməsi Qərbin bu bölgədə sülh və sabitlik qarşısında əngəl kimi çıxış etdiyini göstərir. Bir neçə gün öncə Böyük Britaniyada Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmaması, daha dəqiq desək, Qərb imperializminin təsiri altında Paşinyanın həmin görüşdən imtina etməsi isə möhtərəm cənab Prezidentin Şuşa Qlobal Media Forumunda da ifadə etdiyi kimi, əvvəlki nikbinliyi xeyli azaldıb. Görünən odur ki, Amerika Birləşmiş Ştatları, Fransa və Avropa İttifaqının təhrikedici mövqeyi və verdiyi heç bir perspektivə malik olmayan vədlər Ermənistanı yenidən yolundan azdırıb. Azərbaycanın hər bir platformaya yekun sülh müqaviləsi üçün şans kimi baxdığı, regionda sülh və sabitlik üçün ciddi təşəbbüslər göstərdiyi bir vaxtda Ermənistanın bu mövqeyi, təbii ki, qəbuledilməzdir”.

Deputat siyasi və iqtisadi cəhətdən tam müstəqil olmadığı üçün Ermənistanın bu tədbirdə iştirak etməsinə imkan verilməyəcəyini düşünür: “Bu mənada, indidən ehtimal irəli sürmək olar ki, Qərb ya Ermənistanı bütövlükdə COP29-da iştirak etməyə qoymayacaq, yaxud İrəvan tədbirdə təmsil olunsa belə, Qərb Ermənistan rəhbərliyinin COP29 münasibətilə Bakıya səfərinə icazə verməyəcək. Ermənistanın siyasi və iqtisadi cəhətdən müstəqil olmaması, o cümlədən suveren xarici siyasət kursu həyata keçirməməsi, həmçinin mövcud erməni iqtidarının marionetlərdən ibarət olması fonunda əminliklə demək olar ki, Qərb bu istiqamətdə Ermənistanın hərəkət kursunu tam şəkildə ələ ala biləcək. Lakin Ermənistan rəhbərliyi və erməni xalqı başa düşməlidir ki, regionda region dövlətləri, xüsusən bu bölgədə yeni geosiyasi konfiqurasiya formalaşdırmış Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün tarixi şansdır. O cümlədən Azərbaycanın Ermənistanı COP29-a dəvət etməsi Ermənistan və Azərbaycan arasında dayanıqlı sülh üçün mühüm bir mərhələ rolunu oynaya bilər və Ermənistan əgər bu fürsəti qaçırarsa, tarixinin ən böyük səhvlərindən birini etmiş olacaq. Əlbəttə, Azərbaycan üçün Ermənistanın COP29-da iştirak edib-etməməsi prioritet məsələ deyil, lakin biz sülh-əməkdaşlıq mühiti arzuladığımız üçün İrəvanın ən yüksək səviyyədə Bakıdakı tədbirdə iştirakını məqsədəmüvafiq hesab edirik. Bu, cənab İlham Əliyevin Ermənistana verdiyi növbəti şansdır və əgər Ermənistan "fail state" statusundan qurtulmaq, dalandan birdəfəlik çıxmaq və real müstəqilliyə doğru nəticələr əldə etmək istəyirsə, bu şansdan yararlanmalı və COP29-da iştiraka Azərbaycanla yekun sülh müqaviləsi istiqamətində tarixi imkan kimi baxmalıdır".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli isə qeyd etdi ki, Paşinyanın Bakıda keçiriləcək COP29-da iştirakı ilə bağlı iddialar erməni mediasında mütəmadi səslənir: “Bu yaxınlarda Paşinyan tərəfi bu cür iddiaları təkzib etmişdi. İndi yenidən səslənməyə başlayıb. Düzdür, yenidən səslənməyə səbəbi də Bakının dəvəti oldu. Yuxarıda qeyd edildiyi kimi, Bakıya və İrəvana hər iki tərəfin səfəri olub, amma bu cür səfərlər üst rəsmi səviyyədə olmayıb. İndi isə məhz üst səviyyədə səfər gözlənilir. Bu haqda yaxınlarda media orqanlarımızın birinə fikir bildirəndə hətta Paşinyanın iştirak edə biləcəyini də səsləndirmişdim. Düzdür, verdiyim müsahibə anında rəsmi Bakı erməni tərəfə dəvət göndərməmişdi. Bildirmişdim ki, dünyadakı müasir siyasət çox sürətlə hadisələri bəlirləyir. Fikrimcə, Ermənistan baş naziri, xarici işlər naziri və yaxud da parlament spikeri Bakıda keçiriləcək COP29 tədbirində iştirak edə bilər. Ermənistan parlamentinin spikeri, Azərbaycan Milli Məclisinin sədri haqqında xoş sözlər də söyləmiş və görüşlərinin səmərəli keçdiyini bildirmişdi. Ən yüksək səviyyədə Ermənistan heyəti Azərbaycana səfər etsə, bu həqiqətən də tarixi bir səfər olardı və tərəflərin sülhə doğru atılan mühüm bir addımı kimi qiymətləndirilirə bilər. Bütün bunların BMT çərçivəsində olması da simvolik bir məzmun özündə daşıyacaqdı. Unutmayaq ki, COP29 BMT çətiri altında keçiriləcək bir irimiqyaslı tədbirdir. Bununla BMT son illər dünyada itirilmiş nüfuzunu bir az da olsa bərpa edə bilər. Paşinyanın Bakıya səfəri baş tutsa, burada hansı razılaşmalar əldə olunsa və bundan sonra bu razılaşmaların Ermənistan və Azərbaycanda necə əks-səda doğuracağı, bütün bunlara da gedişatın davamı kimi diqqət edilməlidir. O ki qaldı əsirlərin qaytarılmasına, bu baş verə bilər, amma separatçı liderlərin təhvil verilməsini düşünmürəm. Çünki nə Bakı buna gedər, nə də, göründüyü kimi, İrəvanın, necə deyərlər, o qədər də bunlardan ötrü gözü atmır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR