İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya sədri İranda SEPAH-ın onlara təkliflərindən danışdı - məhkəmə işi

1559 13.10.2022 16:56 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun mühakiməsi davam edir.

Oktyabrın 13-də məhkəmədə şahid qismində Azərbaycan İslam Partiyasının sabiq sədri Elçin Manafov ifadə verib. O deyib ki, Səbuhi Səlimovu 2000-ci illərin əvvəlində namaza o dəvət edib. 2011-ci ildə partiyanın sədri Mövsüm Səmədov həbs olunanda sədrlik birinci müavin Elçin Manafova keçib. O da Səbuhi Səlimovu özünə sürücü götürüb. Bir neçə il əvvəl Səbuhi Səlimov ürək əməliyyatına görə İrana gedəndə Elçin Manafov ona Ərdəbilin imamı Həsən Amilinin nömrəsini verib, deyib ki, xəstəxana xərclərinə “sponsorluq” edəcəklər. İranda Həsən Amili ilə görüşən Səbuhi Səlimov onun vasitəsi ilə SEPAH rəhbərlərindən olan ağayi Cabbarla da görüşüb. (İttihama görə, Səbuhi Səlimov həmin vaxt və sonralar SEPAH rəhbərlərindən təlimatlar alıb).

Elçin Manafov ifadəsindən sonra hakimin, prokurorun və vəkilin suallarını cavablandırıb.

Hakim:

- Agayi Cabbar kimdir?

İslam Partiyasının sədri:

- SEPAH rəhbərlərindəndir. İrana gedəndə rastlaşmışıq, deyib, bizimlə əməkdaşlıq edin.

Hakim: - Səbuhi Səlimov İranda olanda onunla görüşüb?

İslam Partiyasının sədri: - Mən hardan bilim, yanlarında olmamışam axı…

Elçin Manafov hakimin suallarına cavab olaraq deyib ki, Azərbaycandan İrana islam tədbirlərinə gedənlərə SEPAH tərəfindən əməkdaşlıq təklifləri olub. İrandakı “dostlar” Azərbaycandan gedənlərə müxtəlif cür köməkliklər ediblər.

Hakim: - Seyid Həsən Amili kimdir?

Şahid: - Ərdəbilin imamı... Səbuhi ürək əməliyyatına gedirdi, vasitəçilik elədim. Dedim, get, İranda yaxın adamlar var, əməliyyata maddi köməklik edəcəklər.

Hakim: - İrandakı adamlar niyə kömək etməli idilər? Borcları idi?

Şahid: - Partiyaya köməklik edirdilər, mən də dedim, belə səxavətlisiniz, buna da kömək edin, əməliyyat olunsun.

Hakim: - İstintaq vaxtı sizə telefon danışıqlarına qulaq asdırdılar?

Şahid: - Bəli. O danışıqlarda əhəmiyyətli heç nə yox idi ki... Səbuhi mənə başına gələnləri danışıb, mən də demişəm ki, boş ver, onlar hamıya belə təklif edirlər, fikir vermə.

Hakim: - Hardan bilirsiz ki, hamıya belə təkliflər edirlər?

Şahid: - İrana gedənlər deyirdi ki, oteldə qalanda gəlib təklif edirlər, mən də deyirdim, əhəmiyyət verməyin.

Hakim: - Bilirsənsə İranda sənə nəsə təklif olunacaq, nə vacibdir ora getmək? Sənin İrandan nə asılılığın var?

Şahid: - İslam tədbirləri olurdu, çağırırdılar, gedirdik.

Hakim: - Dediniz ki, sizə dəstək olurdular, kim, necə dəstək olurdu?

Şahid: - SEPAH… Hamı bilir, əvvəllər partiyaya çox gizli müraciətlər ediblər ki, maddi köməklik edək.

Hakim: - Siz nə edirdiz?

Şahid: - Məsələn, Fransada Quranı yandırmışdılar, bizə deyirdilər ki, aktiv olun, çıxın etirazınızı bildirin…

Hakim: - Quranın yandırılmasına elə hamı etiraz edir də, buna görə mütləq İrana getmək, o adamlarla görüşmək, məsləhətləşmək lazım idi?

Elçin Manafov sualları cavablandırarkən vurğulayıb ki, İrana hansısa tədbirə gedəndə SEPAH-a bağlı şəxslər onların yol xərclərini ödəyiblər, İranda qaldıqları günlərdə maşın xidməti göstəriblər.

Səbuhi Səlimov isə Elçin Manafovun cavablarına əsəbiləşib: “Kömək eləmədilər, əməliyyat olunmadım, elə ancaq danışdılar, mən onların əlindən qaçdım ordan… Dedim, mən gedirəm, nə vaxt kömək etmək imkanınız olsa, xəbər edərsiz, gələrəm, əməliyyat olunaram. Çıxdım gəldim evimə, bir il keçdi, onlardan səs çıxmadı, mən də özüm pul topladım, getdim, əməliyyat olundum”.

Prokuror Elçin Manafova Səbuhi Səlimovun İsrail, Ermənistan və ABŞ bayraqlaını yandıraraq videogörüntüsünü SEPAH-a göndərməsiylə bağlı sual verib. Şahid sualı belə cavablandırıb: “O görüntünü onlara göndərməkdə Səbuhinin məqsədi o idi ki, yəni təkcə İsrailin yox, Ermənistanla ABŞ-ın da bayrağını yandırmaq lazımdır. Yəni siz də belə eləyin”.

Elçin Manafovla sorğu-sual bitəndən sonra hakim növbəti məhkəmə iclasında şahid qismində Mehman Rzayevin dindiriləcəyini elan edib. Bu şəxs iki il əvvəl Azərbaycan İslam Partiyasının sədr əvəzi olmuş ilahiyyatçı İlham Əliyevlə bərabər DTX tərəfindən həbs olunaraq dövlətə xəyanətdə ittiham edilib. Ötən ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Əliyev 16, Mehman Rzayev isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar həm də yaxın qohumdular. Mehman Rzayev hazırda 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Yeri gəlmişkən, oktyabrın 11-də Ali Məhkəmə İlham Əliyevin əvvəlki məhkəmələrin hökmlərindən verdiyi kassasiya şikayətinə baxıb və təmin etməyib.

Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaranda təsis edilib. 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın qurucularından olan Hacı Kəblağa 1998-ci ildə, Partiya sədrinin müavini Hacı Vaqif Abdullayev isə 2012-ci ildə həbsxanada vəfat edib. 2007-ci ildə Partiyanın sədri seçilmiş Mövsüm Səmədov 2011-ci ildə 11 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etməyib, siyasi baxışlarına görə sifarişlə həbs olunduğunu bildirir.

E.Məmmədəliyev,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR